“Bölgələrdə çalışan jurnalistlərin də mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var”

0
401

22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü ərəfəsində tanınmış jurnalist, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatları laueratı Fərman Nəbiyevlə görüşüb bir neçə sualla ona müraciət etdik.

-Əvvəlcə  sizin jurnalistikaya gəlişinizin tarixçəsi ilə başlayaq. Bu sahəyə marağınızı nə zaman hiss etdiniz?

-Jurnalistikaya uşaqlıqdan həvəsim olub.  Məktəbli olanda  şeir yazırdım. Günlərin birində,   4-cü sinifdə oxuyurdum, atam əlimdən tutub,  apardı redaksiyaya,  o vaxtkı  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fidayıl Abdullayevin yanına.  O, şeirlərə baxdı və dedi ki, bir az da üzərində işlə. Sonra məni qəzetin şəhər həyatı və məktublar  şöbəsinə göndərdi. Orda dedilər ki, şeir öz yerində,  amma sən oxuduğun məktəbdən bizə  kiçik xəbərlər hazırlaya bilərsən.  Mən də məktəbdəki tədbirlərdən kiçik məqalələr yazmağa başladım.  Öz imzamı qəzetdə gördükcə,  jurnalistikaya  həvəsim artdı. Bir müddət sonra məqalələrim  “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərində də dərc olundu. Sonralar  başa düşdüm ki, jurnalistika şeir yazmaq deyil, daha çətin və gözəl peşədir. Səkkizinci sinifdə oxuyanda  jurnalist olacağımı qətiləşdirdim. Hətta  qəzetlər mənə  zəng vurub,  tədbirlərə getməyi, hansısa məsələ barədə yazmağı tapşırırdılar. Orta məktəbi bitirəndən sonra universitetə qəbul oldum, ailə vəziyyətimizin çətinliyi ilə bağlı qiyabi oxumağa  qərar verdim. Çünki işləməsəm, təhsil də ala bilməyəcəkdim. Elə jurnalistika fakültəsində tələbə ola-ola yerli qəzetə işə düzəldim,  “Mingəçevir işıqları” qəzetində korrektor kimi fəaliyyətə başladım.

-Gəlin söhbətimizi “Mingəçevir işıqları” ilə davam etdirək.

-O zaman, 80-ci illərdə  bu qəzet  şəhər Partiya Komitəsinin və Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı  idi. Dövlət kifayət qədər maliyyə ayırırdı, abunəçi sayı 14 minə çatırdı. Qəzet  həftədə 3 dəfə işıq üzü görürdü. 12 işçisi vardı. Mən 4 ay sonra hərbiyə yollandım, qayıtdıqdan 4 ay  sonra korrektorluqdan ədəbi işçi-müxbir vəzifəsinə keçirildim. Bir neçə il  sənaye və  məktublar şöbələrində çalışdım, Fidail Abdullayev, Əmirxan Məmmədov, Nizami  Namazov, Surxay Hüseynli, Vəfa  Süleymanova, Yusif Ələkbərov  kimi  peşəkarlarla  bir yerdə jurnalistikanın sirlərini öyrəndim.

Qəzet patriya  və hökümət qəzeti idi.  Onların informasiyaları  oxucuları darıxdırırdı.  Mən və iş yoldaşım Surxay Hüseynli qərara gəldik  ki, qəzeti bir qədər  dəyişək. Biz oxucularla birbaşa əlaqə yaratmağın yolunu seçdik.  Əvvəlcədən qəzetdə elan verirdik ki,  cümə günü filan saatda  hansısa  idarənin rəisi konkret bir mövzu ilə bağlı istənilən sualları cavablandıracaq.  Bu, o qədər rezonans doğurdu ki… Hətta şəhər prokurorunu,  İcraiyyə Komitəsi sədrinin müavinini də  “Birbaşa əlaqə”yə dəvət etmişdik.  Elə “Qızıl qələm” mükafatı  da  mənə 1988-ci ilin yekunlarına görə belə yazılarla əlaqədar verildi.

