Minsk Qrupu və reportaj

0
119

Bəli, 24 ildir ki, “Həmsədrlər gəlirlər” başlıqlı yazılarla çıxış edirik. Mənə elə gəlir ki, bu səpkili yazıların doğru-dürüst hesabatını aparsa idim, çoxdan “Ginnesin rekordlar” kitabında özümə yer eləmişdim. Bu kiçik və mənasız girişdən sonra keçirəm əsas mətləbə…

Bəli, onlar yenə gəlirlər… Artıq onlardan biri – ATƏT Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yolüstü öz gəlişləri ilə bağlı məlumat da verib: “Əvvəllər əldə edilən razılığa əsasən fransalı və amerikalı həmkarlarımla, həmçinin səfir Kasprşiklə iyunun 10-da Emənistanda olacağıq. Biz burada prezident Serj Sarkisyan və xarici işlər naziri Nalbandyanla görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik. Ertəsi gün isə Dağlıq Qarabağa səfər etməyi planlaşdırmışıq. Həftənin sonunda isə Bakıya gedəcəyik. Həmişə olduğu kimi, bu dəfə də səfərin yekunları ilə bağlı müvafiq bəyanat verəcəyik”. Üstəlik, o, bir daha ərz edib ki, bəs həmsədrlərin əsas vəzifəsi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır: “Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”.

Bəli, neçə ildir ki, onlar, demək olar ki, elə bu sözlərdən ibarət açıqlamalar verməklə, daha doğrusu, “reportaj”la kifayətlənirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, insafən, bu tipli reportajlarla onların işləri əla gedir. Bu yerdə yadıma düşən bir olmuş əhvalatı (bu əhvalatı sənətşünas Ziyadxan Əliyevdən eşitmişəm) da yazmaqla fikrimi davam edirmək istəyirəm: deməli, belə. Sovet dönəmində bir qrup rəssam Salyandakı şahmat klubunun bədii tərtibatını verirlərmiş. Bədii fondun baş rəssamı Arif Ağamalov da onlarla imiş. Rəssamlar gündüz işləyər, axşamlar da mehmanxanda toplaşar, müxtəlif əyləncələrlə vaxtı öldürərmişlər. Bir axşam Arif müəllim deyir ki, darıxdırıcı olmamaq üçün gəlin nərd oynayaq. Hamıya müraciətlə soruşur ki, aranızda yaxşı oynayan kimdir? Hamı bir ağızdan tətbiqi sənət ustası Camaləddin Eyyubovun adını çəkir. Bundan sonra nərd ortaya gəlir və onlar başlayırlar oynamağa. Camaləddin özündən böyüyə xüsusi diqqət və hörmət göstərir: odur ki, oyunu sakit başlayır və ilk oyunu uduzur. Qələbədən kefi qalxan Arif müəllim özündən razı halda: “Balam, yaxşı oynayanınız budur?” deyə soruşur. Həmkarlarının oyununa yaxşı bələd olan yoldaşları onun bu sualına cavab olaraq bildirirlər ki, Camaləddin oynayanda adətən həmişə reportaj verir. Sizinlə oynayanda bunu görmədik. Ona görə uduzdu. Arif müəllim də o saat: “Neçə yəni reportaj?” – deyə soruşur. Camaləddin də bunun cavabında deyir ki, mən oynayanda zər atmamışdan əvvəl nə düşəcəyini deyirəm sonra da oyunumu davam etdirirəm. Arif müəllim onun dediklərini zarafat hesab edib: “Lap yaxşı! Onda sən reportajını apar, mən də oynayım”, – deyir. Camaləddin də əvvəlcə nəyin düşəcəyini deyib zəri atır və bu minvalla əvvəlcə bir oyunu udur, sonra da rəqibini “mars” edir. Bunu görən Arif müəllim deyir: “Bilirsən, bu olmadı. Gəl, sən reportajını saxla, təzədən oyanayacağıq”.

Bəli, bu həmsədrlər də hər gələndə beləcə öz reportajlarını verirlər və bizi “mars” edirlər. Vallah, həmsədrlərin belə çıxışları mənə Camaləddinin reportajını xatırladır. Elə onlar da heç əməlli-başlı araşdırma aparmadan nə deyəcəklərini əvvəlcədən götür-qoy edirlər və sonra xala xətrin qalmasın deyə “araşdırmalar” aparırlar. Deyirəm, gəlin, onlara deyək: “Bəlkə, reportajınızı saxlayasınız, cənablar?!”

Qvami Məhəbbətoğlu