Aslan və Sonqulu

0
141

(S. Rüstəmin “Ana və poçtalyon”u əsasında)

Dörd il vardı, Aslanın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, bir iş dərdiydi dərdi.
Sorurdu: – “CV verdim?” – Bəs niyə yoxdur cavab?
Görən bəs nə vaxtadək çəkəcəyəm mən əzab?
Yerəmi batdı CV-im, göyəmi çıxdı CV-im?
Bəlkə düz yazmamışam, bəlkə olubdur səhvim?!
El bilir, uşaqlıqdan kəmsavad olmamışam.
Oxumaqdan kimsədən, mən geri qalmamışam.
…Baş qoşmayıb yenə də hər sözə, hər söhbətə,
Gündə on-on beş dəfə girirdi internetə,
Dikilirdi Aslanın gözləri bir nöqtəyə.
Sevinirdi: – “CV-dən bəlkə xəbər var!” – deyə.
Dörd il vardı, Aslanın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, bir iş dərdiydi dərdi.

Tanımayan tapılmaz məhlədə Sonqulunu
Hamı “istərdi” onu, hamı “sevərdi” onu.
Neçəsinə arayıb tapmış idi iş yeri –
Sevincə qərq etmişdi Əlövsəti, Xeybəri…
Aslan ilə arası çox dəymişdi vaxtilə,
İndi bir iş tapmayan Aslan gələrək dilə,
Söylədi Sonquluya: “Gözləməkdən bezmişəm,
Göndərdiyim on-on beş CV-dən əl üzmüşəm.
Məndən sonra neçəsi olubdu iş sahibi
Mən isə dolaşıram hələ də səfil kimi…
Bilirəm, əl tutmusan Əlövsətə, Xeybərə
Sayəndə yerləşibdir hərəsi də bir yerə.
Yalvarıram mən sənə: məndən filan qədəri
Götür, başına dönüm, tap mənə də iş yeri”.
Sonqulu söz demədi, dilsiz dayanıb uydu,
Aslanın verdiyini sayıb cibinə qoydu.

“Bir gün küçə qapısı açıldı çox sürətlə,
Qonşular çıxdı evdən təəccüblə, heyrətlə”.
Gördülər ki, Sonqulu yenə də xürrəm gəlir,
Elə bil caynağında qartal ov tutub gəlir.
Alaraq bir qırpımda Sonqulunu dövrəyə,
Onu dinləmək üçün dayandılar növbəyə.
Zilləyib gözlərini Aslanın gözlərinə,
Sonqulu qanad taxdı öz şirin sözlərinə:
“Düz dörd il CV-sindən cavab gözləyən
“Mən pul-parasız işə düzələcəyəm! – deyən
O sadəlövh Aslana artıq tapdım iş yeri
Əsas rolu oynadı rüşvət tək verdikləri…
Hamı bir səslə dedi: “Gözlərin aydın, Aslan!
Daha bu gündən bəri gəl sən olma pərişan!
Aslan gözləri yaşlı, ətir saçdı dilindən,
Tez öpdü Sonqulunun rüşvət alan əlindən…

Qvami Məhəbbətoğlu