“Valletta” necə klubdur?

0
373

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”a ümidlər böyükdür. Təmsilçimiz artıq sabah bu turnirdə mübarizəyə qoşulacaq. Ağdam klubu II təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə qarşılaşacaq. Baxaq görək, “Valletta” necə klubdur.

“Valletta” 1943-cü ildə Maltanın paytaxtı Vallettada yaradılıb. Komanda ev oyunlarını doğma şəhərində yox, 18 min tamaşaçı tutumuna malik “Ta Qali” stadionunda keçirir. “Valletta” 3 klubun — “Valletta Prestons”, “Valletta Sent-Pouls” və II dünya müharibəsindən əvvəl 2 dəfə ölkə çempionu olmuş “Valletta Yunayted” komandalarının birləşməsi nəticəsində formalaşıb. Komanda 1904-cü ildə yaradılanda ilk adı “Valletta Yunayted” olub. Paytaxt təmsilçiləri 1934-cü ildə “Valletta Siti”, 1939-cu ildə isə “Valletta St. Pauls AFT” adı altında çıxış edib. 1943-cü ildən isə “Qarabağ”ın rəqibi “Valletta FC” adı ilə mübarizə aparır. Ümumiyyətlə, vaxtilə İngiltərənin ərazisi olmuş Maltanın paytaxtının 1886-1919-cu illər aralığında böyük futbol tarixi olub. Təsəvvür edin ki, cırtdan ölkənin mərkəzi şəhəri olan Vallettanı 14 futbol klubu həmin illərdə daxili birincilikdə təmsil edib.

“Qarabağ”ın rəqibi ölkəsində ən çox çempion adını qazanmış üçüncü komandadır. Belə ki, tarixi ərzində 22 dəfə Malta çempionu olan “Valletta” yalnız “Slima” və “Floriana”dan geri qalır. Son çempion həmçinin 13 dəfə Malta Kubokunun, 10 dəfə Superkubokunun qalibi olub. Komanda 1996-97 mövsümündə Maltada keçirilən bütün 5 ölkə titulunun hamısını qazanmaqla adından söz etdirməyi də bacarıb. 2000-2001 mövsümündə isə Malta Futbol Assosiasiyasının 100 illiyi münasibəti ilə keçirilən kubok da daxil olmaqla 6 titul qazanılıb ki, bu da rekord göstəricidir.

Malta klubu UEFA yarışlarında ilk dəfə 1993-94 cü illərdə çıxış edib. Həmin vaxt Türkiyənin “Trabzonspor” komandası ilə qarşılaşmış, evdə və səfərdə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı. “Valletta” ümumilikdə 29 dəfə avrokubokların iştirakçısı olub. Komanda 11 dəfə UEFA Kubokunda (Avropa Liqası), 8 dəfə Çempionlar Liqasında, 8 dəfə Kuboklar Kubokunda, 2 dəfə “İntertoto” kubokunda iştirak edib. “Qarabağ”ın rəqibi avrokuboklarda 4 dəfə mərhələ adlayıb. 2009-10 mövsümündə Avropa Liqasında, 1999-2000, 2011-12 və 2012-13 mövsümlərində Çempionlar Liqasında II təsnifat mərhələsinə çıxan komanda burada mübarizəni dayandırıb. Yəni Viktor Skirihanın prezidenti olduğu komanda Avropada ən yaxşı halda ikinci təsnifat mərhələsinə qədər irəliləyə bilib. Ötən mövsüm Avroliqada mübarizə aparan klub Belarus “Minsk”inə məğlub olmuşdu (1:1, 0:2).

“Valletta”nın hazırda baş məşqçisi yoxdur. Ötən mövsüm komandanı çalışdıran Mark Miller istefa verib. Hazırda komandaya məşqçi Cilbert Aqius başçılıq edir. 2001-ci ildən “Valletta”da çalışan, baş məşqçilər Mark Miller və Andre Pausun köməkçisi olmuş 40 yaşlı mütəxəssis 1990-cı ildən karyerasının sonunadək — 2013-cü ilə qədər bu komandada çıxış edib. Bu müddətdə yalnız iki dəfə icarəyə verilib. 2001-02 mövsümündə İtaliyanın “Pisa” klubunda oynayan Aqius 2013-cü ildə Maltanın “Xevkiya” komandasında top qovub.

“Valletta”nın kapitanı Rayan Feneçdir. Heyətdə isə 6 legioner var. Bunlar Gürcüstan yığmasının qapıçısı Nukri Revişvili, qambiyalı Hamza Barri, Nigeriya doğumlu ingilis Latef Elford-Alliyu, braziliyalı Denni, tunisli Abdelkarim Nafti və avstraliyalı Adrian Zahradır. Sonuncu “Valletta”nın yeni transferidir. Conatan Karuana, Stiv Borq, Rayan Feneş, Şaun Bayada, Luk Dimeks, Rayan Kamilleri Malta yığmasının üzvləridir. İan Azzopardi, Edmond Aqius, Jan-Pyerr Triqanza və Roderik Briffa əvvəllər yığmada çıxış ediblər. Nukri Revişvili Gürcüstan, Hamza Barri Qambiya millisinə çağılır, Abdülkərim Nafti isə Tunis yığmasına dəvət alıb.

“Valleta” son mövsümdə 51 xalla ölkə çempionu olub. Çempion komanda ikinci yerdə qərarlaşmış “Birkirkara”nı 1 xal qabaqlamaqla qızıl medallara sahib olub. “Valetta” son mövsümdə 32 oyunda 24 qələbə qazanıb, 5 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 3 oyunda məğlub olub. 32 görüşdə rəqib qapılarına 74 dəfə yol tapan vallettalılar öz qapılarından 21 qol buraxıblar.

Qeyd edək ki, “Valletta” ilə “Qarabağ” arasında ilk oyun 15-də  Maltada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here