Sabir aktuallığı

0
182

“Sabir eyni səbr və təhəmmül sahibi dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə (günah) mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir”. Bu sözləri hələ ötən əsrin əvvəllərində Mirzə Cəlil öz silahdaşı Mirzə Ələkbər Sabirdən söz açarkən deyib (“Sabir barəsində xatiratım”).

Bəli, bu günlərdə Şamaxıda “Sabir poeziya günləri” keçirilib (Bu tədbirin əsası 1961-ci ildə qoyulub). Tədbir iştirakçıları hamı bir nəfər kimi Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan sonsuz ehtiramdan, xalq məhəbbətindən söz açıb. Üstəlik, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğu və olacağı diqqətə çatdırılıb. Mətləbə keçməzdən əvvəl bu aktuallıq barədə bir neçə kəlmə ərz etmək istəyirəm. Eşitdiyimə görə, ali təhsil müəssisələrinin birində Sabirin 150 illiyinə hazırlıq gedirmiş. Belə tədbirlərin birində həmkarlarından biri – Xalq rəssamı Fuad Salayev sənətşünas Ziyadxan Əliyevə üzünü tutub: “Ziyadxan, Sabir hələ bundan sonrakı yüz ildə də aktual olacaq”, – sözləri ilə fikrini yekunlaşdırıb. Sənətşünas da ona zarafatla deyib: “Fuad müəllim, axı siz niyə bizə qarğış edirsiniz? Yəni biz bundan sonrakı bir əsrdə də dəyişməyəcəyik? Axı Sabirin hələ də aktual olması heç də yaxşı hal deyil. Deməli, biz hələ də Sabirin dövründəki kimi qalmışıq və hələ uzun müddət də belə qalacağıq”. Fuad müəllim sənətşünasın zarafatla dediyi bu sözdəki həqiqəti göydə tutur və: “Sən haqlısan. Doğrudan da, bu “aktual” sözü Sabirə yönəldəndə çox fərqli mənalar verir” deyir və onlar birlikdə gülməyə başlayırlar. Odur ki, mən də Sabirdən söz düşəndə onun aktuallığının xüsusi çalarlarla vurğulanmasını istəməzdim.

Bu girişdən sonra keçid alaq Sabirlə bağlı alayı bir məsələyə… Bəli, bu dəfə “Sabir poeziya günləri” on bir ayın sultanı sayılan Ramazana düşdü… O Ramazana ki, hələ Ələkbər mollaxanada oxuyarkən yazırdı: “Tutdum orucu iramazanda, Qaldı iki gözlərim qazanda…”Bəs bunu niyə xatırladım? Mənə elə gəlir ki, bu dəfə tədbirin adı dəyişdirilsəydi, daha yaxşı olardı: “Sabir poeziya günləri” kimi yox, məsələn, “Tutdum orucu iramazanda” kimi… Axı rəhmətlik M. Ə. Sabir belə bir ayda şeir yazmaqla yanaşı, Ramazanda oruc da tutardı. Üstəlik, onu da deyək ki, uşaq yaşında mollaxanada oruc tutan Sabir böyük ədəbiyyata elə Ramazan bərəkəti ilə ayaq basıb. Sözümün “mustafa”sı odur ki, həqiqi İslamın təəssübünü çəkən, xalqı cəhalətdən qurtarmaq üçün çırpınan belə bir mütəfəkkir Ramazanın ədəbinə uyğun anılaysaydı, daha münasib olardı. Yoxsa, yeyəsən, içəsən, sonra boğazdan yuxarı dillənəsən ki, bəs… Sabir belə Sabir imiş. Kaş belə yanaşma… aktual olmayaydı.

Qvami Məhəbbətoğlu