Yarış yekunlaşdı

0
407

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Pauerliftinq Federasiyasının, Azərbaycan Sumo Federasiyasının, Azərbaycan Mas-Reslinq Federasiyasının, Sibir Sağlamlığı Korporasiyasının, Mingəçevir Gənclər Evinin, Mingəçevir Regional Debat Mərkəzinin, İşıqlı Gələcək GIB-nin, Kür Olimpiya Tədris İdman Mərkəzinin təşkilatçılığı ilə “Sağlam nəsil, sağlam ölkə” adı altında Mingəçevirdə rauerliftinq, dedlift, benç-press, sumo üzrə “Açıq şəhər çempionatı” və Mas-Reslinq üzrə “Açıq şəhər kuboku” keçirildi.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev Azərbaycanda keçirilən Avropa – 2015 və IV İslam Həmrəyliyi və digər beynəlxalq idman yarışlarından söz açaraq ölkə Prezidenti cənab İlham Əliyevin idman sahəsində gördüyü işlərdən danışdı.

Daha sonra çıxış edənlər Azərbaycan Sumo Federasiyasının prezidenti, Avropa Sumo Federasiyasının vitse prezidenti Samir Abdullayev, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Sibir Sağlamlığı Korporasiyasının Beynəlxalq Milli Lideri Alla Pavlova bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayaraq idmançılara uğurlar arzuladılar.

 

Yarışlarda Azərbaycanın müxtəlif regionlarından olan 150-dən çox idmançı iştirak etdi. Yüksək idman mübarizəsi şəraitində keçirilən yarışların sonunda idmançılar müxtəlif nominasiyalar üzrə qalib elan olunaraq, Sibir Sağlamlığı Korporasiyasının təqdim etdiyi hədiyyələrlə mükafatlandırıldılar.

 

Qeyd edək ki, açıq şəhər çempionatı etməkdə məqsəd idman cəmiyyətləri və klublar arasında əlaqələrin möhkəmləndirilməsi, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, bu idman növlərinin regionda inkişaf etdirilməsidir.

Esmira Hidayətova, Mingəçevir