Onların da sevinməyə haqqı var

0
221

Müqəddəs Qurban bayramı ərəfəsində Mingəçevir şəhər icra hakimiyyəti valideyn himayəsindən məhrum, qəyyumluqda olan və fiziki sağlamlıqları məhdud uşaqlar üçün bədii-əyləncəli gecə təşkil edib. Müxtəlif nağıl qəhrəmanları, rəqs qrupları, Uşaq Yaradıcılıq Mərkəzinin və Mingəçevir Dövlət Dram Teatrının kollektivləri balacalara unudulmaz anlar yaşadıblar.

Bu balaca fidanların üzlərindəki sevinc hissi, doğrudan da, ürəkaçandır. Onlar doğma ata-ana himayəsindən məhrum olsalar da, bəziləri taleyin sınağına çəkilsə də, yaşamaq, təhsil almaq, cəmiyyətə inteqrasiya olunmaq  həvəsindədirlər. Niyə də olmasınlar… Axı dövlətimiz hər an onların yanındadır. Sözügedən kateqoriyadan olan uşaqların sağlam böyümələri, vətəndaş kimi formalaşmaları daim diqqət mərkəzində saxlanılır. Uşaq evlərində, sanatoriyalarda, təhsil ocaqlarında onlara hər cür qayğı göstərilir.

 

Bu gün isə valideyn himayəsindən məhrum, qəyyumluqda olan və fiziki qüsurlu uşaqların üzü  Mingəçevir şəhər icra hakimiyyətinin müqəddəs Qurban bayramı münasibətilə təşkil etdiyi bədii-əyləncəli bayram şənliyində gülür. Xoş münasibət, səmimi ünsiyyət, rəngarəng çıxışlar bu uşaqların könlünə məlhəm çəkir. Onlara ən xoş arzularını bildirən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə rəhbərinin, o cümlədən Heydər Əliyev Fondunun yeni nəslin fiziki və mənəvi inkişafına göstərdikləri davamlı qayğıdan danışıb. Qurban bayramının müqəddəsliyindən, insanlarda mərhəmət, yaxşılıq hisslərini  yaratmasından danışan şəhər rəhbəri xalqımızın digər adət-ənənələrinin zənginliyinə də toxunub.

 

Milli mətbəxtimizin zəngin təamları ilə bəzədilmiş bayram süfrəsi ətrafında müxtəlif nağıl qəhrəmanları, rəqs qrupları, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri, Mingəçevir Dövlət Dram Teatrının kollektivi və musiqiçilər maraqlı çıxışları ilə şənliyi daha da yaddaqalan ediblər. Qurbay bayramının fəziləti saf ürıklərə,körpə beyinlərə bir daha həkk olundu.

Esmira Hidayətova, Mingəçevir