1991-ci ilin sonunda qəzet bağlandı. Kollektiv  Fidail Abdullayev başda olmaqla  “Azərbaycan işıqları” adlı yeni qəzeti yaratdı. Mən o zaman bir müddət “Səda “, sonra “Ülfət”qəzetlərində işlədim. 1992- ci ildə Mingəçevirin o zamankı İcra Hakimiyyəti başçısı Rafiq Ərəbovun dəvəti ilə aparata gəldim. Bir müddət humanitar şöbədə baş məsləhətçi, az sonra  aparatın mətbuat xidmətinin rəisi oldum.

– “Mingəçevir işıqları” sizin üçün nədir?

-“Mingəçevir işıqları” mənə övladlarım qədər əzizdir.  Elə bilirəm 3 yox, 4 övladım var. Çünki bu qəzetdə əziyyətim çox olub. 1999- cü ilin əvvəllərində, təxminən 7 ildən sonra   çətinliklərə baxmayaraq, qəzeti  yenidən təsis etdim, baş redaktorluğu da öhdəmə götürdüm.  Onda köhnə bir yazı makinamız var idi. Həyat yoldaşım Yeganə xanımla birlikdə çalışmağa başladım.  İlin sonunda ilk kompüterimizi aldıq.  Balaca bir otağı icarəyə götürdük.  İndi isə redaksiyamız region KİV-ləri arasında  imicinə, maddi-texniki bazasına görə bəlkə də birinci yerdədir. Eyni zamanda  beynəlxalq təşkilatlarla  da yaxşı əlaqələr qura bildik. Əvvəllər bizə təyziqlər  vardi, onları da aradan qaldırmağı bacardıq.

-Abunə ilə bağlı vəziyyət necədir?

-Abunəmiz   ilbəil azalır. Amma bu problemi təkcə biz yox, bütün dünya yaşayır.  Çünki kağız qəzetlər ömrünü başa vurmaq üzrədir. Biz qəzetin onlayn versiyasını gücləndirməyi düşünürük. Bu, həm də bizi əlavə mətbəə xərclərindən azad edəcək.  Bir halda ki, kağız qəzet oxunmur, niyə özümüzü aldatmalıyıq, insanlara zor etməliyik?  Bir mobil telefonla insanlar dünyaya baxır.

Bizim işimiz təkcə qəzet nəşr etməklə bitmir. İstəyirik ki, ictimayyəti fəallaşdıraq, insanları daha çox və daha doğru  məlumatlandıraq.  Bu məqsədlə   Azərbaycana Data jurnalistikasını gətirmişik.  Ötən ilin oktyabrından başlayan layihəmizi  Avropa ittifaqı və  BMT  İnkişaf Proqramının dəstəyi ilə gerçəkləşdiririk.  Bu çərçivədə Bakıda və bölgələrdə çox saylı təlimlər həyata keçirmişik, on nəfəri isə Avropaya daha yüksək təlimlərə göndərmişik. Bu yaxınlarda data jurnalistika ilə bağlı onlayn təlimlərə də başlayacağıq.

-Bir çox hallarda jurnalistlər tədbirlərə dəvət olunur,  amma  təşkilatçılar pressreliz vermirlər. Buna münasibətiniz?

-Özünə hörmət edən təşkilat qabaqcadan press reliz hazırlamalıdır.  Çoxunun bu sahədə çətinlikləri  var. Həmin təşkilatlar   bunu hazırlamağı  bilmirlər. Bu istiqamətdə layihələr həyata keçirməyi də düşünürük.

– Əyalət qəzetləri bəzən gözdən, könüldən uzaq olmalarından  gileylənirlər. Sizin də belə bir gileyiniz varmı?

-Bəli, sən paytaxdasansa,  bir çox yardımlara daha asan əlin çatır.  Məsələn, evsiz jurnalistlərin mənzillə təmin olunması deyiləndə əksəriyyətdə belə təsəvvür var ki, söhbət Bakıdan gedir. Cənab Prezident bu məqsəd üçün küli miqdarda vəsait ayırıb, Bakıda jurnalistlər üçün evlər inşa olunub. Yeri gəlmişkən, 5 milyon vəsait də iyulun 19-da yenidən ayrıldı. Amma  KİV-ə Dövlət Dəstəyi Fondunda əyləşənlər düşünmürlər ki, bu vəsaitdə bölgədə çalışan jurnalistlərin də payı var. Əslində vəsaitin bir hissəsi region jurnalistlərinin mənzil-məişət şəraitini yaxşılaşdırılmasına yönəldilməliydi.

