Hüsnan Bey Fanani: “Məcburi köçkünlərlə görüş məni elə kövrəltdi ki…”

0
359

Xəbər verdiyimiz kimi, İndoneziyanın Azərbaycandakı səlahiyyətli səfiri Hüsnan Bey Fanani müşaviri ilə 4 günlük Mingəçevirə səfər edib. Səfiri əvvəlcə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul edib. Qəbul zamanı səfir diqqətə çatdırıb ki, məqsədimiz Azərbaycanın regionlarını gəzmək və eləcə də Mingəçeviri yaxından tanımaq, fəaliyyət göstərən müəssisə və təhsil ocaqları ilə əməkdaşlığa, İndoneziya və Azərbaycan dövlətlərinin iqtisadi və ticarət sferasında işbirliyinin yüksəlməsinə nail olmaqdır. Səfir əhalisinin sayı 270 milyon olan ölkəsinin ən böyük multikulturalizm dövləti olmasını və burda 800-ə yaxın etnik xalqın yaşadığını nəzərə çatdırıb, eyni zamanda vurğulayıb ki, 17.500 adadan ibarət olan İndoneziya iqtisadi inkişafına görə Çin və Hindistandan sonra 3-cü yerdə qərarlaşıb.

 

Daha sonra cənab səfir Mingəçevirlə yaxından tanış olmaq üçün şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrində və  qaçqın və məcburi köçkünlərin yaşadığı qaçqın şəhərciyində olub.

 

Səfirin Mingəçevirlə bağlı təəssüratlarını öyrənmək məqsədilə ona bir neçə sualla müraciət etdik.

– Artıq 3 gündür Mingəçevirdə səfərdəsiniz, xahiş edirik öz təəssüratlarınızı bizimlə bölüşəsiniz.

– Bəri başdan deyim ki, Mingəçevirə səfərimdən məqsədim şəhərlə daha yaxından tanış olmaq, təmsil etdiyim ölkənin şəhərləri ilə Mingəçevir arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasına kömək etməkdir. Mingəçevirin simasında onu da vurğulayım ki, Azərbaycanın regionlarında xüsusi bir dirçəliş var. Mən bütün bunları götür-qoy edəndən sonra gördüm ki, bizim bu ölkənin regionları ilə də strateji əməkdaşlıq etmək üçün imkanlarımız var. Sözün düzü, Mingəçevirə gələnə qədər buranı belə gözəl, həm də təmiz bir şəhər kimi təsəvvür etmirdim. Amma bura gələndə Mingəçevir öz gözəlliyi, təmizliyi ilə məni valeh etdi. Bu şəhərdə hər şey sanki yüz ölçülüb bir biçilib. Yəni Mingəçevir elə salınıb, elə qurulub ki… Mingəçevirin sənaye müəssisələri də məndə xoş ovqat yaratdı.

– Bəlkə bu barədə bir qədər geniş danışasınız?

– Təbii ki onların hər biri məndə müəyyən fikirlər oyatdı. Məsələn, mən Mən Mingəçevir Balıq zavodunda olarkən körpə nərə balıqlarının inkubasiya və yetişdirmə prosesi ilə tanış oldum. Bildiyiniz kimi, Xəzər dənizində belə balıqların sayı azalmaqdadır. Onların bu şəkildə artırılmasından çox sevindim.

 

– Cənab səfir, əməkdaşlıq çərçivəsində şəhər nümayəndələrinin İndoneziyaya səfəri gözlənilirmi?

– Bəli. Mən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu oktyabr ayında İndoneziyada keçiriləcək sərgiyə dəvət etdim. Yenə deyirəm: məqsədimiz Azərbaycanla, xüsusilə də Mingəçevirlə hansı sahələrdə İndoneziya ilə əməkdaşlıq edə biləcəyini dəqiqləşdirməkdir. Təbii ki, bu sərgi çərçivəsində Azərbaycan məhsullarının reklamı ilə yanaşı, bizim iş adamları ilə də görüşlər təşkil olunacaq. Yeri gəlmişkən, bizim Azərbaycanla əməkdaşlığımız var və bundan sonra da bu əlaqələr daha da genişləndiriləcək.

– Bəlkə, şəhərdə məskunlaşan məcburi köçkünlərlə görüşünüzdən də söz açasınız?

– Bu görüşdə mən onların dərdlərini, həyat həqiqətlərini dinlədim. Sözün düzü, bu görüş məni o qədər kövrəltdi ki…

 

– Cənab səfir, Mingəçevirdən hansı təəssüratlarla ayrılırsınız?

– Çox güman ki, mən gələn həftə bu şəhərə ailəmlə birgə gələcəyəm. Mingəçevirin gözəlliyini, xüsusilə Kür çayının füsünkarlığını bir daha seyr edəcəyəm. Yeri gəlmişkən, sentyabrın 9-10-11 tarixlərində Bakı şəhərindəki Heydər Əliyev Sarayında İndoneziya Mədəniyyəti festivalı təşkil olunacaq. Və sizlərin hər birinizi də həmin tədbirə dəvət edirəm.

 

Esmira Hidayətova, Mingəçevir