Şəkidə ilk dəfə beynəlxalq ənənəvi şirniyyat festivalı keçirildi

0
367

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirildi.
XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları şirniyyat məhsulları nümayiş etdirildi.
Festivalın rəsmi açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Şəkidə müxtəlif xarakterli festivalların keçirilməsinin artıq ənənə şəklini aldığını bildirdi. Qeyd olundu ki, bir neçə gün əvvəl Şəki öz qapılarını yenidən böyük sevgi ilə ənənəvi olaraq artıq beşinci dəfə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açmışdı. Belə bir şirniyyat festivalının da məhz Şəkidə keçirilməsi çox sevindiricidir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirdi ki, festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsi heç də təsadüfü deyildir. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın milli mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdikləri təcrübə, vərdiş, bilik və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb. Qeyd olundu ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Diqqətə çatdırıldı ki, Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki təkcə özünün ipəyi ilə deyil, eyni zamanda, halvası ilə də bütün dünyada məşhurdur.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirdi kii, artıq 4 ildir iyulun 20-si dünya miqyasında Beynəlxalq Şirniyyat Günü kimi qeyd olunur. İlk dəfə 2011-ci ildə bir çox ölkələrdə keçirilən bu bayram xalqlar və insanlar arasında dostluğu və sülhü təbliğ edir.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış oldular. Burada sərgilənən iştirakçı ölkələrin mətbəxlərinə aid şirniyyat məhsulları, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları şirin xörəklər (firni, xəşil, şirin plov, südlü sıyıq), unlu qənnadı məmulatları (paxlava, fəsəlli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlar (noğul, qoz halvası, səməni halvası) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. İştirakçı ölkələrin, eləcə də Azərbaycanı təmsil edən şirniyyat ustalarının öz məhsullarını milli paltarda təqdim etmələri, sərgi yerlərinə bölgələrimizə məxsus olan məişət əşyalarının, həsir və xalçaların düzülməsi hamıda xoş əhval-ruhiyyə yaratdı.
Qırğızıstan Aşbazlar Assosiasiyasının sədri Şuhrat Şaripovun sədrlik etdiyi 17 nəfərdən ibarət münsiflər heyətinin tərkibinə Monqolustan Aşbazlar Assosiasiyasının sədri Jançiv Oktyabri, MDB ərazisində məşhur olan mətbəx kitablarının müəllifi, dünya şöhrətli kulinar Stalik Xankişiyev, Gürcüstan Aşbazlar Gildiyasının prezidenti Vladimir Mjvanadze, Koreya Aşbazlar Assosiasiyasının üzvü, baş aşbaz Kim Li və başqaları daxil idilər.
Xeyli davam edən müzakirələrdən sonra münsiflər heyətinin yekdil rəyi ilə Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görüldülər. İkinci yerə Şamaxı rayonunun, Naftalan şəhərinin, həmçinin Türkiyə və Gürcüstanın kulinarları çıxdılar. Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gəlmiş şirniyyatçılar üçüncü yeri yeri tutaraq festivalın bürünc medallarına layiq görüldülər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here