Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqlar diqqət mərkəzindədir

0
327

“Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkil “adlı layihə həyata keçirir. Layihənin əsas  məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin  göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların və bu sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və  bacarıqlarının artırılmasından ibarətdir. Layihənin 6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub.

Tədbir Mingəçevir şəhərində fəaliyyət göstərən Ailələrə Sosial Dayaq İctimai Birliyinin nəzdindəki “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzində təşkil olunub. Layihə haqqında məlumat verən mərkəzin və layihənin rəhbəri Mətanət Yusifova bildirib ki, ölkəmizdə 602.000 nəfər əlilliyi olan şəxs yaşayır və onlardan 71.600 nəfərini 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Mingəçevir şəhərində  isə belələrinin sayı 1000 nəfərdən artıqdır. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı bu rəqəmdən çoxdur və cəmiyyətdə formalaşmış sterotiplərlə bağlı belə uşaqlar sosial ünsiyyətdən məhrumdurlar. Onların cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını özündə əks etdirən sosial yanaşma modelinin formalaşdırılması və mövcud qanunvericiliyə sirayət etməsi müasir dövrümüzün ən aktual məsələlərindən biridir”.

Mətanət xanım onu da vurğulayıb ki, sağlamlıq imkanları məhdud uşaqlarla valideynləri daha sıx təmasda olmalıdır: “Mərkəzlər onlarla günün yarsına qədər məşğul olur. 4 illik fəaliyyəti olan Asudə Zaman tədris mərkəzi “Uşaq və ailəyə dəstək” mərkəzi ilə həmişə təmasda olub, sağlamlıq imkanları məhdud olan uşaqlarla müxtəlif tədbirlər həyata keçirib. Bugünkü tədbirimiz göstərilən problemlərin həlli baxımından olduqca aktual və əhəmiyyətlidir”.

Tədbirdə sağlamlığı məhdud uşaqların valideynləri çıxış edərək övladları üçün mərkəzlərdə yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Onlar həmçinn Uşaq və Ailəyə Dəstək Mərkəzinin günərzi qayğı mərkəzinin tədbirlər üzrə rəhbəri Elnarə Səmədovaya xüsusi təşəkkür ediblər.

Esmira Hidayətova, Mingəçevir