Ramazan və Biz

0
239

Bu gün müsəlmanlar üçün sevinc günü… Yer üzünün harasında olursa olsun, hər müsəlmanın bu gün sevinəcəyi, Rəbbimizin muştuluğuna nail olacağı gün… Ramazanı şərifin əvvəli Rəhmət, ortası Məğfirət, sonu Cəhənnəm əzabından qurtuluşdur. Rəhmət ayı olaraq bilinən Ramazan yetimləri, kimsəsizləri, qəribləri, ehtiyac sahiblərini, xəstələri fikirləşmə ayıdır. Onların dərdi ilə dərdlənmə ayıdır. Kəlmeyi-şəhadət gətirərək müsəlman olan şəxs, öz nəfsindən əvvəl din qardaşının dərdi ilə dərdlənməli, bir sıxıntısı varsa həll etməlidir. Səhabeyi-kiramın həyatına baxsaq, onlar da özlərindən qabaq din qardaşlarının dərdi ilə maraqlanar bir sıxıntıları varsa, həll edərdilər. Onların əsas məqsədi ancaq və ancaq qardaş olmaq, bir-birinə yardım etmək idi. Bəs bizlər?

Səhabeyi-kiram kimi ola bilirikmi? Və ya onların izləri ilə addımlamağa çalışırıqmı? Yoxsa dərdimiz, problemimiz başımızdan aşır deyə heç bunları fikirləşməyə vaxtımız belə yoxdu? Sevginin ən bariz nümunəsi fədakarlıqdır. Bir sevginin böyüklüyü sevilənin uğrunda edilən fədakarlıqla ölçülür. O halda Allaha və dininə sevgi bəsləyən müsəlmanların, Allah yolunda infaq edib bəzi məşəqqətlərə dözmələri lazımdır. Şeyx Sədi nə gözəl deyir: “Könlünün dərdli olmasını istəmirsənsə, dərdli könülləri dərdlərindən qurtar”. Bəli, biz də dərdli könülləri arayıb axtarıb onların könüllərinə məlhəm olmalıyıq.

İslamın beş şərtindən biri də Ramazan ayında oruc tutmaqdır. Oruc tutmaq imsakdan başlayaraq, axşam günəşin batışına qədər olan bir vaxtdır. Oruc tutan şəxs yemək və içməkdən özünü qoruduğu kimi cinsi əlaqə və haramlardan da özünü qorumalıdır. Ramazan ayı girdikdə “Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır və azğın şeytanlar zəncirə vurulur”. Oruc ibadəti yalnız Ümməti Muhəmmədə fərz edilməmişdir. Uca Allah müqəddəs kitabımız Qurani Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi sizə də fərz edildi ki ( bunun vasitəsi ilə ) siz pis əməllərdən çəkinəsiz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir”. (Bəqərə 183-184)

Ramazan ayı Qurani Kərimdə adı çəkilən tək aydır. Allah-Təala onun yalnız adını anmaqla kifayətlənməmiş, eyni zamanda onu Oruc ayı olaraq müəyyən etmişdir. Məhz bu üstünlükləri səbəbi ilə mədəniyyətimizdə “On bir ayın Sulanı” olaraq qəbul edilmişdir. İslam ilə eyni mənalara gələn Ramazan kəlməsi bizə mübarək bir vaxtı, tam bir rahatlıq mühitini xatırladır. Qəməri aylardan doqquzuncusu olan ramazan ayı boyunca müsəlmanlar cəmiyyət olaraq ibadət içində olurlar. Ramazan elmin, inancın, ibadətin, əxlaqın, həmrəyliyin, qardaşlığın daha da mükəmməlləşdirilməsi üçün müsəlmanlara hədiyyə edilmiş bərəkətli bir təlim-tərbiyə mövsümüdür. Ramazan ayı bərəkətdir, ziyafətdir, zərafətdir, ibadətdir, rəhmətdir, məğfirətdir… Rəbbim bizləri bu Ramazandan layiqi ilə istifadə edən Qullarından Eyləsin. Tutduğumuz Orucları, Qılmış olacağımız Təravih və Təhəccüd namazlarımızı qəbul eyləsin. Amin!

İlahiyyatçı islamşünas Kərimov Mübariz İsa oğlu. Bakı İslam universitetinin ilahiyyat islamşünasliq fakulrəsinin məzunu