Anjey Kaspşikin fəaliyyəti nədən ibarətdir?

0
328

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki şəxsi nümayəndəsi Anjey Kaspşikdən heç bir fərqləri yoxdur”. Bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

“Anjey Kaspşikin fəaliyyəti nədən ibarətdir? O, bir-iki köməkçisi ilə cəbhə bölgəsində monitorinq aparır ki, atəşkəsə riayət olunsun. Yeri gəlmişkən, o bu vəzifədə qocaldı, hamı getsə də, o 20 ildən çoxdur ki, buralardadır. Bir xeyri də yoxdur, çünki atəşkəsə riayət edən yoxdur. Həmsədrlər də son illər eyni işi görürlər, Azərbaycana və Ermənistana gəlib münaqişənin həllini sürətləndirmək əvəzinə tərəfləri atəşkəsi riayət etməyə çağırırlar. Hər dəfə gəlməyə nə ehtiyac var ki, bu işi onsuz Kasprçik görür.

Həmsədrlər əvvəlcə aprelin əvvəlində gəldilər ki, 4 günlük müharibə bir il sonra təkrarlanmasın, indi də iyul ayında gəlməyi planlaşdırırlar ki, yay aylarında toqquşma ehtiyamlı yüksək olduğundan bunun qarşısını alsınlar. Digər vəzifələri Azərbaycan və Ermənistan prezidentlərini yaxın müddətdə görüşdürməkdir. Ancaq həmsədrlər nə atəşkəsin qorunmasına nail olur, nə də prezidentlərin görüşdürə bilirlər. Çünki özlərinə bilavasitə aid olan işlə məşğul deyillər”,-deyə ekspert qeyd edib.

Politoloq Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: “Rusiya hakimiyyəti bu ölkədə fəaliyyət göstərən azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı – Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməyə hazırlaşır. Ermənistan hakimiyyətinə və erməni lobbisinə bundan yaxşı hədiyyə ola bilməz. Moskvanın bu addımı Azərbaycan hakimiyyətinin əleyhinədir. Çünki Konqres vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevin xeyir-duası ilə yaradılıb. Hiss olunur ki, Azərbaycan rəsmiləri Konqresin qeydiyyatının ləğvinə hazırlıqdan xeyli narazıdırlar, rusiyalı rəsmilərlə görüşə səfir Polad Bülbüloğlu, Milli Məclisin hüquq komissiyasının sədri Əli Hüseynli göndərilib. Ancaq deyəsən, Azərbaycan hakimiyyətinin bütün arqumentlərini Moskvada qulaqardına vururlar. Rusiya demokratik ölkə deyil ki, rusiyalı rəsmilərin “Konqresin ləğvi bizlik deyil, məhkəmənnin qərarından asılıdır” açıqlamalarına inanaq.

Moskva niyə belə edir? Azərbaycan nə edir ki, bu Kremlin xoşuna gəlmir? Bəlkə TAP, TANAP, Bakı-Tiflis-Qars dəmiryolu xətti və digər Rusiyadan yan keçən layihələr Kremli qıcıqlandırır? Və ya işğal altındakı torpaqların geri qaytarılması məqsədilə cəbhə bölgəsində işğalçıya artırdığımız təzyiqdən narahatdırlar? Aydındır ki, rəsmi Bakı Rusiya hakimiyyətinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qala bilməz, bunun qarşılığında nəsə etməlidir. Birinci növbədə rəsmi səviyyədə qeyd edilməlidir ki, qeydiyyatın ləğvi iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Bundan sonra isə konkret fəaliyyət planı hazırlanmalıdır. Çünki Rusiya ərazisində Azərbaycan əleyhinə təxribatların sayı günü-gündən artır”.