Məktəblilər bu dəfə çayla həmrəyliyimizi nümayiş etdirdilər

0
516

Mingəçevir şəhərindəki 3 saylı beynəlmiləl tam orta məktəbdə təhsil alan şagirdlər və müəllim kollektivləri ölkəmizdə yaşayan azsaylı xalqların milli-mənəvi dəyələrinə hər zaman hörmətlə yanaşırlar. Bunu onlar keçirdikləri tədbirlərdə həmin xalqların geyimlərini, müxtəlif adət və ənənələrini nümayiş etdirməklə bir daha əyani şəkildə nümayiş etdirirlər. Bu günlərdə yenə də belə bir tədbir məktəbin akt zalında keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Həmrəyliyimiz birliyimizdir” adlı musiqili-əyləncəli tədbirdə məktəbin şagirdləri bu dəfə müxtəlif xalqların çay süfrələrindən nümunələr göstəriblər. Əvvəlcə məktəbin şagirdləri   E.Sabitoğlunun  Z.Cabbarzadənin sözlərinə bəstələdiyi “Çay” mahnısını ifa edərək öz məharətlərini göstəriblər. Daha sonra məktəbin rəqs qrupunun kollektivinin ifasında rəngarəng müsiqi nömrələri nümayiş olunub. Yeri gəlmişkən, onu da qeyd edək ki, məktəbin rəqs qrupu bu günlərdə Türkiyənin Yalova şəhərində 23 Aprel Beynəlxalq Uşaq Festivalında da iştirak ediblər.

Məktəbin direktoru Kəmalə Tahirova bizimlə söhbətində bildirib ki, həmişəki kimi məqsədimiz Azərbaycanı sülhsevər, başqa millətlərə öz qoynunda yer verən bir xalq kimi təqdim etməkdir: “Bu dəfə şagirdlərimiz müxtəlif millətlərin çay süfrələrini nümayiş etdirdilər”. Onun sözlərinə görə, Mingəçevirdə 11 xalqın nümayəndəsi yaşayır: “Onlardan da çoxunun övladları bizim məktəbdə təhsil alırlar”.

“Tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir”, – sözləri ilə söhbətini davam etdirən məktəb direktoru daha sonra dedi ki, ümumiyyətlə, məktəblərdə belə tədbirlərin keçirilməsi bir ailə kimi yaşadığımız xalqlara olan məhəbbətdən, sevgidən irəli gəlir: “Bu mənada biz həmrəyik. Həmrəyliyimiz isə birliyimiz deməkdir. Bir sözlə, belə tədbirlər həm də ölkəmizdə multikultural dəyərlərə necə hörmət olunduğundan bir daha xəbər verir”.

Qeyd edək ki, Mingəçevir şəhərindəki 3 saylı beynəlmiləl tam orta məktəbdə belə tədbirlərin təşkili artıq ənənəyə çevrilib.

 

Esmira Hidayətova, Mingəçevir