“Hansı keyfiyyətdə, hansı möcüzəli texnologiya ilə bu mümkündür görəsən?”

0
214

“Bizdə əgər belə demək mümkünsə “regional provayder” olan “Data Plus” var, ancaq regionlarda, kəndlərdə fəaliyyət göstərir. Aktiv fəaliyyət göstərənlərdəndir. Bildiyim qədər istifadəçilərinin təxmini sayı da 40 mindir. İnterneti də ancaq “Delta Telekom”dan alır və onlayn statistikadan görsənir ki, toplam sürət də 12 gb/s-dir.

“Azercell” mobil operatoru iddia edir ki mobil bazarda liderdir. Təxminən 4-5 milyon istifadəçisinin olduğu bildirilir. Bu qurumun mobil internet istifadəçilərinin sayı haqqında dəqiq bir rəqəm demək mümkünsüzdür”. Bunu ekspert Osman Gündüz bildirib.

“Amma tutaq ki, ən azı 0.5 milyon mobil internet istifadəçisi var. Bununla belə “Azercell” interneti ancaq “Delta Telekom”dan alır və təəccüblüsü odur ki, aldığı trafikin həcmi də təxminən elə “Data Plus”dakı qədərdir: 12 gb/s. Necə ola bilər axı 40 min müştəri üçün də eyni sürət və yüz minlərlə müştəri üşün də eyni təklif? Bu trafiki istifadəçilərin sayına böldükdə, hətta məlum bölgü prinsiplərini də nəzərə alsaq belə adambaşına heç nə düşmür axı. “Azercell” mobil inetrnet istifadəçilərinin sayının hədsiz az olması da inandırıcı görsənmir”.

Ekspertin dediyinə görə, eyni situasiya “Bakcell” və “Nar” mobil operatorlarındadır: “Hər ikisi interneti digər “backbon”dan alır. Adi hesablama aparmaqla müəyyən etmək olar ki, bu operatorların “AzərTelekom” “backbone” provayderindən aldığı internet trafik daha azdır. Amma onların da mobil internet istifadəçilərinin sayı yüz minlərlədir. Bəs necə olur axı bu qədər az bir trafik yüz minlərlə internet istifadəçisi arasında bölüşdürülsün? Hansı keyfiyyətdə, hansı möcüzəli texnologiya ilə bu mümkündür görəsən? Axı hər üç operator 3G, 4G texnologiyaları əsasında xidmətlər təklif edilər”.

O. Gündüz onu da əlavə edib ki, qonşu ölkələrin mobil operatorlarının toplam internet trafiklərini, artım templərini bizimkilərlə müqayisə edəndə təəccüblənməyə bilmirsən: “Düşünürəm ki, mobil operatorlar öz strategiyalarına yenidən baxmalıdırlar, internet üzərindən yeni xidmətlər təklif etməlidirlər, səs və danışıq trafikinə əsaslanan biznes dövrü artıq başa çatıb. Bu gün səs-video zəng xidmətləri təklif edən internet resurslar bloklansa da bütün bunlar artıq “keçmiş”dir. Yeni yanaşmalar olmalıdır. Görəsən, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin tənzimləmə qurumu 40 min müştərinin və yüz minlərlə müştərinin eyni həcmdə internet istifadəsini necə izah edə bilər? Bu, mümkündürmü? Bütün bunlar məntiqlə anlaşılan deyil. Ümid edirəm operatorlar, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi bu məsələyə aydınlıq gətirəcəklər”.

Ekspert başqa bir məqama da toxunub: “Ölkədə 2 “backbone” provayder və təxminən 35 ikinci səviyyəli provayderlər var. Ölkəyə daxil olan toplam internet sürəti də təxminən 200 gb/s-dir. Rəsmi statistikaya görə, 75% əhali də internet istifadəçisidir. Onda hər bir istifadəçiyə düşən sürətə nəzər salsaq görərik ki, izahı mümkünsüz olan bir vəziyyətdir. Beynəlxalq qurumların hər bir istifadəçiyə düşən internet sürəti ilə bağlı hesabatlarından da məlumdur ki, Azərbaycan qonşu ölkələrdən çox geridədir. Baxmayaraq ki, provayderlərimiz çoxdur, bununla belə onlayn statistikadan görmək olar ki, internet bazarının təxminən 50%-i dövlət provaydrelərinin (“Bakinternet”, “Aztelekom.net” və s.) nəzarəti altındadır. Yəni, internetin keyfiyyəti ilə bağlı problemi həll etmək üçün, düşünürəm ki, öncə elə dövlət provayderlərinə nəzarəti gücləndirmək vacibdir”.

Oxundu: 119