3 saylı məktəb növbəti tədbirini keçirib

0
290

Mingəçevir 3 saylı tam orta məktəbdə silsilə tədbirlər davam edir. Bu dəfə məktəbin təşəbbüsü ilə, alman faşizmi üzərində qələbənin 72-ci ildönümü ilə bağlı vətənpərvərlik mövzusunda görüş keçirilib. Tədbirdə Aprel döyüşlərində şəhid olmuş şəhidlərin valideyinləri, Böyük Vətən Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsi veteranları da iştirak ediblər.

Tədbirdə müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda, eləcədə 2016-cı il Aprel döyüşlərində şəhid olmuşların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib. Məktəbin direktoru Kəmalə Tahirova keçirilən tədbirin əhəmiyyətindən söz açmaqla yanaşı, şəhidlərimiz barədə də ətraflı məlumat verib. Daha sonra məktəb şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya nümayiş etdirilib.

Böyük Vətən Müharibəsi veteranları adından danışan Tahir Məmmədov düşmən tapdağı altında olan torpaqlarımızın azad olunacağını əminliklə dilə gətirib. Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından azad etmək üçün yenidən döyüşməyə hazır olduğunu vurğulayıblar: “Biz bu ağır yükü və problemi gələcək nəsilə saxlamamlıyıq. Erməni daşnakları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə görə mütləq öz layiqli cəzalarını alacaqlar”. “Bəli, biz öz böyük qələbəmizi gözləyirik”, – deyən Qarabağ qaziləri o günün heç də uzaqda olmadığını söyləyiblər. Qazilər  çıxışlarının sonunda gələcək yeniyetmə nəslin nümayəndələri olan məktəbli şagirdlərə öz tövsiyələrini də veriblər.

Aprel döyüşlərində şəhid olanların valideyinləri isə öz çıxışlarında Aprel döyüşlərini qələbəyə aparan şanlı yolun başlanğıcı kimi dəyərləndiriblər. Onlar həmçinin belə tədbirlər təşkil etdiklərinə görə məktəbin rəhbərliyinə, kollektivə, o cümlədən maraqlı proqramla bağlı Arzu xanım Qasımovaya, Ceyran xanım Rəsulovaya öz təşəkkürlərini də bildiriblər.

 

Esmira Hidayətova, Mingəçevir