Mingəçevir turizm şəhərinə çevrilir

0
355

Hazırda ölkəmizdə 530 otel fəaliyyət göstərir. Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11.7 faiz çoxdur. Bu fikirlər Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Mingəçevir Turizm Kollecinin təşkilatçılığı keçirilən “Regional turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda elmi-nəzəri konfransında səsləndirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir, Qəbələ və Bərdə Turizm İnformasiya Mərkəzlərinin, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, bölgədə fəaliyyət göstərən otellərin rəhbərləri iştirak ediblər.

 

Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov çıxış edərək Azərbaycanın turizm potensialı, turizm bazarı, perspektivlər və turizm sahəsi üçün peşəkar kadr hazırlığı barədə ətraflı məlumat verib: “Prezident İlham Əliyev tərəfindən turizm sahəsinin prioritet elan edilməsi yeni perspektivlərə yol açıb. Artıq ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi də icra edilməkdədir. Bu gün keçirilən konfrans da onun icra prosesinə köməklik məqsədi daşıyır”.

Ə.Əyyubov bildirib ki, turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən birini tutur. Turizm neft, tibb, maşınqayırma sahəsindən sonra dördüncü ən gəlirli sahələrdən biridir. Ona görə də Azərbaycanda bu sahənin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Turizm sahəsi üzrə kadr hazırlığından danışan Ə.Əyyubov artıq 11 ildir ki, rəhbərlik etdiyi kollecdə turizm və onun təşkili, mehmanxana işi və onun təşkili, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və dekorativ tətbiqi incəsənət və xalq sənəti ixtisasları üzrə kadrlar hazırlanır.

Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev bu cür önəmli müzakirələrin Mingəçevirdə təşkil olunmasını təqdirəlayiq hesab edib, Mingəçevirin turizm şəhərinə çevrildiyini, hər il minlərlə yerli və xarici qonağın şəhərə gəldiyini bildirib.

Bundan sonra turizm sahəsi üzrə çalışan mütəxəsislər “Regional turizmdə inkişaf tendensiyaları”, “Azərbaycanda turizmin inkişaf potensialı”, “Ölkəmizdə turizm bazarının mövcud vəziyyəti”, “Turizmin inkişafında kadr hazırlığının əhəmiyyəti”, “Regional turizmin inkişaf perspektivləri və turizmin inkişafında gənclərin rolu” mövzusunda məruzə ediblər. Tədbirdə turizmin daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib.

Konfrans kollecin istedadlı tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

Esmira Hidayətova, Mingəçevir