Sən artıq o deyilsən…

0
176

Bütün günü iş yeri axtarandan sonra axşamüstü özümü parka verib bir qədər dincəlmək fikrinə düşdüm. Parkdakı ağacların kölgəsindəki skameykaların heç birində boş yer olmadığı üçün salam verib yaşlı bir adamın yanında oturdum. 5-6 dəqiqədən sonra yanımdakı qoca: “Bala, hava bu gün də yaman istidir, adamı lap yandırıb-yaxır”, – deyib söhbətimizə körpü saldı. Və əlavə etdi: “Bu texnika da – evdəki kondisioneri deyirəm e…. bu istini ram etməkdə acizdir. Vallah, kim nə deyir desin, ağacın kölgəsindən yaxşı kondisioner yoxdur”. Dilxor olduğum üçün qocanın dediklərinə yalnız başımı tərpətməklə reaksiya verdim.

Qoca bu sözlərindən sonra ətrafa diqqətlə boylandı. Dərindən ah çəkdi. Bayaqdan bəri başlarını qaldırmadan telefonla oynayanları göstərərək dedi:

– Vallah-billah, bu telefon da bir bəla olub… Hər kəsin əlində telefon var… Artıq ondan bir oyuncaq kimi istifadə olunmaqdadır. İş o yerə çatıb ki, indi analar da körpələrini andıra qalmış bu “oyuncaq”la kiridirlər. Bir sözlə, bu telefon məişətimizə elə daxil olub ki…

Yenə də başımı tərpətdim. Qoca bu dəfə əsəbi halda:

– Bala, məgər sənin dilin yoxdur? Elə nə deyirəm başını tərpədirsən? Çalış, başını dil kimi işlətmə… Hə, onu deyirdim axı… Telefona elə aludə olanlar var ki… onların da sayı minlərlədir. Onlar telefonla oynayandan, şair demişkən, barmağını kəssən belə xəbərləri olmaz… Bununla, eləcə də sənin başını tərpətməyinlə bağlı baş vermiş maraqlı bir əhvalat yadıma düşdü. Özüm şahidi olmuşam bu əhvalatın…

Maraqlı əhvalat sözünü eşidən kimi dilləndim:

– Danış, danış…

Qoca sevincək halda: “Axır ki sənin dilini aça bildim”, – deyərək söhbətini davam etdirdi. – Deməli belə, bu günlərdə marşrut avtobusu ilə Bakı kəndlərindən birinə gedirdim. Avtobusun salonunda xeyli sərnişin var idi. Növbəti dayanacaqda salona daxil olan məndən də yaşlı kişi oturacaqlarda oturmuş gəncləri nəzərdən keçirə-keçirə bir gəncin əyləşdiyi oturacağın yanında dayandı. Elə zənn etdim ki, bayaqdan bəri telefonla oynayan həmin gənc ədəb-ərkanla ayağa durub qocaya yer göstərəcək. Lakin gənc başını belə qaldırmadı, yəni öz işində idi – telefonla oynamaqda davam edirdi. Digər gənclər də yerlərindən tərpənmədilər. Mən bu mənzərəni bir neçə dəqiqə izlədikdən sonra ayağa durub həmin qocaya öz yerimi təklif etdim. Qoca başı ilə etiraz etdi. Bir müddət qocaya fikir verdim. Qoca gözünü ayırmadan həmin gənci diqqətlə süzməkdə idi. Onun nədənsə əsəbləşdiyini də hiss etməmək mümkün deyildi. Dözmədim, bayaqdan bəri uzun yolu ayaqüstə gedən qocaya yenidən yerimi təklif etdim. O bu dəfə də başı ilə “sağ ol” dedi.

… Avtobus kəndə çatana yaxın qoca əlindəki əsa ilə həmin gəncin ayağından astaca vurdu. Gənc başını qaldırıb: “Baba, bu, sənsən?” deyəndə qoca onun əlindəki telefonu hirslə alıb ayağının altına saldı və astaca dedi: “Bu texnika ona görə kəşf olunmayıb ki, nəvə babasına, oğul atasına, qız anasına… qarşı hörmətsizlik etsin. Ona görə kəşf olunub ki, insan ondan normal şəkildə bəhrələnsin. Bala, sən ondan bəhrələnə bilmədin. Bu telefon səni səndən alıb… Sən artıq o deyilsən… Ona görə də səni belə cəzalandırdım. Bəlkə indən belə ağlın başına gələ”.

… Yanımda oturmuş həmin yaşlı adama bu maraqlı hekayətə görə təşəkkür etdim. Təbii ki, başımla yox, dilimlə.

Qvami Məhəbbətoğlu