“Ailə həyatında qarşılıqlı sevgi önəmlidir”

0
535

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu gündə, adətən, müxtəlif peşə sahiblərinin qonağı olur, onlarla bağlı yazılar hazırlayırıq. Bu dəfə isə Əməkdar jurnalist , “Qızıl qələm” və  H. B. Zərdabi mükafatları laureatı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası”  İB-nin rəhbəri,  3 uşaq atası Fərman Nəbiyevin evinin qapısını döydük.

…Bizi çox mehriban qarşılayan Fərman müəllimdən çay süfrəsi arxasında əvvəlcə ailə tarixçəsi barədə məlumat verməsini xahiş etdik. Həyat yoldaşının əlindən çay içməyin özəllikləri ilə söhbətinə giriş verən müsahibimiz Yeganə xanımla tanışlığına bu sözlərlə başladı:  “Mən uzun illər əvvəl Mingəçevir Komsomol Təşkilatının konfransı ərəfəsində konfrans nümayəndələrindən yazılar  hazırlayırdım.  Həmin dövrdə Yeganə xanım Mədəniyyət və Turizm şöbəsinın komsomol təşkilat katibi idi, konfransa da nümayəndə seçilmişdi.

Bu xanımdan müsahibə almaq istədim, bir neçə zəng və israrlı xahişdən sonra onunla görüşə bildim. Söhbət əsanasında onun normal nitq mədəniyyətinə, yüksək əxlaq və tərbiyəyə, maraqlı fikirlərə sahib olduğunu gördüm.  Yazını hazırlamaq  Yeganə xanimla növbəti dəfə görüşməkdən daha asan oldu.  Bunu yalnız  yazının çapa getməzdən öncə onun oxuması bəhanəsiylə etməyə nail oldum. Etiraf edim ki, bu xanım məni ovsunlamışdı. “Mənəvi qidadan doyuruqmu?” adlı yazı bizim dostluğumuzun təməlini qoydu…”

Bu yerdə Yeganə xanım söhbətimizə qoşuldu: “Fərman bəylə telefonda cəmiyyətimizdə baş verən hadisələr, problemlər haqqında ciddi müzakirələr edirdik. Bəzən fikir ayrılığımız olurdu, mübahisələrimiz düşürdü. Bəzən eyni foksda köklənirdik, bir nöqtəyə vururduq.  Münasibətimiz dostluq çərçivəsindən kənara çıxmırdı.  8-9 ayın ərzində biz bir-birimizə öyrəşmişdik. Hətta ondan zəng gəlməyəndə narahat olmağa başlayırdım.

Münasibətimiz haqda  anamın məlumatlı vardı. O, hər dəfə deyəndə ki: “Odla pambığın dostluğu olmaz”,  mən cavab verirdim: “Bu səhv fikirdi, biz  yaxın dostlarıq”. (Yeganə xanım ailənin 3 oğuldan sonra doğulan yeganə qız ovladı olub-müəllif).

“Siz çayınızı için”, – sözləri ilə söhbətində müəyyən fasilə yaradan Yeganə xanım sanki xəyalında o illərə qayıtdı. Sükutu Fərman müəllim pozdu:  “Bu aylar ərzində bu xanımı kifayət qədər tanıdım.  Savadlı, fəal, mehriban olduğunu aşkarladım.  Qərara aldım ki, valideynlərimi martın 8-də  elçi göndərim. Amma təklifimə onun nə deyəcəyindən ehtiyat edirdim”.

Bir gün öncə, martın 7-də:  “Xanım qız, sabah bizimkilər sizə gələcək və çox xahiş edirəm ki, “Hə” cavabı ilə qayıtsınlar” –sozlərinə Yeganə xanım fikirləşəcəyini söylədi.

Yeganə xanımın dediklərindən:  “Sözün düzü, onun bu təklifini gözləmirdim. Onunla ailə quracağımı ağlıma belə gətirmirdim.  Axı biz həssas, romantik duyğulardan heç danışmırdıq. Bəlkə də sevgi, məhəbbət mövzusu aramızda gizli gedirmiş. Mən bunu sonralar dərk etdim. Amma Fərman bəyin bütün cəhətləri məni qane edirdi. Çünki, onlar mənim evlilik meyarlarıma uyğun idi. Valideynlərim də qərarıma və seçimimə qarşı çıxmadılar. Hərdən düşünürəm ki, düzgün seçim etməsəydim, kim bilir taleyim necə olardı. İnsan evlilik məsələsində  ürəyinin və ağlının hökmü ilə qərar verməlidir”.

27 ildir birgə həyat sürən cütlüyə: “Ailədə hər hansı bir söz-söhbət yaranarsa, kim güzəştə gedir?” sualı ilə müraciət etdik. Fərman müəllim: “Mənim üçün ailənin öz sərhədləri, özünəməxsus aurası var. Odur ki, heç zaman ailədəki kiçik söz-söhbətlərə görə ali, müqəddəs olanları qurban vermək olmaz. Mənim fikrimcə, ailə həyatında qarşılıqlı sevgi önəmlidir. Bu olanda digər anlaşılmazlıqlar aradan qalxır. Bu mənada qarşılıqlı sevgi ailənin təməlidir, dayağıdır, divarlarıdır.

