“Dəfn komissiyası”nın qərarı

0
151

Hər şey qayınanamın ölümündən sonra başladı. Belə ki, o, torpağa tapşırılan kimi həyat yoldaşım “dəfn komissiyası”nın bütün fədailərini (nədənsə o, məni həmin tərkibə daxil etməmişdi) başına toplayıb geniş bir müşavirə keçirdi. Təbii ki, elə bu tədbirin sayəsində qayınanamın üçü, yeddisi, qırxı olduqca urvatlı keçdi (Elə bu münasibətlə aldığımız teleqramlar da buna sübutdur). Hətta həyat yoldaşımın yuxarılarda belə sözükeçən bütün tanışları öz daxili imkanları hesabına məhəllənin müxtəlif yerlərində ehsan süfrələri də açdılar. Yenə sağ olsunlar ki, üzümüzü bir az da ağartdılar (İnşallah borclu qalmarıq). İllah da ki, Moskvadakı bacanağım. Elə bir süfrə açmışdı ki, gəl görəsən. Nə yox idi süfrədə? Hətta məclisə gələnlər bilmirdilər toya gəliblər, yoxsa yasa? Xülasə, daha bilmədim bacanağım şadyanıq edir, yoxsa… Nə isə.

Bütün bu kimi tədbirlər sovuşandan sonra həyat yoldaşım dedi ki, bəs arvadın adını əbədiləşdirmək məqamıdır. Bu missiyanı isə qohum-əqrəba ilə birgə sən həyata keçirməlisən. Hətta “dəfn komissiysının” bu haqda yekdil rəyi də var. Mən bunu istehza ilə qarşılayanda həyat yoldaşım əsəbi halda dilləndi: “Ə, nə tez unutdun, anamın sənə etdiyi yaxşılıqları? Onun sayəsində kişi olub kişilər cərgəsinə qoşulmadınmı? Mənzil alıb bizi səninkilərin cəngindən məhz o qurtarmadımı? Villa, xarici maşınlar, putyovkalar… Mən hələ onun səni necə bir vəzifəyə qoyduğunun demirəm. Bir də o kimdən əskikdir ki…”

Sözünün bu yerində onun bir qədər fasilə edəcəyini düşünsəm də, az sonra bu qənaətimdə yanıldığıma əmin oldum. Sən demə, əsl həngamə hələ irəlidə imiş. O: “Bir dəfə nankorluq etdin, yetmədimi? – söyləyəndə bir istədim ki, soruşam, axı nə vaxt nankorluq etmişəm. İmkan vermədi. Ürəyimdən keçənlərdən duyuq düşmüş kimi sözünə davam etdi: “Yadındamı, anam neçə ay xəstəxanada yatdı. Həmin müddətdə vur-tut ona iki dəfə baş çəkdin. Dinmədim. O isə hələ danışırdı: “Keçənə güzəşt deyərlər. Amma sən nəyin bahasına olursa-olsun onun adını əbədiləşdirməlisən və bununla da bütün günahlarını yumalısan”.

Bu əbədiləşdirmə söhbəti məni lap ovsunladı. Odur ki, bir müddət nə deyəcəyimi bilmədim. O, susmağımdan yetərincə faydalanaraq, daha doğrusu, bunu razılıq əlaməti kimi qəbul edərək bu məsələ ilə əlaqədar əvvəlcədən qəbul olunmuş qərarla məni tanış etməyə başladı: “Deməli, belə, başlayaq dəhlizdən. Bura bir qədər balaca olsa da, onun büstü üçün əlverişlidir. Evə gələn ilk növbədə onunla qarşılaşacaq. Təbii ki, həm də onunla salamlaşmaq zorunda olacaq. Dəhliz də onun adını daşıyacaq. Qonaq otağında isə onun bütün əşyaları toplanacaq və ora mini muzey adlanacaq. Bu gündən etibarən hamamız “Qaynana hamamı,” mətbəximiz “Qaynana mətbəxi” olsun”.

Söhbətin bu yerində daha dözə bilmədim. Odur ki, dilləndim: “Elə birdəfəlik mənzilə onun adını verək də…” Elə bil həyat yoldaşıma dünyalaır bəxş etdim.

Qvami Məhəbbətoğlu