Orhan İşık: “Biz Mingəçeviri də bu siyahıya əlavə etməliyik”

0
392

Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşık Mingəçevirdə səfərdə olub. Baş konsul əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

 

Görüş zamanı qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. Niyazi Bayramov Mingəçevirin bir çox ölkələrin şəhərləri ilə qardaşlaşdığını bildirib və əlavə edib: “Türkiyənin də hər hansı sənaye şəhərlərindən biri ilə qadaşlaşmaq istərdik”.

 

Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan diplomat Mingəçevirə artıq 3-cü dəfə gəldiyini söyləyib. O, hər gəlişində Mingəçevirin gündən-günə böyüməsinin şahidi olduğunu bildirib: “Şəhərin yaşıllığından, sevgilərinizdən çox mənun oldum. Mingəçevirdə isə gözəl şəhər havası var. Çox müasir infrastruktura malik olan bu şəhər, doğrudan da, bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Əslində, Azərbaycanda 3 böyük sənaye mərkəzi müəyyən olunub: Bakı, Sumqayıt, Gəncə. Biz Mingəçeviri də bu siyahıya əlavə etməliyik. Bildiyimə görə, sovet dövründə burada çoxlu müəssisələr fəaliyyət göstərirdi”.

 

Daha sonra səfir Mingəçevir Gənclər evində gənclərlə görüşüb. Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli qonağa gənclərin asudə vaxtlarında səmərəli istifadəsi üçün burada yaradılan şəraitdən söz açıb. Şəhərin fəal gənclərindən – Tural Kərimov, Bəxtiyar Mustafayev, Vüsal Məmmədov çıxış edərək şəhərdə gənclərlə bağlı görülən işlərdən, həyata keçirdikləri layihələrdən danışıblar. Onlar öz təkliflərini də veriblər. Səfir gənclərlə görüşündən sonra: “Mingəçevirli gənclərin fəallığı məni heyran etdi”, – deyib.

 

Esmira Hidayətova, Mingəçevir.