Mingəçevirin Simnar xanı – “Azərsu”

0
252

Mingəçevirdə içməli su təhcizatı şəhər sakinlərinin ən ümdə problemidir. Üstəlik, vaxtı ilə çəkilmiş texniki su xətti də ləğv edilib. Bu da sakinlər üçün əlavə problemlər yaradıb. Bu vacib məsələ ilə bağlı EKO-TES Ekoloji Tədiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Cingiz Nəzərova müraciət etdik. İlk sualımızı cavablandıran ekoloq dedi:

– Bəri başdan apardığımız tədqiqatlara əsasən deyə bilərəm ki, Mingəçevir şəhəri salınanda onun su təhcizatı planlı şəkildə həyata keçirilib. Onu da deyim ki, 1947-ci ildə Mingəçevirdə su təhcizatı ilə bağlı işlərin çox hissəsini alman əsirləri görüblər. O vaxtkı iki alman mühəndisinin gördüyü işin hesabına əhali təmiz su içir (Onlar 30 il bundan öncə Mingəçevirə turist kimi gəlmişdilər). Nə yazıq ki, hazırda Mingəçevirdə içməli su təhcizatı, onun keyfiyyəti olduqca pisdir (Yeri gəlmişkən onu da vurğulayam ki, Azərbaycanda suyun keyfiyyəti haqqında qanun işlənməli və öz milli standartımız qəbul olunmalıdır. Hazırda istifadə edilən DÜİST 2874-82 Azərbaycan standartı deyil. Bu, keçmiş SSRİ standartıdır. Hətta 1998-ci ildə Rusiya bu standartdan imtina edib). Elə buna görə də əhalinin 80 %  “Azərsu”yun yerli Su Kanal İdarəsindən şikayətçidir.

– Şəhərdə suvarmada və istehsalatda istifadə olunan texniki su da kəsilib. Bəs bu barədə nə deyə bilərsiniz?

– Bu, mənim fikrimcə, Mingəçevirin təbiətinə, yaşıllıqlarına endirilən Damokl qılıncıdır. Bu yerdə 1959-cu ildə Mingəçevirdə çəkilmiş “Bir qalanın sirri” filmini xatırlamaq istərdim. Həmin film-nağılda xalqın əlindən suyunu almış amansız və qəddar hökmdara – Simnar xana qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır: camaat susuzluqdan əziyyət çəkir. Simnar xanın adamları isə şaiyə yayırlar ki, guya suyun qarşısını əjdaha kəsib. İndi Mingəçevirdə sanki həmin vəziyyət yaranıb. Su anbarı başımızın üstündə olsa da, küçələrdəki, məhəllələrdəki ağacları sulamaq üçün su tapmaq mümkün deyil. Üstəlik, su kranlarına, sonradan yaradılmış xatirə bulaqlarına yaxınlaşmağınız əbəsdir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bütün su qurğularını bağlayıb. Bu mənada sanki yeni, müasir əjdaha peyda olub. Belə getsə, yaşıllıq diyarı Mingəçevir səhraya çevrilə bilər. Hətta mən deyərdim ki, Boz dağın ətəyində salınmış və şəhəri kənd təssərüfatı məhsulları ilə təchiz edən fərdi bağçılıq təsərrüfatları da sıradan çıxacaq.

– Elə isə əlaqədar təşkilatlar niyə həyəcan siqnalı çalmırlar?

– Bununla bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə dəfələrlə müraciət edib. Amma hələ də bu məsələ öz həllini tapmayıb. İcra başçısının I müavini İlham İsmayılovla söhbətimizdən belə aydın oldu ki, hazırda şəhər rəhbərliyi problemin çıxış yolları ilə bağlı bir neçə variantı götür-qoy edir. Ancaq bizim fikrimizcə, ən optimal variant əvvəllər çəkilmiş, indinin özündə də mövcud olan texniki su xəttinin bərpasıdır. Digər fikrimiz isə  icməli su xəttinin yenidən çəkilməsi, mövcud qurğudan isə texniki su xətti kimi istifadə olunması ilə bağlıdır. Bir də şəhərə, o cümlədən respublika əhəmiyyətli böyük şəhərlərdə yaşıllıqların suvarılması məsələsi, təchizatı xüsusi dövlət planına salınsın və idarəetməsi də yerli qurumlara, məsələn, bələdiyyələrə tapşırılsın. Yəni məsələ öz həllini köklü sürətdə tapmalıdır.

– Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” üzrə Azərbaycanın 22 şəhər və rayon mərkəzində, o cümlədən Mingəçevirdə təhlükəsiz, etibarlı və davamlı su və kanalizasiya xidmətlərinin təmin edilməsi işləri ilə bağlı fikirlərinizi də oxucularımızla bölüşməyinizi xahiş edirik.

– Bu layihənin Mingəçevirdəki işlərə sərf olunan maliyyəsi və görülən işlərin həcmi haqqında məlumat əldə etmək mümkün deyil. Yeri gəlmişkən, şəhərin nə bələdiyyə, nə də icra hakimiyyətinin saytlarında bu haqda məlumat yoxdur. “Azərsu” ASC Açıq Səhmdar Cəmiyyətinin internet resursları da bu informasiyanı açıqlamaqdan yan keçir. Halbuki belə işlərə vətəndaş nəzarətinin həyata keçirilməsi üçün müəyyən məlumatların əldə edilməsi vacibdir. Yalnız onu deyə bilərəm ki, su təmizləmə sistemində işlər getdiyinin şahidi olduq. Lakin nəzərdə tutulmuş işlərin hansı qisminin görüldüyünü və bu məqsədlə nə qədər vəsait xərcləndiyini, yaxud da nə qədər xərclənəcəyini öyrənə bilmədik. Belə  məlumatlar, əgər belə demək mümkünsə, sanki bir növ qadağan zonasına salınıb.

Bir daha qeyd edirəm ki, “Azərsu” şəhərə gələn texniki su xəttini kəsib və deyir ki, biz ancaq içməli su satırıq. Suvarma suyu ilə başqa dövlət qurumları -kənd təsərrüfatı və meliorasiya nazirlikləri, onların müfaviq qurumları məşğul olmalıdır, bu, bizim problem deyil. Amma onlar unudurlar ki, Mingəçevir şəhər statuslu, republika tabeli bir şəhərdir. Bu şəhərdə suvarma və ya meliorasiya idarələri yoxdur. Bu məntiqdən çıxış etsək, onda şəhər əhli yaşıllıqları, meyvə, tərəvəzi içməli su ilə suvarmalı və buna görə də “Azərsu” ya pul ödəməlidir. Bir sözlə, müvafiq tədbirlər görülməzsə, yaxın gələcəkdə şəhərin əvvəlki nəslinin əziyyəti hesabına salınmış yaşıllıqla məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Şəhərətrafı təsərrüfatlarda yetişdirilən və əsasən şəhəri təmin edən bağ və bostan bitkiləri azalar və qiyməti qalxar.

Esmira Hidayətova, Mingəçevir