“Elektron siqaret – siqaret çəkməyin imitasiyasıdır

0
281

Bildiyimiz kimi son zamanlar tütün məhsullarına qarşı mübarizədə bir çoxları elektron siqaretdən istifadə edirlər. Bu siqareti çəkənlər tütünün zərərli təsirlərindən qurtulmaq məqsədi ilə ondan istifadə etdiklərini deyirlər. Bəs görəsən, tütün məhsullarını “əvəz edən” elektron siqaretlər insan orqanizmi üçün nə qədər zərərsizdir? “Yeniavaz” elektron siqaretin insan orqanizminə təsiri haqqında ekspertlərin rəyini təqdim edir.

“Mahiyyət siqaretdən uzaq durmaq idi”

Tibb üzrə ekspert professor Adil Qeybulla elektron siqaretlərin orqanizmə nə kimi təsiri var sualını belə cavablandırdı: “Elektron siqaret – siqaret çəkməyin imitasiyasıdır. Siqaret çəkməkdən uzaqlaşdırma məqsədi güdür. Bu özünü nə dərəcədə doğruldur, bax o sual altındadır. Elektron siqaretlərdə istifadə olunan mayelərin tərkibi çox problemlidir. Onların tərkibində qliserin də olur, bəzən isə nikotin də əlavə edilmiş növləri istehsal olunur. Ümümiyyətlə hər bir firma özünəməxsus əlavələr edirlər – aromatlaşdırıcı maddələr və s. Bunlar isə orqanizmə zərərli təsir göstərə bilər, bronxitləri qıcıqlandıra, kanserogen təsirə qədər göstərə bilər. Ona görə də elektron siqaretlərin uzun müddət istifadə edilməsi məqsədə uyğun sayılmır. Əslində elektron siqaret siqaretdən uzaqlaşma məqsədi ilə ortaya çıxmışdı. Mahiyyət siqaretdən uzaq durmaq idi. Amma təəssüflər olsun ki, üçüncü ölkədən keyfiyyət parametrləri aşağı olan elektron siqaretlərdə istifadə olan damcılar, mayelər gətirilir ki, bunun da xeyli zərərli təsiri vardır. Elektron siqaretin aparatı çox bahadır. Təxminən 150 dollar civarında dəyişir. Bundan istifadə edənlər birmənalı qəbul etməsi lazımdır ki, elektron siqaretlər orqanizmə təsirsiz ötüşmür”.

“Elektron siqaretlərin açıq-açıq reklamını da edirlər”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sualımıza münasibəti belə oldu: “Tütün və tütün məmulatları haqqında Milli Məclisdə müzakirə olunanda mən çıxış edib qeyd etdim ki, elektron siqaretlər qadağan olunmalıdır. Elektron siqaret nə tütün məmulatı deyil ki, ona lisenziya verilsin, nə də elektron mal deyil. İkisinin xarakterini daşıyır. İnsanlar da bu boşluqdan istifadə edib zərərli vərdişlərə düçar olurlar. Son dövrlər elektron siqaretlərin açıq-açıq reklamını da edirlər. Elektron siqaretlər birmənalı olaraq orqanizmə zərərlidir. Lakin dediyim kimi bunun açıq reklamı da gedir, maarifləndirmə işləri də aparılır ki, satış artsın. İnsanlar da siqaretdən qurtulmaq məqsədi ilə, elektron siqaretdən və ya qəlyandan istifadəyə yönəlirlər”.

Ruzbeh Məmməd