Başqa bir məsələ qəzetlərə dövlət büdcəsindən müsabiqə yolu ilə və  birdəfəlik təyinatla verilən vəsaitlə  manatlarla bağlıdır. Sanki  bu pullar  hər dəfə Bakıdakı eyni adlı qəzetləri saxlamaq üçündür. Belə əsaslandırırlar ki, bu pullar olmasa, paytaxtın kağız qəzetləri dayanacaq. Halbuki vəsaitin cüzi bir hissəsi onlayn medianın inkişafına xərclənsəydi, biz daha irəli gedərdik. Eyni zamanda KİV-in inkişafı ilə bağlı Dövlət Konsepsiyasına görə, bölgə qəzetləri  müsabiqədən kənar maliyyə ala bilməlidirlər. Amma  heç kim buna əhəmiyyət vermir.  Çünki qazanın çömçəsi bakıdakıların əlindədir və onlar bizim boşqabımızı  tərtəmiz görmək istəyirlər.

– Bu günün jurnalistikası hansı pillədədir?

-Əslində bu gün onlayn jurnalistika,  vətəndaş jurnalistikası inkişaf edir. İnsanlar görürlər, çəkirlər, informasiyaları ötürürlər. Bu gün sadəcə zaman fərqi var ki, kim xəbəri tez yerləşdirir. Mən köhnə jurnalistlərdən olduğuma görə bunu müsbət dəyərləndirmirəm. Xəbər tələsik çatdırılmamalıdır.Dəqiq xəbər çatdırılmalıdır.Çatdırılan xəbər hadisə qurbanına ikinci şoku yaratmamalıdır. Bu gün saytlar xəbəri yoxlamadan reytinq xətirinə necə gəldi ötürürlər. Jurnalist əslində xəbəri dəqiqləşdirib verməlidir.Təəssüflər olsun ki,bu gün peşəkar jurnalistika ölür.

Harda boşluq var,  insanlar ora gəlib, pul qazanmaq istəyirlər.Əslində mətbuat ərzaq satandan,mebel satandan fərqli bir biznesdir. Burda  insanlar söz satırlar, reklam satırlar, pul qazanırlar. Amma bu qazanc  daha  çox peşəkarlıqla olmalıdır. Yəni  şantaj olmamalıdır. Elə insanlar var ki, tənqidlə təhqiri ayıra bilmir.  Xüsusən də   jurnalistikadan xəbəri olmayıb bu sahəyə gələnlərin bir çoxu. Nəyin çərçivəsi hardadır, harda başlanır, harda qurtarır? Düşünürəm ki, Azərbaycan mediasında peşəkarlığı artırmaq lazımdır. Yaxşı  olar ki,KİV-ə Dəstək Fondu qəzetlərə pul paylamaqdansa daha çox jurnalist peşəkarlığına  diqqəti yönəltsin.

Neqativlərə baxmayaraq, mətbuat yerində saymır, inkişaf edir, irəli gedir. Xüsusən onlayn media. O, bizim həyatımızın bir parçasıdır. Təsəvvür edin, günün birində ayılırıq, görürük ki,  internet yoxdur, nə baş verər? Hamımız dəli olarıq.

-Gələcək prespektivləriniz barədə nə deyə bilərsiz?

-Bizim  artıq  iki internet səhifəmiz  var:   mi-news.az  və  layihə çərçivəsində data jurnalistika ilə bağlı yaratdığımız data.gov.az. Düşünürük ki, bu səhifələri yeni alətlər vasitəsi ilə daha da təkmilləşdirək, yaxşı informasiya qaynağına və  jurnalistlərin peşəkarlığını artıran səhifələrə çevirək. Həm də gəlir imkanlarımızı  artırmaq üçün müxtəlif yollar düşünürük.

– Boş vaxtlarınızda  nə ilə məşğul olursunuz?

– Bu gün insanların əksəriyyəti oturaq həyata üstünlük verir. Mən isə daha çox təmiz havada piyada gəzməyi,veloseped sürməyi xoşlayıram.  Baxmayaraq ki, bizim şəhərdə yollar genişləndirildi,  amma veloesped yolllarını işarələmək yada düşmədi. Hesab edirəm ki, ictimaiyyət məsələni qaldırsa,   həllini tapacaq.

Esmira Hidayətova, Mingəçevir

Qvami Məhəbbətoğlu