Ağdaşın “Dilək”i fəaliyyətə başlayıb

0
586

Ağdaş rayonunda uşaq, yeniyetmə və gənclərin yüksək səviyyədə təhsil alması üçün “Dilək” Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin inzibati binasının açılış mərasimində təhsil ocağının direktoru Rəhman Cəfərli, rayon təhsil şöbəsinin müdiri Hürü Əliyeva, gənclər və idman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək Ağdaşda son illər uşaq, yeniyetmə və gənclərin biliyinin artırılması, yaxşı təhsil alaraq qəbul imtahanlarında yüksək balla ali məktəblərə qəbul olunması üçün hər cür şərait yaradıldığnı bildiriblər.

Rəhman Cəfərli qeyd edib ki, yeni açılan bu tədris mərkəzində məktəbəqədər hazırlıq, ibtidai və yuxarı sinif şagirdlərinin təhsil alması, eləcə də abituriyentlərin ali məktəblərə hazırlığı üçün kurslar təşkil edilir. Ağdaş və ətraf rayonların sakinləri üçün nəzərdə tutulan tədris mərkəzində Türkiyə və ABŞ-ın ali məktəblərinə hazırlıq məşğələləri, xarici dil kursları yüksək təcrübəsi olan müəllimlər tərəfindən həyata keçirilir. Mərkəzdə uşaq və gənclərə milli və əcnəbi rəqslər də öyrədilir. “Dilək” Tədris Mərkəzində Ağdaş rayon orta ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri üçün ayda bir dəfə sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 20 nəfər müəllimin çalışdığı bu təhsil müəssisəsində təşkil edilən 3, 6 və 12 aylıq hazırlıq kurslarında iştirak etmək üçün bugünədək 60-dan çox şagird müraciət edib. Yaxın günlərdə mərkəzin nəzdində uşaq bağçası da fəaliyyətə başlayacaq.

Esmira Hidayətova