Kərbəlayı Zalın günündəyəm

0
170

Əbdürrəhim bəy Haqverdiyevin bomba kimi bir hekayəsi var. Adı da elə “Bomba”dır. Həmin əsərdə qorodovoy Kərbəlayı Zaldan söhbət açılır. 25 ildən artıq dövlət qulluğunda çalışan Kərbalayı Zal pensiya alıb, rahat yaşamaq ümidi ilə yaşayır. Lakin işləri öz qaydası ilə getmir. Belə ki, fəaliyyəti dövründə ortaya hələ də bir əşyayi-dəlil qoyaraq özünün sadiq işçi olduğunu sübut edə bilməyib. Odur ki, hər gün naçalniki onu o ki var danlayır. Yəni deyir ki, dünən işə başlayan uşaq nəsə tapır, hökumətdən ad-san qazanır, mənsəbə çatır, bu yolla başımızı uca edir, sən isə… Kərbəlayı Zal da başlayır, necə deyərlər, daha ciddi rejimdə “işləməyə”…

Nəhayət, gecə vaxtı evinə bir kisə qarpız aparan bir nəfərə – Feyzulla kişiyə, sözün həqiqi mənasında, ilişir. Haray salıb başına bütün küçədəki qorodovoyları yığır kı, nə var, nə var, Feyzulla kişi evinə bomba gətirib. Yoxlama zamanı məlum olur ki, Feyzullanın evinə gətirdiyi bomba yox, 5-6 ədəd qarpız imiş… Və bu “tapıntıdan” sonra Kərbəlayi Zal işdən azad olunur.

İndi mən də bu saat həmin o Kərbəlayı Zalın günündəyəm. Qorodovoy, bağışlayın, həyat yoldaşım neçə gündür baş-qulağımı aparır. Deyir ki, bəs neçə ildir mətbuat aləmində külüng vurursan, di gəl, indiyədək adına heç it dəftərində də rast gəlinmir. Halbuki dünən bu aləmə baş vuranların sorağı haradan desən, oradan gəlir. Özü də necə? Heç olmasa, sən də bir nəfərə ayaqqabı at, bir məmura hədə-qorxu gəl, yaxud da hansısa restoranda, barda yeyib-içib bir səviyyəli dava sal… Ya da şantaj et ki, sənə də heç olmasa, onların təpiyi, yumruğu dəysin: cangüdənləri başına min bir oyun açsınlar… Sən də ondan sonra düş beynəlxalq qurumların canına ki, bəs günün günorta çağı mənim hüquqlarım açıq-aşkar pozulub. Durmayın, gəlin bərpa edin. Özün bilirsən də, indi dünyanın əksər qurumları belə şeylərə o saat reaksiya verirlər… Mən hələ onların bu və ya digər hadisələrə necə rəng verdiklərini demirəm. Heç bilirsən, onda necə olar? Bütün aləm səndən danışar e… Bir neçə saat ərzində aləmdə məşhur olarsan e… Qapımıza biri gələr, biri gedər… Mən də, o nədi, hə, müsahibə verməklə ekranları, efirləri zəbt edərəm. Ay yetim, bəlkə sənə də belə haray-şivənlik düşdü… Bəlkə, elə xarici bir ölkəyə göndərən, üstəlik, sığınacaq verən də tapıldı. Yaşa da özün üçün həmin ölkələrdə. Bəlkə, mən də ondan sonra sayəndə bir gün gördüm. Mən də toyda, yasda bu barədə söz düşəndə təşəxxüs sata-sata deyərəm ki, bəs haqqında danışdığınız şəxs mənim ərimdir. Söz də düşəndə uşaqlığından, keçdiyin şərəfli yoldan birinin üstünə beşini də qoyub elə şeylər danışım ki, hamı sənin yazıqlığını çəksin. Belə olarsa, sən də olarsan bir qəhrəman. Sən isə başlamısan, ay mən belə işləyirəm; ay mən kimsənin bostanına daş ata bilmərəm; ay mən aydan arı, sudan duruyam. Kimə lazımdır axı belə şeylər?

Bir istədim bu dəfə də ona sərt üzümü göstərim. Lakin dinmədim. Amma o gündən mən də qorodovoy Kərbəlayı Zal kimi hər şeyə göz qoymağa başlamışam. Amma nə qədər çalışıram, adıma şərəf gətirəcək bir tamaşa quraşdıra bilmirəm. Görünür, belə tamaşalar üçün də istedad lazımdır. Mən isə belə istedad sahibi deyiləm.

Qvami Məhəbbətoğlu