Nuri paşa parkının memarlıq planı üzərində işə başlanıb

0
167

Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın adına İstanbulun Bəyoğlu rayonunun Sütlücə səmtində salınacaq parkın memarlıq layihəsi üzərində işlərə başlanılıb.

 

Bu barədə apa-nın Türkiyə bürosuna İstanbul bələdiyyəsindən məlumat  verilib. Layihənin hazırlanması işi ilə bələdiyyənin 4 əməkdaşı məşğul olur.

 

“Nuri Killigil həm Bakının fatehi, həm də türk silah sənayesinin qurucularından biri kimi iki qardaş ölkə üçün son dərəcə önəmli şəxsiyyətdir. Haliç sahilindəki Sütlücə səmtində Nuri Killigilin silah zavodu yerləşib. Bölgədəki parka Nuri Killigilin adının verilməsinə dair İstanbul bələdiyyə Məclisinin 15 iyunda qəbul etdiyi qərar bizim üçün mühüm sənəddir. Parkın girişinə Nuri Killigilin adını daşıyan lövhə asacaq, onun həyatı barədə məlumatı əks etdirən barelyef hazırlayacağıq. Bütün bu işləri 45 gündə tamamlayıb parkı Bakının erməni işğalından azad edildiyi gün olan 15 sentyabrda açmağı planlaşdırmışıq. İşi vaxtından əvvəl başa çatdıracağımıza inanıram. Nuri Killigil parkı iki qardaş ölkə arasındakı münasibətlərin önəmli bir simvolu olacaq”, – deyə prosesə rəhbərlik edən İstanbul bələdiyyəsinin məsul işçisi İsmayıl Gülal bildirib.

 

Qeyd edək ki, 15 sentyabr 1918-ci ildə Bakını erməni ünsürlərindən təmizləyərək Gəncəyə – baş nazir Fətəli xan Xoyskiyə teleqram göndərən Qafqaz İslam Ordusunun komandanı Nuri paşa hökumətin dərhal Bakıya köçürülməsini istəyib. Osmanlı imperiyasının Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra Türkiyəyə qayıtmaq məcburiyyətində qalan Nuri paşa 1930-cu illərin əvvəlində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün razılığı ilə silah zavodu qurub. 2 mart 1949-cu ildə zavodda baş verən partlayış nəticəsində Nuri paşa və 28 işçisi həlak olub. Silah zavodunun yerində salınmış əraziyə “Nuri Killigil parkı” adının verilməsi üçün Azərbaycan Kültür Dərnəyi 2017-ci ilin aprelində Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib. Nazirlik tələbi yerində görərək bununla bağlı İstanbul bələdiyyəsinə məktub göndərib.