Mingəçevirdə Ailə Günü qeyd edilib

0
509

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu münasibətlə Mingəçevir Qeydiyyat şöbəsi Heydər Əliyev Mərkəzində tədbir keçirib. Tədbirdə uzunömürlü ailələr nəvə-nəticələri ilə birgə iştirak ediblər.  Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova bildirib ki, ölkəmizdə ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub: “Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. O, milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapıb. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır”.

 Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Mahir Əliyev, Mingəçevir Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev də çıxış ediblər. Bildiriblər ki, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssaslıqla yanaşır. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır.

 Tədbirdə uzunömürlü ailələr də öz ürək sözlərini bildiriblər. Onlar ailə dəyərlərindən, uzunömürlülüyün sirlərindən danışıblar. Sonda həmin ailələrə hədiyyələr təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir.