“Meydanda olanda hamının gözləri ona tərəf yönəlirdi”

0
154

Nani texnikasına görə, dünyanın ən istedadlı futbolçularından sayılır. Portuqaliyalı yarımmüdafiəçidən azarkeşlər çox şey gözləyirlər. Buna baxmayaraq, Nani bəzən etimadı doğrulda bilmir. Son mövsümdə də tam tələb olunan oyunu göstərə bilmədi. DÇ-2014-də isə fəallığı ilə seçilsə də, onun əzmkarlığı bir işə yaramadı. Adı başqa klublarla hallanan Nani çalışır ki, “Mançester Yunayted”in liderlərindən birinə çevrilsin. Təcrübəli futbolçu bu günlərdə İngiltərə mətbuatına müsahibə verib. Maraqlı olacağını nəzərə alıb, müsahibəni sizə təqdim edirik.

– Yeni mövsümdə daha güclü Nanini görəcəyikmi?

– Bu ilin başlanğıcında əvvəlkindən daha da çox işləməyə qərar vermişəm. Daha yaxşı oyunçu olmağa köklənmişəm. Hər gün məşq meydanına ayaq qoyanda daha yaxşı olmaq istəyirəm.

– Əvvəllər belə düşünmürdün ki?

– “Sportinq”də peşəkar olandan əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım. Amma yaş artdıqca daha çox əziyyət çəkmək lazım olduğunu anladım. Artıq məşq meydanında daha çox vaxt keçirirəm. Matçlara əvvəlkindən daha yaxşı köklənə bilirəm, zəif tərəflərimi inkişaf etdirmək üçün səy göstərirəm.

– Məsələn, nə edirsən?

– Topsuz oyun. Keçmişdə top məndə olmayanda oyuna çox da köklənə bilmirdim. Belə vəziyyətlərdə top mənə gələndə nə edəcəyimi bilirəm, hara və nə vaxt qaçmaq lazım olduğunu düşünürəm. Nəhayət, tək oynamağı deyil, oyunun özünü fikirləşirəm.

– Bilirik ki, Aleks Ferqyusonun futbolçu karyeran ərzində sənə dəstəyi olub. Yəqin ki, onun üzərində əziyyəti çoxdur…

– Əlbəttə. Mənə davamlı olaraq gözəl tövsiyələr verirdi. Əsasən də müdafiədə olmağımın çox önəmli olduğunu aşılayırdı. Bu, həqiqətən də belədir. “Mançester Yunayted”ə təzə gələndə hücumçu mövqeyində olmağı daha çox istəyirdim, amma artıq təcrübəliyəm və müdafiəyə kömək etməyin necə önəmli olduğunu bilirəm. Bəzən bir az geri çəkilib, rəqibi üzərinə cəlb edə bilərsən. Və beləcə sürətli əks-hücumlar etmək mümkündür.

– Kriştiano Ronaldonun 4 il öncə “Mançester Yunayted”dən ayrılması sənin karyerana necə təsir etmişdi?

– İndi nəzərə çarpmaq daha asandır (gülür). Ronaldo inanılmaz oyunçudur və meydanda olanda hamının gözləri ona tərəf yönəlirdi. Onunla oynamaqdan böyük həzz alırdım. Ancaq o gedəndən sonra digər oyunçuların özlərini göstərmək üçün fürsətin yarandığını da inkar etmək olmaz. Mən də bu fürsətdən yararlandım və nəyə qadir olduğumu göstərdim.

– “Mançester Yunayted” azarkeşi matça baxanda artıq sənin adını görmək istəyir. Klubun ulduz oyunçularından biri olmaq səni narahat etmir ki?

– Xeyr. Qiymətləndiriləcək bir iz buraxmaq üçün futbol oynayıram. Futbolu tərk etdikdən sonra insanların məni xatırlayarkən “Nani çox yaxşı futbolçu idi” deməsini istəyirəm. Bunun üçün çox işləməliyəm.

– Komandan çətin vəziyyətdə olanda azarkeşlər sənin ayağını izləyir. Bu təzyiq sənin xoşuna gəlirmi?

