On bir ayın sultanı

0
177

Bu gün müqəddəs və mübarək Ramazan ayı başlayır. İnsanların on bir ay səbirsizliklə gözlədikləri gün gəlib çatıb. Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacib sayılır. Çünki oruc İslamın beş fərzindən biridir. Ağıllı, yetkinlik yaşına çatmış hər bir şəxs oruc tutmalıdır. Bir ay ərzində müsəlmanlar ulu Yaradanın buyuruğunu yerinə yetirib günün işıqlı vaxtında oruc tutmaqla yemək-içməkdən və bəzi əməllərdən uzaq olacaqlar.
Müqəddəs “Qurani-Şərif”də buyurulduğu kimi, Ramazan ayı müsəlmanlar üçün həm də bir sınaq dövrü, özünə, Tanrısına dönüş məqamları ilə xarakterizə edilir.
May ayının 27-dən (şənbə günü) başlayan Ramazan ayı iyunun 25-dək davam edəcək. Orucluğun ibadətlərini yerinə yetirmək istəyənlər bu müddəti həm fiziki sağlamlaşma, həm də mənəvi paklaşma kimi qəbul edirlər. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb.
Ramazan ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət zamanıdır. Ramazanda min aydan xeyirli olan Qədir gecəsi var. On bir ayın sultanı olan Ramazan müsəlmanın din və dünya işlərinin düzəldilməsinə köməkdir. Duaların daha çox qəbul edildiyi Ramazanda oruc tutmağın fəziləti ilə əlaqədar həddindən artıq hədislər var.
Ramazan ayında baş verən tarixi hadisələr İslamın hər bir işin haqqını verdiyini, orucun simvolunun güc, qüvvət, əməl olduğunu göstərir. Hər hansı bir ibadət və ya başqa dini vəzifə müsəlmanı həyatdan, yaşayışını təmin etməkdən uzaqlaşdırmır. Buna görə heç bir insan orucun dünya işlərindən onu uzaqlaşdırdığını, cəmiyyətlərin geriləməsinə səbəb olduğunu deyə bilməz. Unutmayaq ki, İslam dinlərin ən mükəmməlidir. Buna görə Tanrı yolçuluqda, savaşda orucu pozmağa icazə verib.
Sağlam olmaq istəyirsənsə oruc tut. Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Müəyyən xroniki xəstəliklər orucla müalicə edilir. Oruc tutmaq bəzi dəri xəstəliklərinin sağaldılmasında, mədənin gün ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Buna görə bəzi ölkələrdə bu üsulla müalicə edən xəstəxanalar fəaliyyət göstərir. Belələrindən biri doktor Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki xəstəxanasıdır.
Oruclu adam cəsarətli olur. Gün ərzində iki dəfə yemək ən ideal qidalanmadır. İmtahana girən tələbələr üzərində aparılan müşahidələr nəticəsində məlum olub ki, orucun həyəcanlara, qorxulara, unutqanlıqlara qarşı da inkaredilməz müsbət təsiri var. Tədqiqatlar orucun cəsarət hissini artırdığını, ruhu sakitləşdirdiyini təsbit edib.
Oruc mənfi hisslərin qarşısını almaqda da bənzərsizdir. Çox yemək qandakı bəzi hormonların səviyyəsini çoxaldır. Oruc isə bu hissləri azaldaraq insanın işgüzar şüurunu artırır. Oruc beyni gücləndirir. Minlərlə kitabın Ramazan ayında və ya müəlliflərin oruc tutduqları günlərdə yazılması barədə də kifayət qədər faktlar mövcuddur.
Oruc əxlaq məktəbidir. İbadətlərin özünəməxsus vaxtları var. Fərz olan orucun vaxtı Ramazan ayıdır. Allah-təala buyurur: “Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır”. Bu ay Quran nazil olduğu üçün Ramazana “Quran ayı” da deyirlər.
Həzrəti Mühəmmədə (s.ə.v.) peyğəmbərlik vəzifəsi məhz bu ayda verilib. Min aydan daha xeyirli olduğu “Qurani-Kərim”də bildirilən “Qədr gecəsi” də bu ayın bəxtinə düşüb. İslamın əsas beş şərtindən biri olan oruc ibadəti bu aya məxsusdur. “Təravih” namazı da, sadəcə, Ramazan ayında qılınır.
Oruc bir ay yalnız ac qalma hadisəsi deyil. O, insanın iradəsini gücləndirən, pis adətlərdən təmizləyən, çirkin davranışlardan uzaqlaşdıran və bunları yaxşıları ilə əvəz edən əxlaq təlimidir. Oruc ancaq yeyib-içməkdən uzaqlaşmaq deyil, həm də günah sayılan bütün davranışlardan özünü qorumaqdır. Oruc ay təqviminə, yəni, qəməri aylara uyğun tutulur. Bilindiyi kimi, qəməri aylar günəş təqvimindəki aylara görə, 10 gün əvvəl gəlir. Beləliklə, oruca hər il on gün əvvəl başlanıldığına görə Ramazan ayı təxminən 33 ildə bir dəfə bütün fəsilləri gəzir. Ona görə də orucluğun günləri dəyişir. Bu isə müsəlmanları ilin müxtəlif dövrlərində oruc tutmasını, beləliklə, hər fəslin çətinliyinə özünü öyrətməsini və yoxsulların ayrı-ayrı mövsümlərdə yaşadıqları sıxıntıları anlamağa kömək edir.
Orucun vaxtı əvvəllər hava ilə öyrənilir, bəzi yerlərdə isə xüsusi təyin edilmiş insanlar tərəfindən xəbər verilirdi. Xatırladaq ki, imsaq və iftar vaxtları hər gün, yaxud günaşırı bir-iki dəqiqə dəyişir, rayonlarda isə dəqiqə fərqləri olur.
Oruc niyyət ilə başlayır. Niyyəti ürəkdə də etmək olar. Səhər yeməyinə durmaq da niyyət deməkdir. Ramazan ayı adətən, 30, bəzi illərdə isə 29 gün olur. Quranda orucun bir ay olduğu açıq-aşkar bildirilir. Oruc Allah tərəfindən əmr ediləndən sonra Həzrəti Peyğəmbər (s.ə.v.) doqquz il yaşayıb və 9 dəfə Ramazan orucu tutub. Başqa sözlə, Peyğəmbərimiz (s.ə.v.) 4 dəfə 29 gün, 5 dəfə isə 30 gün Ramazan orucu tutub.

Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!”

Məhəmməd NƏRİMANOĞLU,