Əjdər Ağayev: “Bu dəyişikliklər zamanın tələbindən meydana çıxır”

0
625

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” Qanuna dəyişiklik məsələsi müzakirə olunub. Qanuna üç dəyişiklik nəzərdə tutulur.

Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq. Qanuna nəzərdə tutulan dəyişikliyin məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəlb olunacaq. Sonra müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəfəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbulu məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək. Hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur. Qanun layihəsi sonda səsə qoyularaq qəbul edilib.

“Mən bunu təqdir eləyirəm”

“Təhsil haqqında” Qanuna bu dəyişiklik birmənalı qarşılanmır və müxtəlif fikirlər səsləndirilir. Bunu tənqid edənlər də var, tərəfini tutanlar da.

Azərbaycan Təhsil Şurasının sədri, təhsil üzrə tanınmış ekspert Əjdər Ağayev  “Yeniavaz”a açıqlamasında bu dəyişikliyi təqdir etdiyini bildirib. Onun sözlərinə görə, bu addım sosial və ictimai baxımdan əhəmiyyətlidir: “Mən bu fikirdəyəm ki, “Təhsil haqqında” Qanuna edilən bu dəyişikliklər zamanın, dövrün tələbindən meydana çıxır. Hətta su da bir yerdə qalanda iylənir. Biz eyni cür yanaşmalarla gedirik – Dövlət İmtahan Mərkəzi müəyyən edir ki, 250-300 bal toplayanlar universitetlərə qəbul olacaq. Qalanlar isə yer-yurd tapa bilmir, ya xaricə gedir, ya işsiz-gücsüz qalır, əyriliklərə varırlar. Ona görə də belə bir yanaşma, yəni aşağı bal toplayanların imtahansız olaraq hazırlığa qəbulu normaldır, amma 1 ildən sonra imtahan verməlidirlər. İmtahanı verəcəklərsə, keçəcəklər, verməyəcəklərsə, qəbul olmayacaqlar. Mən bunu təqdir eləyirəm. Bu, sosial baxımdan da əhəmiyyətlidir, ictimai baxımdan da əhəmiyyətlidir. Hesab edirəm ki, təhsilimizin inkişafına təsir göstərəcək, amma bir şərt var – ali məktəblər, yəni bakalavrları qəbul eləyənlər şəffaflığa, ədalətə, obyektivliyə diqqət yetirsinlər. Yəni hər şey düz olsun, saf olsun. Belə olsa, mən bunu faydalı hesab eləyirəm”.

“Bunlar yoxsa, effekti olmayacaq”

Əjdər Ağayev dedi ki, bu yolla insanların təhsil almasına şərait yaradılır: “Mən belə hesab edirəm ki, bu məsələ digər aspektlərdən daha çox insanların təhsil alma şəraitinin yaradılması kimi qiymətləndirilməlidir. Çünki nə qədər zəif insan olursa olsun, bir il hazırlıq keçəndən sonra mən inanmıram ki, qeyri-məqbul ala, zəif nəticə göstərə. Mən ilk olaraq bu məqamı düşünürəm ki, faydalıdır. Maliyyə xaricə getməsin deyənlərə gəlincə, bu fikirləri real hesab etmirəm. İstəyən adam xaricə gedəcək və pulunu verib təhsilini alacaq. Xaric ancaq təhsil almaq üçün deyil, həmin adamlar orada həm də iş tapıb işləyirlər, burada iş tapmaq imkanı azdır. Müəyyən dərəcədə bu fikirlər ola bilsin uyğun gəlir, amma bu addım xaricə valyuta axınının qarşısını almaq üçün imkan deyil.

Bilirsiniz, bu ənənəni xaricilər çoxdan götürüb, orada desən ki, bir nəfər azərbaycanlı pul verir ki, uşağıma yalandan yuxarı qiymət yaz, dərsini bilməsə də olar, deyər “bu adam dəli olub, nədir”. Amma bu tendensiya bizdə gör neçə illərdir var. Ona görə də bizi xariclə birbaşa, qoşa müqayisə eləmək mümkün deyil. Bizim özümüzdə oğlanlarımıza, qızlarımıza təhsilalma şəraiti yaradılır və mən ancaq bunu qiymətləndirirəm. Deyirlər ki, çox adam daxil olsun, amma oxuya bilməyənlər kənarda qalsın – xaricdəki kimi. Bizdə bu mümkün olan şey deyil. Çünki bizdə ali məktəblərdə təhsilalma bu saat çətin deyil ki. Mən bunu 5-ci şərt kimi qəbul eləyirəm, əsas yox. Əsas odur insanlara şərait yaradılır, mən bunu alqışlayıram. Amma bir daha xüsusi vurğulayıram – şəffaflıq, düzlük olsun. Bunlar yoxsa, effekti olmayacaq”.