Balacalar “Qərənfil”lə vidalaşdılar

0
515

Mingəçevir 10 saylı “Qərənfil” uşaq bağçası – körpələr evində “Gülçələngi” qrupunun “Əlvida, qayğısız bağça illəri” adlı musiqili, əyləncəli tədbiri keçirilib. “River Side” otelinin həyətində zövqlə bəzədilmiş tədbir milli geyimli uşaqların dövlət himnimizi oxumaları ilə start götürüb.

Giriş sözü ilə çıxış edən “Gülçələngi” qurupunun müəlliməsi Maral Qurbanova bildirib ki, bağçada hər il uşaqların buraxılış günü keçirilir. Həmin tədbirlərdə uşaq bağçasının kollektivi, uşaqlar, onların valideynləri və yaxınları iştirak edirlər.

Maral müəllimə daha sonra deyib ki, uşaqlar buraxılış gününə tərbiyəçilərinin köməyi ilə xüsusi hazırlaşıblar. Bu gün yola saldığımız uşaqlar illər öncə bağçamızın qapısını açanda söz deməyə belə çəkinsələr də, hətta ağlasalar da, indi onlar sərbəst danışır, rəqs edir, şeir söyləyir, mahnı oxuyur və digər bədii fəaliyyətlə məşğul olurlar: “Ayrılıq həmişə kədər doğurur. Amma həm də sevinirik ki, bu gül balalar sabah əllərinə çanta alıb məktəbə gedəcək, pillə-pillə təhsildə irəliləyəcək, gələcəyin layiqli elm, incəsənət adamları olacaq, vətənə xeyir verəcəklər. Bağçamızın əvvəlki illərdəki məzunlarının çoxu bu gün onlara bəslənilən etimadı doğrultmaqdadırlar. Arzu edirəm ki, bu gün yola saldığımız uşaqların da hər zaman xoş sorağını eşidək. Qoy onların səsləri ən yüksək tribunalardan gəlsin”.

Daha sonra söz balaca fidanlara verilib. Onların söylədikləri seirlər, oxuduqları mahnılar hər kəsdə böyük maraq oyadıb. Bu çox qürurverici idi.

Tərbiyəçilər – Maral müəllimə, Maya müəllimə, Yeganə müəllimə, Rita müəllimə də uşaqları ürəkdən təbrik ediblər, onlara məktəb illərində, eləcə də gələcək həyat yollarında böyük uğurlar arzulayıblar.

Valideynlər də ürək sözlərini söyləyiblər. Hər bir valideyn balalarının əziyyətini çəkmiş, onların yetişməsində rolu olan bağçanın kollektivinə, xüsusilə də bağçanın müdirəsi Natavan Cəfərovaya minnətdarlıqlarını bildiriblər.

Tədbirə qatılan Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev, bağçanın müdirəsi Natavan Cəfərova, metodist Təranə xanım və digər müəllimələr də öz ürək sözləri ilə çıxış ediblər. Bildiriblər ki, bu gün təlim-tərbiyə müəssisələrində uşaqlarımız dövlətin onlara yaratdığı bütün imkanlardan istifadə edir, bacarıqlı müəllimlərin sayəsində cəmiyyət üçün vətənpərvər övladlar yetişdirilir.

Sonra meydan azyaşlılara verilib. “Gülçələngi” qurupunun balaca fidanların nümayiş etdirdikləri səhnəciklər, rəqs və mahnılar alqışlarla qarşılanıb.

 

Sonda şəhərin müxtəlif idman yarışlarında yer tutan balacalara bağçanın fəxri fərmanları təqdim olunub. Mingəçevir Qeydiyyat şöbəsi tərəfindən bağçanın rəhbərliyi və  kollektivi gələcəyimiz olan balaca fidanların təlim-tərbiyəsi uğrunda göstərdikləri qayğıya və diqqətə görə təşəkkürnamə ilə təltif olunublar.

Mərasimin ən kövrək anı isə uşaqlarla vidalaşma olub.

Esmira Hidayətova, Mingəçevir