“Döyüşlərdə Həzi Aslanovu da gördüm”

0
285

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı (onlardan 300.000 nəfəri döyüşlərdə həlak olub) cəbhəyə yollanıb, onların 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunub, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur”. Bu günlərdə “qızıl fondumuz”un bir nümayəndəsi – qələbə sevincini Berlində yaşamış Qüdrət Cəfərovla həmsöhbət olduq.

 

1920-ci ildə Yevlax rayonunun Tanrıqullar kəndində (Söhbət əsnasında o, doğulduğı kəndin babasının adını daşıdığını söylədi) anadan olmuş Qüdrət Cəfərov müharibədən əvvəl Gəncədə Tibb Texnikomunda təhsil alıb. Dediyinə görə, müharibənin başlananda o, Özbəkistanda hərbi xidmətdə olub: “Faşistlər Moskvaya yaxınlaşanda bizi Petropavlovskə göndərdilər. Burada divizya təşkil edirdilər. Mənim təyinatım həkim kimi verildi. Bir aydan sonra bizi Moskvaya, oradan da Leninqrada (Sankt-Peterbur) göndərdilər. Qatarla gedirdik. Hitlerçilər bizi həm göydən, həm də yerdən bombardman edirdilər. Elə bu səbəbdən yolumuzu piyada davam etdirməli olduq. Biz Leninqrada çatanda artıq bu şəhər mühasirədə idi. Avqust ayının 30-da döyüşlərə başladıq. Başqa bir diviziya ilə birlikdə Leninqradı azad etdik. Daha sonra üzü Pribaltikaya doğru getdik. Yeri gəlmişkən, onu da deyim ki, Estoniyanın Narva çayı ətrafında gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovu da gördüm. Uzun sözü qısası, orada gedən döyüşlərdə biz əsgərlərimizin çoxunu itirdik. Yaralananlarımızın da sayı çox oldu”.

Söhbətinin bu yerində Qüdrət kişi döyüşlərdə həlak olmuş əsgərlərimizi ruhuna bir rəhmət oxudu. Az sonra isə söhbətini beləcə davam etdirdi: “Polşanı, Macarıstanı, Çexoslovakiyanı, Yuqaslaviyanı, Bolqarıstanı azad edib Almaniyaya gedib çıxdıq. Onu da deyim ki, Berlinə bayrağımızı azərbaycanlılardan təşkil olunmuş Taqanroq divizyasının əsgərləri sancdı. Berlini aldıqdan sonra şəhərdən bir qədər uzaqda ingilislərlə qarşılaşdıq. Bu ingilislərin komandanı dedi ki, bəs siz geri çəkilməlisiniz. Amma bizim komandirlər onlarla razılaşmadılar. Dedilər ki, yoldaş Stalinin əmri olmasa, biz bir addım belə geri çəkilməyəcəyik. Nəticədə onlar bizim üzərimizə tanklar yeritdilər. Amma bizimkilər o tankları məhv etdilər”.

Bu sözlərdən sonra Qüdrət kişi dedi: “A bala, bu müharibədən o qədər danışmaq olar ki…Axı mən düz 5 il bu müharəbinin iştirakçsı olmuşam”.

…Müharibə başa çatandan sonra Qüdrət kişi öz doğma obasına qayıdıb. Hazırda isə Gəncə şəhərində Prezidentin müharibə veteranlarına bağışladığı mənzildə yaşayır. Bununla bağlı Qüdrət kişi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirdi və qeyd etdi ki, Prezidentimiz İlham Əliyev mənə həm avtomobil, həm də mənzil bağışlayıb: “Bu gün Prezident İlham Əliyevə minnətdarıq ki, ulu öndərin siyasətini uğurla davam etdirir. Biz hamımız Prezidentə gördüyü işlərdə dayaq olmalıyıq. Mən inanıram ki, bizim Prezidentimiz Qarabağ torpaqlarını da sülh yolu ilə qaytaracaq. Hər kəs vətənini sevməlidir. Biz faşist Almaniyası üzərində qələbə çaldıq. Öz qələbəmizi də Qarabağda qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirik”.

Esmira Hidayətova