Qeyri-neft sektorunun payı 56,3%-ə yüksəlib

0
177
Cari ilin ilk yarısında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,1% artaraq 28,7 milyard manat təşkil edib. 
ÜDM istehsalının 56,3%-i qeyri-neft sektorunun payına düşüb ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7% artım deməkdir. Qeyri-neft sektorundakı artımdan fərqli olaraq, istehsal neft-qaz sektorunda 3,9% azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda məlumat verilir. Hesabatda qeyd olunur ki, ilin ilk yarısında ölkədə 21,2 milyon ton neft və 9,1 milyard kubmetr əmtəəlik qaz hasil edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə neft hasilatı 2,7% azalıb, əmtəəlik qaz hasilatı isə 2,2% artıb. Elektrik enerjisinin istehsalı bir il əvvəllə müqayisədə 3,2% artaraq 10,8 milyard kVt saata çatıb.

 260,7 min ton kartof, 342,4 min ton tərəvəz yığılıb

Aqrar bölmədə yaz-tarla işləri başa çatıb. İyun ayının 24-nə kimi 357,8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq, 28 min hektar sahədə dənli və dənli paxlalılar, 36,9 min hektar sahədə dən üçün qarğıdalı, 76 min hektar sahədə tərəvəz, 61,7 min hektar sahədə kartof, 22,9 min hektar sahədə pambıq, 28 min hektar sahədə bostan bitkiləri, 5,7 min hektar sahədə şəkər çuğunduru, 11,7 min hektarda dən üçün günəbaxan və s. əkilib. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 5,2 min hektar, dənli və dənli paxlaların əkin sahəsi 5,3 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 1,7 min hektar, tərəvəzin əkin sahəsi 1,2 min hektar, kartofun əkin sahəsi 3,6 min hektar azalıb, eyni zamanda dən üçün günəbaxanın əkin sahəsi 2,4 min hektar, şəkər çuğundurunun əkin sahəsi 240 hektar artıb.

Yığım başlanandan tarlalardan 260,7 min ton kartof, 342,4 min ton tərəvəz, 90,8 min ton meyvə və giləmeyvə, 44,2 min ton bostan məhsulları, 230,4 ton yaşıl çay yarpağı toplanıb.

Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 1% artaraq 2 milyon 724,1 min başa, qoyun və keçilərin sayı 1,1% çoxalaraq 8 milyon 841,2 min başa çatıb. Bu dövrdə 1,9% çox və ya diri çəkidə 220,7 min ton ət, 3,1% çox, yaxud 929,2 min ton süd, 12,2% çox və ya 768,8 milyon ədəd yumurta, 2,1% çox, yaxud 15 min ton yun istehsal edilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda isə qeyd olunur ki, iyulun 7-nə kimi 2014-cü ilin məhsulu üçün biçiləcək 961 min 16 hektar sahənin 852 min 997 hektarı (88,8%) biçilib və 1 milyon 926 min 778 ton taxıl istehsal olunub. Ondan 1 milyon 239 min 186 tonunu buğda təşkil edir. Hər hektardan məhsuldarlıq isə 23,7 sentner olub.

Sənayenin neft-qaz sektorunda məhsul istehsalı azalıb

Bu ilin birinci yarısında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 16,9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% az sənaye məhsulu istehsal olunub. Məhsulun 12,3 milyard manatı və ya 72,9%-i mədənçıxarma bölməsində istehsal olunub. Sənayenin emal bölməsində altı ay ərzində 3,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bölmədə qida məhsulları istehsalı 2,4%, geyim istehsalı 30,9%, tikinti materiallarının istehsalı 16,8%, mebel istehsalı 17,2% artıb. Qeyri-neft emal sənayesində 2,4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,7% çox sənaye məhsulu istehsal olunub. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2% artıb, neft-qaz sektorunda isə 3,4% azalıb.

 Ərzaq məhsullarının qiymətləri 2,9% ucuzlaşıb

Altı ay ərzində əhali istehlak bazarından 10,1 milyard manatlıq istehlak malları alıb və göstərilən xidmətlərin müqabilində 2 milyard 982,5 milyon manat ödəyib. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,9%, o cümlədən ərzaq məhsullarının satışı 2,8%, qeyri-ərzaq mallarının satışı 15,5%, pullu xidmətlərin həcmi 6,9% artıb. 2014-cü ilin birinci yarısında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1 milyon 190,8 min manatlıq qeyri-ərzaq malları və 124 min manatlıq ərzaq məhsulları satılıb.

İyun ayında may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% ucuzlaşıb, xidmət tarifləri isə 0,2% bahalaşıb. 2013-cü ilin müvafiq dövrünə nisbətən yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 3,6%, xidmət tarifləri 0,3% bahalaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here