Xəzərdən başlayan səyahət Qubada

0
362

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qubaya yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər,  eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Afurca şəlaləsi ətrafında tədbir keçirildi. Azərbaycanda çoxsaylı şəlalələr var və onların hər biri öz hündürlüyünə, axınına və ətraf mənzərəsinə görə unikaldır. Qubanın cənubunda ölkənin ən məşhur şəlalələrindən biri – Afurca şəlaləsi yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur.

Su mərasimi, şahmat və rəsm həvəskarı Günel Qonağova, ağırlıqqaldırma üzrə Respublika çempionu Famil Mikayılov və kikboksinq üzrə Dünya Çempionatının gümüş medal mükafatçısı Fərid Həmzəyev tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirildi.  Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Quba Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə”-nin tanınmış simaları Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov da var idi. Eyni zamanda, ulduz səfirlərdən Hacı Nuran səfir kimi gördüyü işlər və gələcək planlar haqqında məlumat verdi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.

Mərasim axşam saatlarında Mərkəzi Meydanda keçirilən Su festivalı tədbiri ilə davam etdi.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, “Şərq inciləri” rəqs qrupu, Sevil Rəcəbova və İbrahim Qubalının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Quba sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən ağırlıqqaldırma üzrə Respublika çempionu Famil Mikayılov demişdir: “Biz, hamını paytaxt şəhərimizin ev sahibliyi edəcəyi möhtəşəm idman tədbirinə qatılmağa dəvət edirik. 190-dan artıq idman sessiyasını izləmək və milli komandalarımıza azarkeşlik etmək, onlara dəstək vermək kimi inanılmaz fürsəti qaçırmayın!”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 3 may tarixində Qaradağ rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.