Mingəçevir “Asan həyat”a qədəm qoyacaq

0
699

“Mingəçevir “Asan” həyata çevriləcək”. Bu sözləri bu gün ilin 6 ayının yekunları ilə bağlı keçirilən iclasda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib. Bildirib ki, Mingəçevirdə iki böyük müəssisə “Asan xidmət” və “Sənaye parkı”nın tikintisi sürətlə aparılır. Bu ilin dekabr ayında “Sənaye parkı”nda iki fabrik işə salınacaq. Burada həm kosmetik, həm də corab fabrikləri fəaliyyət göstərəcək.

O daha sonra deyib: “Bilirsiniz ki, cənab Prezident Nazirlər Kabinetinin iclasındakı yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq qaldığını vurğulayıb. O, qeyri-neft sektorunun inkişafı istiqamətində çox ciddi addımların atıldığını, sənaye parklarının yaradılmasının uğurla getdiyini və əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələrin artıq reallaşdığını  qeyd edib. Mingəçevir Sənaye Parkında 9 zavodun işləyəcəyini və bunların fəaliyyəti nəticəsində 5 mindən çox iş yerlərinin açılacağını  deyən cənab Prezident Mingəçevirin böyük sənaye şəhəri kimi öz imkanlarını  genişləndirəcəyini  bildirib. Bir sözlə, cənab Prezident yerlərdə yeni iş yerlərinin açılması, özünüməşğulluğun səviyyəsinin yüksəldilməsi, investisiyaların cəlb edilməsi və sair kimi mühüm tapşırıqlar verib. Əlbəttə, bu tövsiyyə və tapşırıqlar hər birimizin, eləcə də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm vəzifələr qoyur. Əminəm ki, birlikdə qarşıda bizi gözləyən işlərin  öhdəsindən layiqincə gələcəyik. Bu yolda hamınıza uğurlar arzulayıram”.

Hesabat yığıncağında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək geniş məlumat verib.

 

Daha sonra idarə, müəssisə rəhbərləri gördükləri işləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Bütün çıxışları dinləyən icra başçısı yekun çıxışında nöqsanlara da toxunub. O, deyib ki, şəhərin bazar ətrafı zibilliklər içindədir: “Qurumuş ağacları kəsmək üçün edilən müraciətlər vaxtında icra olunmur. Fərdi ev tikən sakinlər məişət tullantılarını Kür çayına tökürlər. Bütün bunlara isə ekologiya ilə bağlı qurumlar sadəcə göz yumur”.

Esmira Hidayətova, Mingəçevir