– Bu mənim üçün böyük qürurdur. İnsanların mənim qabiliyyətim, edə biləcəklərim və oyunu dəyişdirmə bacarığımın olduğunu deməsini eşitmişəm. Belə şeylərin olması işin öhdəsindən yaxşı gəlməyi bacarmaq deməkdir ki, bu da mənə böyük inam verir.

– Karyeranın ən uğurlu illərindən biri 2010-cu ildir. Səncə, həmin vaxt “Qızıl top”a namizədlər arasında olmalıydınmı?

– Bu haqda nəsə demək mənə düşməz. Həmin il yaxşı oynadığımı düşünürəm, amma daha da yaxşı olacağımı bilirəm və hədəfim gələn il bu mükafatın namizədləri arasında yer almaqdı. Ümid edirəm ki, bunu bacaracağam. 2010-cu ildə bəzi çətin anlarım da oldu. Məsələn, dünya çempionatında yer ala bilmədim. Bu mənim üçün çox çətin idi. Yaxşı formada idim və turnirdə önəmli işlər görə biləcəyimə inanırdım. Ancaq çiynimdən zədələndim və heyətdən kənarda qaldım. Dünya kubokuna gedə bilməyəcəyim dəqiqləşəndən sonra düşündüyüm tək şey dərhal sağalmaq və “Mançester Yunayted”in formasına qovuşmaq idi. Daim müsbət düşünüb, daha yaxşı performans nümayiş etdirmək istədim. Hətta özümü sonra daha güclü hiss etdim. Lazımsız zədələnməyin məni yenməsinə imkan verə bilməzdim.

– “Mançester Yunayted” şübhəsiz ki, yeni mövsümdə bütün kubokları qazanmaq istəyəcək…

– Elədir. Lui van Qalın rəhbərliyi altında bütün titulları qazana bilərik. Əslində ötən mövsümə də pis başlamamışdıq. Sadəcə, bəzi oyunlarda qalib gəlmək lazım olduğu təqdirdə, oyunları bərabərliklə bitirmişdik. Əminəm ki, yeni mövsümdə yavaş-yavaş istədiyimiz səviyyəyə çatacağıq. Hər kəs öz üzərində çalışacaq.

– Premyer Liqanı qazana biləcək keyfiyyətiniz var?

– Əlbəttə. “Mançester Yunayted”in hər zaman çempion olmaq bacarığı var. Hər mövsümün başlanğıcında hədəfimiz bu olur və yeni mövsümdə bunu edəcəyimizə inanırıq. Keçən mövsüm çempion olduq.

– Əsas rəqibləriniz kimlərdir?

– “Çelsi”, “Mançester Siti”, “Arsenal” və “Liverpul”. Təbii ki, digər komandalar da iddialıları büdrətməyə çalışacaqlar. “Mançester Siti” illərdir çoxlu pul xərcləyir. “Arsenal” bu mövsüm daha yaxşı komanda olacaq. Xüsusilə Məsut Özilin gəlişindən sonra gücləniblər. Özil komandanın liderinə çevrildi. “Liverpul”un çıxışı da hamını təəccübləndirməkdədir. Onlar son mövsümə inanılmaz başladılar. Qısası, güclü rəqiblərimiz çoxdur və bizə məqsədimizə çatmaq heç də asan olmayacaq. Yeni mövsümdə daha amansız mübarizə gedəcək.

– Devid Moyeslə işləmək rahat idimi? Və van Qalın ondan fərqi nədədir?

– Moyes özünü sübuta yetirmiş məşqçilərdəndir. Əgər belə olmasaydı, onu “Mançester Yunayted”in başına gətirməzdilər. Sadəcə, Moyesə bir qədər vaxt vermək lazım idi. Amma bu olmadı və onun “Mançester Yunayted”dəki işi alınmadı. Bir məşqçi iş yerini dəyişirsə, ilk vaxtlarda mütləq problemlə üzləşir. Moyes də bunu dərk edirdi. O ki qaldı van Qala, hələ onun barədə konkret danışa bilmərəm. Sadəcə onu deyim ki, güclü məşqçidir və bunu sübuta yetirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here