“Bu Sovet dövrü deyil ki…”

0
86

“Bu gün Milli Məclisin iclasında söz verdiyim kimi təhsil problemlərinə də toxundum. Dərslərin iyun ayının ortalarına qədər uzadılmasının dərsin keyfiyyətinə hansısa müsbət təsir göstərmədiyini, əksinə həm valideynlər, həm müəllimlər, həm də şagird-tələbələr üçün maddi və başqa problemlər yaratdığını söylədim”. Bu barədə millət vəkili Fazil Mustafa bildirib.

Deputat bildirib ki, bu qərarın dəyişdirilməsini, dərslərin sentyabrın 1-dən başlaması və mayın 25-də tamamlanmasının çoxluğun maraqlarına uyğun gəldiyini ifadə edib: “Bəzən deyirlər ki, Avropa ölkələrində cəmi 45 gün tətil edirlər, ancaq bir şeyi unutmayın ki, orada təhsil hamı üçün əlçatandır və məktəbin görünməyən xərcləri valideynin çiynində deyil. Mən də istərdim ki, uşaqlar məktəbdə daha çox olsunlar, oxusunlar, ancaq sual olunur, hansı məktəbdə? İdman üçün şərait yox, üzgüçülük hovuzu yox, sinif otaqlarında, auditoriyalarda adicə kondisioner yox, üstəlik, onları məktəbə daşıyacaq avtobusdan başqa ictimai nəqliyyat yox, zavallı müəllimin maaşı da aşağı səviyyədə. Bir çox valideyn gün ərzində avtomobillə bir neçə dəfə məktəbə gedib-gəlməli olur ki, uşağının təhlükəsizliyini təmin etsin”.

Fazil Mustafa vurğulayıb ki, ali məktəblərin bakalavr pilləsinə qəbul üçün hazırlıq qruplarının təşkil olunmasına icazə verilməsi də kütləvi savadsızlığın artmasına öz töfhəsini verəcək: “İstəmiriksə ki, adamlar xaricdə təhsil almaq üçün valyutanı ora daşımasınlar, universitetlərdə təhsilin keyfiyyətini qaldırmaq və qəbulu asanlaşdırmaq lazımdır. Buraxın kim hansı məktəbə istəyir girsin, sadəcə oxuma şərtlərini ağırlaşdırın ki, savadsız adam diplom ala bilməsin. Yəni giriş asanlaşdırılsın, çıxış çətinləşdirilsin! Təsadüfi adam diplom ala bilməsin. Avropada, Amerikada belədir. Adam ali məktəbdə illərlə oxumadan girələnmək istəyirsə, qoy pulunu izafi yerə xərcləsin. Bu Sovet dövrü deyil ki, əksəriyyət statistikaya görə ali təhsilli olsun. Hazırlıq qruplarıda oxuyub aşağı ballarla ali məktəbin birinci kursuna daxil olanların yaratdığı mühitdə yüksək balla qəbul olanların da öyrənmə rəqabəti xeyli zəifləyəcək. Hesab edirəm ki, bu Qanun da onsuz da keyfiyyəti yüksək olmayan təhsilimizi əlavə problemlərlə məşğul edəcək”.