Bir məqamı qeyd edim. Yeni evliliyimizdə Yeganə xanımla qısqanclıq zəminində kiçik söhbətlərimiz olurdu. Bu təbiidir. Jurnalistəm, evimizə qadın da zəng edirdi, kişi də. Hiss edirdim ki, o, evdə tək olanda darıxır  və mənimlə bağlı xoşagəlməz  fikirlərə düşür. Odur ki, onu ictimai işlərə cəlb etməyə qərar verdim. Yaxşı yadımdadır,  ilk tədbirimizdə mən ona çıxış üçün söz verəndə o,  bir an duruxdu, narahat halda bir mənə, bir də zala baxdı. Mən onu baxışlarımla ürəkləndirdim və nəticədə çıxışı uğurlu alındı. Sonrakı tədbirlərdə isə onun çıxışları daha da maraqlı alınırdı. İndi o vaxtdan illər keçib. Hazırda Yeganə xanım elə peşəkarlaşıb ki, artıq özü maraqlı tədbirlər təşkil edir, yüksək səviyyəli təlimçi kimi müxtəlif mövzularda  çıxış edir. Ələlxsus da qadın məsələləri üzrə ekspertdir.

Sonra mən onu mətbuat aləminə gətirdim. 1999-cu ildə “Mingəçevir işıqları” qəzetini açanda o, mənim ilk makinaçım oldu (gülür).  Az sonra qəzetdə  yazılariyla çıxış etməyə başladı.  Artıq 16 ildir ki, Yeganə xanım özü müstəqil  jurnalist kimi fəaliyyət göstərir. Yaxşı da qələmi var. Jurnalistika üzrə Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) kurslarını keçib. 2006-cı ildən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  proqramındadır.  Bu, araşdırmaçı jurnalistlər qrupudur, vaxtaşırı hüquqi mövzularda təlimlərə qatılır, jurnalist tədqiqatı ilə məşğul olur, müsabiqələrdə iştirak edir. Davamlı olaraq  beynəlxalq tədbirlərə qoşulur. Özünün dediyi kimi, jurnalistika elə bir sahədir ki, burada sakit dayanmaq olmaz. Mütləq üzərində işləməlisən ki, istədiyinə nail olasan. Yeri gəlmişkən, Yeganə xanım  2015-ci ildə Həsən Bəy Zərdabi mükafatınana layiq görülüb”.

Cütlük daha sonra övladlarından (onların 3 övladı var) ətraflı söz açdı. Fərman müəllim bildirdi ki, valideynin  həyatda qazancı uşaqlarına yaxşı təhsil verə bilməsidir. Ailənin böyük qızı Aysel  Cənubi Koreyada təhsil alıb və hazırda İstanbulda Yeditepe Universitetində doktorantura pilləsində təhsilini davam etdirir. Bu yaxınlarda ailə həyatı qurub.

Ailənin ikinci qızım Günel A. Zeynallı adına musiqi kollecinin nəzəriyyə şöbəsini bitirib. Amma aldığı təhsili yetərli saymayıb. Hazırda o, İsveçrənin  Montre Biznes Universitetində ikinci təhsilini alır. Oğulları Elnur isə Ankarada Qazi və paralel olaraq Anadolu universitetlərini bitirib. Hazırda Qazi Universitetinin magistridir.

“Övladlarımızdan razıyıq. Bilirik ki, gələcəklərinin təminatı var. Valideynin bundan böyük, məncə, mükafatı ola bilməz”-Fərman müəllim belə deyir və   uşaqların təlim və tərbiyəsinin əhəmiyyətinə diqqəti yönəldir: “Bu gün cəmiyyətdə bizi narahat edən istənilən problemin kökündə təhsil və tərbiyə dayanır. Bu, insanın taleyində, iş həyatında böyük rol oynayır. Hər bir valideyn övladının normal əxlaqı və təhsili üçün capital yatırsa, bundan həm cəmiyyət, həm də ailənin özü faydalanar”.

Yeganə xanım  həm də nəzəriyyə müəllimidir.  O piano, royal görəndə etinasız qala bilmir: “Musiqinin dili yoxdur. O, hamını mehribanlaşdırır. Musiqini çox sevirəm, jurnalistikaya sonradan gəlişim məni musiqidən ayırmadı. Jurnalist həmkarlarımla bir yerdə olanda və royal arxasına keçib musiqilərimizi ifa edəndə hiss edirəm ki,  bəziləri mənə həsəd aparır. Hərdən məni ilk dəfə piano arxasında görəndə isə: “Sənin bu qabiliyyətin də varmış?”, -təəccüblənirlər.

P.S. Saatların necə keçməsindən xəbərim olmadı. Müsahibənin bitməsinə baxmayaraq, mən bu evin aurasından, onun  mehriban sakinlərindən və  aldığım müsbət enerjidən ayrılmaq istəmirdim. Çünki bu ocaq hər şeyə halal zəhmətiylə nail olan   mehriban, gülərüz bir ailənin məkanıdır.

Esmira Hidayətova, Mingəçevir.