MDU-da Strateji Yol Xəritəsi müzakirə olunub

0
458

Mingəçevir Dövlət Universitetində “Milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə Strateji Yol Xəritəsi: reallıqlar və hədəflər” mövzusunda elmi konfrans keçirilib.

Konfransın plenar iclasında giriş sözü ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Akif Hacıyev qeyd edib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Hacıyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Qısamüddətli dövrdə seçilmiş prioritetlərə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaq. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcək. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaq.

Sonra plenar iclasda məruzələr dinlənilib. İqtisadiyyat kafedrasının müdiri, i.f.d. Cəmilə Musayeva “Azərbaycanın milli iqtisadiyyatının inkişafında Strateji Yol Xəritəsinin rolu”, Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti i.f.d. Fərman İsgəndərov “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı sahələrinin genişləndirilməsi məsələləri”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dos. Nüşabə Qədimli “Strteji Yol Xəritəsi kontekstində sığorta bazarının inkişaf meylləri”, İqtisadiyyat kafedrasının müəllimi, Azərbaycan Turizm və Menecment Universitetinin dissertantı Cəlil Bağırov “Azərbaycanın turizm potensialı və onun inkişafının strateji istiqamətləri”, İqtisadiyyat kafedrasının müəllimi, Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Yeganə Məmmədli “Kənd təsərrüfatında innovasiya siyasəti və kadr hazırlığı” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın işi çərçivəsində 2 bölmədə – “İstehsalın iqtisadiyyatı” və “Xidmət və sosial infrastruktur” bölmələrinin iclaslarında qoyulan 17 problem üzrə təqdim edilərək tezislər müzakirə olunub.

Esmira Hidayətova