Kəlbəcərlilər Kəlbəcərdə hansı sərhədi pozublar?

0
268
Əli Həsənov: “Girovlar haqqında xəbər yayıldıqdan dərhal sonra cənab Prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı ofisinin rəhbərliyi ilə görüşdüm”.
“Azərbaycan tərəfinə əsir düşənlərin, girov olanların hansına işgəncə verilib? Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir?”. Bunu Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BQXK nümayəndələrinin Kəlbəcər rayonunda ermənilər tərəfindən əsir götürülən azərbaycanlılarla görüşə bilməməsinə münasibət bildirərkən deyib. Ə. Həsənov məhz bu səbəbdən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyinə ciddi xəbərdarlıq etdiyini vurğulayıb: “Əgər buna nail olmasalar, BQXK-nin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər. Zəhmət çəkib tədbir görsünlər”.geAzərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova işğal altında olan Kəlbəcər rayonuna getmiş 3 azərbaycanlının ermənilər tərəfindən girov götürülməsi ilə bağlı ATƏT PA-nın prezidenti İlkka Kanervaya məktub ünvanlayıb. B. Muradova məktubunda bildirib ki, erməni hərbçiləri Kəlbəcəri görmək və əzizlərinin qəbirlərini ziyarət etmək üçün doğma kəndinə getmiş 3 azərbaycanlını girov götürüb və onlar dəhşətli işgəncələrə məruz qalıblar: “Ermənistan Müdafiə Nazirliyi öz saytında yerləşdirdiyi bəyanatında isə qeyd edir ki, azərbaycanlı girovlara qarşı “sərhədi qanunsuz keçmək, qətl törətməyə cəhd və s. maddələr üzrə cinayət işi qaldırılacaq”, çünki bu 3 nəfər azərbaycanlı “beynəlxalq hüquqda təsbit edilmiş qanunları və müharibə ənənəsini kobud şəkildə pozmuşdur”. Sual olunur: Beynəlxalq hüququ və Helsinki yekun aktının prinsiplərini Kəlbəcər rayonu da daxil olmaqla, Azərbaycana qarşı Ermənistanmı pozub, yoxsa öz doğulduğu kəndi ziyarət edən Azərbaycan vətəndaşımı? Erməni hərbçisinin Kəlbəcərdə və digər 6 rayonda nə işi var? Kəlbəcərlə Azərbaycanın digər regionları arasında sərhədi kim çəkib? Və bu “sərhədin pozulması” barədə niyə Ermənistanın müdafiə naziri məhz Ermənistan Prezidenti Sarkisyana hesabat verir? Bu, özü-özlüyündə “Dağlıq Qarabağ Respublikası” deyilən oyuncaq qurumun müstəqil fəaliyyət göstərdiyi və 20 % Azərbaycan ərazisinin işğalı ilə Ermənistanın heç bir əlaqəsinin olmadığı haqqında deyilənlərin bir mif olduğunu sübut etmirmi? Və ərazidə baş verən bütün qeyri-qanuni hərəkətlərə görə məhz Ermənistanın məsuliyyət daşıdığını aşkar şəkildə göstərmirmi?”

Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan və Xankəndi ofislərinin əməkdaşları işğal altında olan Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılarla görüşə bilməyiblər. Bunu Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O bildirib ki, Ermənistan tərəfi əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozur: “Onlar haqda xəbər yayıldıqdan dərhal sonra cənab Prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən BQXK-nın Bakı ofisinin rəhbərliyi ilə görüşdüm. Onlar da İrəvan və Xankəndi ofisləri ilə əlaqə saxlayıblar. Ancaq bu günə qədər girov götürülən Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb. Biz bilirik Ermənistanda onlara qarşı hansı vəhşilikləri edirlər”.

Əli Həsənovun sözlərinə görə, hazırda düşmən əlində olan şəxslər əsil vətənpərvər insanlardır: “Təəssüf edirəm ki, Azərbaycan parlamentinin üzvləri, yüksək vəzifəli şəxslər, QHT nümayəndələri arasında Dilqəmi, Şahbazı qınayanlar var, amma unutmaq lazım deyil ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Bir kəs ki, ölümü gözə alıb doğulduğu yerlərə gedir, deməli o, çox vətənpərvər adamdır. Üzümü həmin qınaq dolu müsahibələr verən adamlara tutub deyirəm ki, bəsdir, belə şeylərə yol vermək olmaz!”

Ə. Həsənov qeyd edib ki, əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki şəxsə qarşı amansız davransalar, xalqlar arasındakı nifrət daha da artacaq: “Ermənistan rəhbərliyi və xüsusi xidmət orqanları başa düşməlidir ki, hansısa erməni Azərbaycana əsir düşə bilər, onda Azərbaycan tərəfi Şahbaz və Dilqəmə qarşı yol verilən amansızlıqları həmin erməniyə tətbiq edə bilər. Və Ermənistan anlamalıdır ki, bizim aidiyyəti orqanlarımız soydaşlarımıza qarşı amansızlıqlara göz yummayacaq”.

Baş Nazirin müavini Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinə ciddi xəbərdarlıq edildiyini açıqlayıb. Ə. Həsənov bildirib ki, Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bir həftə ərzində görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır: “Azərbaycan tərəfinə əsir düşənlərin, girov olanların hansına işgəncə verilib? Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi BQXK Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir? Ona görə də mən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə ciddi xəbərdarlıq etdim ki, əgər buna nail olmasalar, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər… Zəhmət çəkib tədbir görsünlər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here