Xoşbəxtliyin sirri nədədir?

0
753
“Xoşbəxtliyin sirri nədədir?” hər bir insan bu sualın cavabını tapmağa çalışır. 
Bəziləri bunu pulda, bəziləri isə sevgidə görür. Amerikalı alimlər isə daha da irəli gedərək bu sualın cavabını elmi təcrübə yolu ilə tapmaq istəyiblər. Belə ki, Harvard Universitetinin elm adamları dünyanın ən uzun psixoloji testini tətbiq etməklə xoşbəxt olmağın sirlərini açmağa çalışıblar. 1938-ci ildə universitetin məzunları arasından təcrübə üçün həm fiziki, həm də əqli cəhətdən sağlam 268 nəfər seçilib. 1940-45-cı illərdə bu qrupa Boston şəhərindən daha 456 nəfər daxil edilib. 724 nəfərdən ibarət təcrübə qrupu 75 il ərzində psixoloji, antropoloji və fizioloji bir çox testdən keçirilib.

2012-ci ildə araşdırmanın son 35 ilinə rəhbərlik edən Corc Valiant təcrübənin nəticələrini bir kitab şəklində nəşr etdirib. Həmin nəticələri qısa şəkildə sizə təqdim edirik:

 

I nəticə: Spirtli içkilər insan həyatı üçün çox böyük dağıdıcı rol oynayır.

a) Alkoqolizm təcrübədə iştirak edənlərin bir çoxunun boşanmasına səbəb olub.

b) Spirtli içki qəbul edən təcrübə iştirakçıları sinir xəstəliklərindən və depressiyadan əziyyət çəkib.

c) Siqaret ilə spirtli içki istifadə edənlərin bir çoxu erkən yaşda xəstələnərək vəfat edib.

 

II nəticə: Maddi uğurun əldə olunması birbaşa insanlar arasındakı səmimiyyətlə əlaqədardır. Bunun üçün üstün zəkaya sahib olmaq lazım deyil.

a) Aparılan hesablamalara görə, insanlarla yaxşı münasibətləri olan təcrübə iştirakçıları ildə təxminən 141 min dollar daha çox qazanc əldə edib.

b) İştirakçılardan İQ-ləri (intellekt əmsalı) 110-115 olanların qazancları ilə, İQ-ləri 150-dən çox olanların gəlirləri arasında nəzərə çarpacaq bir fərq müşahidə olunmayıb.

 

III nəticə: Uşaqlıq dövründə anası ilə xoş münasibəti olan təcrübə iştirakçıları yetkin yaşa çatdıqda daha çox uğur əldə edib.

a) Bu qrup təcrübə iştirakçıları digərlərindən təxminən 87 min dollar çox pul qazanıblar.

b) Anaları ilə xoş münasibətdə olmayanların əksəriyyəti yaşlaşanda ağlını itirib.

 

IV nəticə: Atası ilə yaxın münasibəti olan təcrübə iştirakçıları:

– həyatları boyunca daha az qorxu və qayğı yaşayıblar;

– tətillərdən daha çox zövq alıblar;

– 75 yaşına çatdıqda özlərini həyatdan tam razı sayıblar.

 

Elm  adamlarının yekun rəyinə görə, xoşbəxtliyin sirri sevgidədir. İnsanlar arasındakı xoş münasibət onların ömürlərinin sonuna kimi xoşbəxt olmalarında əsas rol oynayır.

Maraqlı bir faktı da nəzərinizə çatdıraq ki, həmin 724 nəfər arasından daha sonralar bir ABŞ Prezidenti və dörd senator çıxıb. 1961-ci ildə sui-qəsd nəticəsində öldürülən 35 yaşlı dövlət başçısı Con Kennedi Harvard Universitetindən məzun olduqdan sonra könüllü olaraq sözügedən təcrübəyə qoşulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here