İşarələr

0
148

Bir tanışım var. Çox baməzədir. O bu dəfə də məni görəndə çox maraqlı söhbətlər elədi. Hə yadımdan çıxmamış. Üstəlik, ərz etdi ki, “bəs dediklərimi bir yerə qeyd elə, lazım olar…” Etiraz etmədim. Dedi ki, əvvəllər daşdan da pul çıxarırdım, amma indi… Dalını demək istəmədi. İsrar etdim. Nə desə yaxşıdır: “İndi daş da dilə gəlib deyir ki, qaqaş, ingilis dilini bilirsən?” Bununla da hazırda ingilis dilini yaxşı bilənlərin işinin xod getdiyinə işarə etdi. Mən də bunu əlüstü yaddaşıma həkk elədim.

Daha sonra o hələ də özünə iş tapa bilməyən övladından söz açdı. Dedi ki, bəs hansı qapını döyür, bir nəticə hasil olmur. 6 il ali məktəblərdə can qoymuş övladının praktikasının olmadığını əsas gətirib onu başlarından edirlər. Dediyinə görə, get-gəllərdən bezən övladı artıq havalanmaq ərəfəsindədir. Bununla da tanışım bu məmləkətdə işsizliyin artıq bir xəstəliyə çevrildiyinə işarə etdi.

O sözünün bu yerində nəfəsini azacıq dərib dedi ki, bəs indi hamı söyləyir ki, idman sağlamlıqdır, idman insanları pis vərdişlərdən uzaqlaşdırır. Amma nədənsə elə idman verilişləri qurtarar-qurtarmaz müxtəlif markalı araqları reklam edirlər. Özü də onlardan elə bəh-bəhlə söz açırlar ki… Bununla da tanışım balansın pozulduğuna işarə etdi. Üstəlik, bu yerdə futboldan da bir qədər ətraflı danışdı. Söylədi ki, bəs oyunlarda çox qol vuranları “bombardir” adlandırılmasını heç cür başa düşə bilmir. Dediyinə görə, heç izahlı lüğətimizdə belə həmin sözə yer ayrılmayıb. Təklif etdi ki, bəs həmin sözü “qolbəyi” ilə əvəv etmək daha yaxşı olardı. Bununla da tanışım dilimizə kifayət qədər əhəmiyyət verməməyimizə işarə etdi. Üstəlik, bir maraqlı məqama da toxundu: “Bakıda evakuatorların avtomobilləri necə götürüb aparmasınını dəfələrlə izləmişəm. Maşını aparanlar o qədər cəld işləyirlər ki, onları “Formula-1″-də pit-stop da təkər dəyişənlərlə müqayisə etmək olar”. Bu mənada tanışım onların əsl avtomobil ovçuları olduqlarına işarə etdi.

Hə, o həmçinin xeyir-şər məclislərindən söz açdı… Süfrəyə o qədər naz-nemət düzürlər ki… Adamın lap “Allah rəhmət eləsin” deyə-deyə əllərini qaldırıb oynamağı gəlir. Bununla da tanışım şərin xeyir üzərində qələbə çalmağına işarə etdi.

Bu zaman bir nəfər “salam” deyib yanımızdan keçdi. Onun kim olduğu il maraqlandım. Dedi ki, bəs dünənə kimi salamımı almırmış. Özünü də elə dartırmış ki, heç eşşək arabanı belə dartmırmış. Amma tanışımın bununla nəyə işarə etdiyini başa düşməkdə çətinlik çəkdim. Handan-hana özümdə cəsarət toplayıb ondan soruşdum: “Olmaya ölkəmizdə eşşəklərin sayının azaldığına və bununla bağlı mətbuatda gedən xəbərlərə işarə edirsən? Amma düşündüklərimin çin çıxmayacağından qorxuram”. Tanışım bu dəfə də zarafatından qalmadı: “Qəm yemə, çin çıxmasa da, inşallah, kitayski çıxar