“Sumqayıtda niyə ancaq uşaqlar zəhərlənib?”

0
127

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan uşaqlar arasında mədə-bağırsaq infeksiyasının yayılması iki gündür gündəmin əsas mövzusudur. Ötən gün “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayaraq bildirmişdi ki, uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib: “Əraziyə baxış keçirilib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur”.

Səhiyyə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkar edilib. Bildirilir ki, yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. Ümumilikdə 4 gün ərzində 136 uşaq infeksiya əlamətləri baş verib, müayinə və müalicə profilaktik məqsədlərlə xəstəxanalara hospitallaşdırılan xəstələrə yüksək səviyyədə tibbi yardım göstərilib. Hazırda 46 uşağın stasionar müalicəsi davam edir, vəziyyətləri kafidir və yaxın vaxtlarda evə yazılacaq. İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər əhali arasında sanitariya müalicə işləri davam etdirilir.

Sosial şəbəkələrdə bu mövzu ilə bağlı ən çox səsləndirilən sual isə budur ki, əgər suyun tərkibində problem var idisə, onda niyə ancaq uşaqlar zəhərlənib? Yəni infeksiya həmin sudan içən böyüklərə niyə təsir etməyib?

“Bir məktəbin, bir bağçanın uşaqları olsaydılar, onda fərqli çox şey düşünmək olardı”

Mövzunun aktuallığını nəzərə alıb suallarımızı Azərbaycan Tibb Universitetinin klinik dioqnostik laboratoriyasının həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Samir Cavadov ünvanladıq.

Samir Cavadovun sözlərinə görə, əhaliyə verilən su xlorlandığından mikroblar ölür: “”Rotavirus” infeksiyasının yayılması ilə bağlı ən çox irəli sürülən ehtimal su ilə bağlıdır. Suda zəhərlənmə deyilən bir şey ola bilməz. Çünki ora su Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən gəlir. Birincisi, oradan verilən su xlorlanır, ikincisi, əgər zəhərlənmə olsaydı, bütün Bakıda olardı, təkcə Sumqayıtda olmazdı. Mənim fikrimcə, bu hadisənin ilkin mənbədən verilən sudakı heç bir kimyəvi maddə ilə əlaqəsi yoxdur”.

S. Cavadov dedi ki, “Rotavirus” infeksiyası bu fəsillərdə aktivləşə bilir: “Xüsusilə su ilə və ən çox da uşaqlar arasında yayılır, ishal törədir. Düzdür, rəsmi hələ ki, belə bir yekun açıqlama yoxdur, ancaq böyük ehtimalla səbəb məhz su ilə bağlı olacaq. Əgər zəhərlənən uşaqlar eyni yerdə olsaydılar, bir məktəbin, bir bağçanın uşaqları olsaydılar, onda fərqli çox şey düşünmək olardı. Amma ayrı-ayrı yerdə olduqları üçün ancaq su ehtimalının üzərində dayanmaq olur”.

“Suyun tərkibindəki xlor mikrobları öldürür, amma…”

Həmsöhbətimizin dediyinə görə, “Rotavirus” maksimum bir həftə ərzində sağalır: “Çox təhlükəli virus deyil, 1 həftə ərzində sağalır. Suyun tərkibində xlor var və mikrobların hamısını öldürür. Hətta krantı açıb su süzəndə belə, xlorun iyi insanı vurur. Orada mikrobun qalması mümkün deyil. Sadəcə olaraq sonrakı yerlərdə nə isə ola bilər, yəni suyun getdiyi yerlərdə. Məsələn, tutaq ki, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən gəlir ümumi bir hovuza, oradan gəlir başqa bir yerə, oralarda nə isə ola bilər. Yaxud götürüldüyü yerlə bağlı ola bilər. Belə bir təhlükə varsa, suyu müvəqqəti olaraq qaynadıb içmək olar, amma ümumi götürəndə suyu qaynadıb içmək yaxşı bir şey deyil. Gün ərzində insan orqanizminə qaynadılmamış, 2 litr çiy su lazımdır. Lakin belə bir hadisə baş veribsə, təhlükə varsa, təbii ki, insanlara bu mərhələdə suyu qaynadıb içmək məsləhət görülür”.

“Rotavirus” daha çox uşaqlara xas olan xəstəlik törədir”

O ki qaldı son günlərin ən aktual sualına, Azərbaycan Tibb Universitetinin klinik dioqnostik laboratoriyasının həkimi dedi ki, uşaqların immun sistemi ilə böyüklərin immun sistemi fərqli olduğu üçün bu vəziyyət yaranıb: “Burada bir məqam var – uşağın orqanizmi ilə böyüklərin orqanizmi eyni deyil, immun sistemi də eyni deyil. İkincisi, “Rotavirus” daha çox uşaqlara xas olan xəstəlik törədir. Uşaqların orqanizminə daha həssasdır bu virus. Ona görə Sumqayıtda uşaqlar xəstələniblər”.

Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən aparılır. Bu mənbələrdən, magistral kəmər və şəbəkələrdən Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış ünvan və qrafiklər üzrə götürülmüş su nümunələri gündəlik yoxlanılır və hər 2 qurum tərəfindən nəzarət təmin edilir. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır. Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb.

Nicat