Mingəçevir Dövlət Universitetində Qurtuluş Günü və “Məzun günü” qeyd edilib   

0
883

 

Mingəçevir Dövlət Universiteti ali təhsil ocağını bitirənlər üçün növbəti buraxılış gecəsini keçirib. Universitet “Məzun gecəsi” ilə yanaşı, 15 İyun – Milli Qurtuluş Gününü də qeyd edib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edərək məzunlara ürək sözlərini çatdırıb və universitetin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu gün Mingəçevir Dövlət Universiteti, sözün əsl mənasında, inkişaf mərhələsini yaşayır. O, Mingəçevir Dövlət Universiteti müxtəlif proqramlar və layihələr üzrə dünyanın bir neçə universiteti ilə əməkdaşlıq etdiyini və həmin universitetlərlə tələbə-müəllim mübadiləsi apardığını qeyd edib. Onun sözlərinə görə, 2016-2017-ci tədris ilində universitet 19 ixtisas üzrə tədris aparıb: “Bu il universitetdə bakalavr təhsil pilləsi üzrə 13 ixtisasda 383 nəfər tələbə məzun olur. Rektor vurğulayıb ki, ölkə və şəhər rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsi olaraq gənclərimiz intelektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar. O, məzunlara gələcək fəaliyyətində nailiyyətlər, mənsub olduqları xalqın, dövlətin adını ləyaqətlə, daim uca tutmağa arzulayıb.

\Tədbirdə cıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov universitetin professor-müəllim və tələbə heyətini Qurtuluş Günü və Məzun günü münasibətilə təbrik edib, bu ikiqat bayram günündə hər kəsə uğurlar və müvəffəqiyyət arzu edib. Qeyd edib ki, 99 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq ölkəmizdə demokratik respublika yaradılıb: “Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yarandı. Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başladı və bu gün də bu dövr davam edir. Bütün xoşagəlməz hallara, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ölkəyə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından çıxa bildi. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir”.

Niyazi Bayramov bildirib ki, müstəqilliyimizin bərpası və onun qorunması üçün biz ulu öndər Heydər Əliyevə və onun layıqli siyasi davamçısı president İlham Əliyevə minnətdar olmalıyıq. O bir daha bütün Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edib.

Azərbaycan İES MMC-nin direktoru Gülağa Bəşirov, Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov da təbriklərə qoşulublar.  Pedaqoji fakültənin dekanı, dosent Qəhrəman Kələşov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli, Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev tələbəlik xatirələrini məzunlarla bölüşüblər. Məzunlara tövsiyələrini və təbriklərini ərmağan ediblər.

Sonra universitetdə təhsil aldıqları müddətdə elmdə, təhsildə və ictimai işlərdə fəal iştirak edən bir sıra tələbələr Fəxri fərmanla təltif olunublar.

Məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib. Şən musiqi sədaları altında davam edən tədbir atəşfəşanlıqla yekunlaşıb.

 

Esmira Hidayətova, Mingəçevir