“Orucu başlamaq, bitirmək və bayramı təyin eləmək fətva ilədir”

0
525

İslamda ilin ayları arasında Ramazan ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Ramazan insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Biz də bu gözəl ayda Mingəçevir Heydər məscidinin naib imamı, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfovla görüşüb ona bir neçə maarifləndirici sualla müraciət etdik. Bu tipli suallarla müraciətimizin də məqsədi vardı. Çünki bu bir fakt ki, hazırda din pərdəsi altında insanlara yanlış məlumatlar verərək cəmiyyət arasında çaşqınlıq yaradanlar var. Onlar insanlara İslam dininə dəxli olmayan boş-boş, mənasız, uydurma nağıllar danışırlar.

– Orucluqla bağlı bir sıra mətbuat orqanlarında yazılar dərc olunur. Amma fikrimizcə, onların bəziləri tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən belə məqalələr qeyri-peşəkar şəxslər tərəfindən hazırlandığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.

– İnşallah, təki Ramazan bütün Azərbaycana, bütün İslam aləminə xeyirlərə vəsilə olsun, bu gün təravi namazımıza başlayacağıq, sabahdan artıq oruc olacağıq. Öncə bəzi ölkələrə minnətdarlığımızı bildirək ki, sağ olsunlar, bütün İslam aləmini düşünərək vaxt təyinatı ilə məşğul olurlar, amma bununla bərabər unutmamaq lazımdır ki, hər ölkə özü üçün vaxt təyin edir. Azərbaycan da müstəqil ölkə olduğu üçün vaxtı özü təyin etməsi haqqıdır. Bunun üçün də yetərli istifadə edəcəyi qaynaqlar da var.

 

– Bəs əsasən problemlər nələrdir?

– Bəli, indi bütün müsəlman ölkələrində Ramazan ab-havası hökm sürür. Biz bunu televiziya kanallarında da görürük. Amma unutmamaq lazımdır ki, biz Azərbaycanda yaşıyırıq. Azərbaycanda yaşayan insanlar bu ölkənin təyin elədiyi namaz vaxtlarından istifadə etməlidir. Bu, elə-belə deyil, bu fikri qaydadır. Allahın Rəsulu (səlləllahu əleyhi və səlləm)  bildirir ki, müsəlmanların orucu bərabər tutduqlarıdır, müsəlmanların bayramı bərabər keçirdikləridir. Yəni ona görə  fərdi bir şəkildə insan istədiyi vaxt orucunu tuta, poza bilər, özü bilər. Amma orucu ümum olaraq başlamaq, bitirmək və bayramı təyin eləmək tamailə fətva ilədir, fətvaya bağlıdır, biz də bunu təmin edəcəyik. Ölkəmizdə müxtəlif məzhəblər, qruplar və s var. Biz bunlara məzhəb şəkilində deyil, məktəb şəkilində baxırıq. Məktəblər arasında da yarışın olması, xeyirdə yarışmaq ayə ilə təsdiqləndiyi kimi mümkündür, ola bilər. Hər birimiz xeyirdə yarışacağıq, bunlar mümkün olan şeydir. Ancaq bununla bərabər unutmamaq lazımdır ki, bir məzhəb sən cəhənnəmliksən, mən cənnətliyəm, sən haqsızsan, mən haqlıyam, sənin namazın doğru deyil, mənim namazım doğrudur, sənin əzanın dürüst deyil, mənim əzanım dürüstdür deməyə çalışarsa, bu artıq digərini tanımamaq olar. Başqa sözlə desək, bu, tolerantlıqdan kənar bir davranış olar. Nəticədə ölkəmizin bu günkü siyasətinə uyğun olmayan bir davranış meydana gəlmiş olar.

– Elə  insanlar var ki, bizi bu məsələdə Türkiyə, Ərəbistanlə, əgər belə demək mümkünsə, ayaqlaşmamaqda ittiham edirlər?

– Mən bunu belə cavablandırardım. Yəni siz bir evdə yaşıyırsınız. Yaşadığınız evdə 3 övladınız, onların da hər birinin 3-5 övladı var. Evinizdə namaz qılmaq üçün onlara ibadət yeri təsis eləmisiz, amma biri nəticə etibarı ilə sonradan gəlib qoşulub ərəblərə, biri türklərə, biri İrana. Biri deyir mən haqqam, o biri deyir mən doğruyam və sairə. Və bunlar artıq bir-biri ilə bir çatışmaya girirlər. Bir ata, bir valideyin olaraq, bizim üzərimizə düşən iş nədir? Şübhəsiz, ağlın yönü birdir. Burada lazım olan şey ortaq bir vaxt təyin edib, doğru istiqaməti orta istiqamətə tutmaqdır. Yəni ölkəmizdə də təyin olunan şey budur. Bəli, ortaq nöqtədə bir qərar verilir və bu qərara məzhəbindən, məktəbindən hər kəsin tabe olması gərəkdir. Bir də mən belələrinə demək istəyirəm: Başqa ölkənin bizim üçün təyin elədiyi vaxtın haqq olduğunu hardan bilərsiniz? Ona görə də biz “mən onu deyil bunu istəyirəm, bunu deyil onu istəyirəm” demə haqqını heç kimdə görməməliyik. Bu doğru anlayış deyil. Doğru olan insanların peyğımbərimizin buyurduğu kimi başınıza qara dərili, qıvrım saçlı bir kölə belə təyin olunsa, ona itaət edin deyildiyi kimidir. Bizim İslam şəriəti içərisində bizə fətvaları verdikləri müddətcə biz bu şeyləri itaət etməkdə də məcburuq. Yəni dini qurumun bizə verəcəyi qərarlar şübhəsiz ki, İslam dininin şəriət hökümləri çərçivəsindədir. Bizim də bu istiqamətdə hərəkət etməyimiz normal haldır.

Fürsətdən istifadə edib gənclərimizə tövsiyyəm bu olardı ki, bu kimi məsələləri mütləq dini qurumların iş başında olan bilikli, elimli insanlarından soruşsunlar. Bunun xaricində başqalarından bəzən ciddi təhlükələrə yol aça bilər.

Esmira Hidayətova, Mingəçevir