Diləfruz Məmmədova: “Deyirlər, o qiymətə tum alıb çırtlayarıq”

0
337

O, 48 ildir mətbuatımızın yayımı ilə məşğuldur. Hər səhər 8-də gələrək ömrünün çox hissəsini keçirdiyi köşkünü açır, yeni gələn qəzetləri vitrinə düzür, köhnələri isə ayın sonunda qaytarmalı olduğu bağlamalara əlavə edir. Az sayd olan gündəlik müştərilərinin sifarişlərini öz gəliş vaxtlarına uyğun bir tərəfə dəstələyir. Artıq neçə illərdir ki, onun doğma evi qədər əziz olan, 4,5 kvadrat metrlik kiçik köşkündə iş günü belə başlayır.

Haqqında söhbət açdığım 79 yaşlı Tovuz rayon sakini Diləfruz Məmmədova Tovuz rayonunda yerləşən “Azərmətbuatyayım”ın köşklərindən birində çalışır. İşlədiyi sahəyə təsadüf nəticəsində gəlsə də, sonrakı həyatını, demək olar ki, bu işə həsr edib. Yaşadığı rayonda insanların yenilənən informasiyalar, mətbu nəşrlər, idman və əyləncə sahəsində məlumatlar almasında böyük pay sahibi olub. İnternet əsri ölkəmizdə qəzet və jurnallardan informasiya yükünü tarixə qovuşdurmaqda olsa da, o zövq aldığı işində yenə ilk iş illərindəki kimi həvəslə çalışır.

Əvvəllərə baxanda qəzet-jurnal satışında çox böyük geriləmədən danışır Diləfruz xanım: “SSRİ-nin hər yerindən nəşrlər gəlirdi o vaxtlar. Abunə yazılanlardan da çox sifarişlər verilirdi. Sifarişi bir gün gecikəndə dava salan adamlar da var idi. Onda demək olar ki, hamı oxuyurdu. Amma indi qəzet satışı çox zəifdi. Yəqin ki, əhalinin maddi çətinliyi də buna təsir göstərir. Bir çoxları isə heç maraqlanmırlar mətbuatla. Çox vaxt tanıdığım adamlara qəzet almağı təklif edirəm, deyirlər, ona 40 qəpik verdiyimə tum alıb çırtlayaram…”

 

Buna baxmayaraq Diləfruz xanım xüsusi qəzet həvəskarlarının da hələ olduğunu söyləyir: ” Hər gün eyni vaxtda gəlib öz qəzetlərini alan daimi müştərilər var. Onlar da olmasa idi, bəlkə buraxardım bu işi. Ən çox satılan isə krossvord qəzetləridir.  Bundan başqa, futbolla bağlı, həmçinin rəsmi qəzetlər də istəyirlər. Onu da deyim ki, mən burada satdığım qəzetlərin müəyyən faizini əməkhaqqı kimi alıram. Hər ay 300-350 manatlıq, bəzən 500 manatlıq qəzet satıram ki, bunu da 10%-i 30-35 manat edir. Əlavə kömək üçün  dəftərxana ləvazimatları da satıram ki, gündəliyim də çıxsın”

Artıq neçə illərdir köşk ikinci evinə çerilib Diləfruz xanımın. Bura gəlməyəndə evdə dayana bilmədiyini, köşkdə qəzetləri, jurnalları oxuduğunu, maraqlı bir şey olanda hər kəsə göstərmək istədiyini deyir: “Maraqlı bir şey oxuyanda bir qırağa qoyuram və gələn olanda göstrirəm. Maraqlananlar açıb baxanda deyirlər ki, buna artıq internetdə rast gəlmişik. Əgər qəzetdə yazılanlar internetdə olanla eynidirsə niyə pul verib almalıdılar qəzetləri?”

Esmira Hidayətova, Tovuz