“Təəssüf ki, “Koroğlu”nun neçə dəfə nümayiş olunması barədə rəsmi hesablama aparılmayıb”

0
334

Bu gün Üzeyir bəy Hacıbəylinin böyük və mürəkkəb yaradıcılıq yolunun yüksək kulminasiya nöqtəsi” (Qara Qarayev), operalarımızın tacı sayılan “Koroğlu” operasının ilk tamaşasının 80 ili tamam olur. Ötən illər ərzində dahi bəstəkarımızın bu ölməz sənət nümunəsi mütəmadi olaraq Azərbaycan Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutub, son dövrlərə qədər hər il bu sənət ocağı öz mövsümünü “Koroğlu” ilə açıb. “Koroğlu” həm öz xalqımız, həm də digər xalqlar, müxtəlif millətlər tərəfindən maraqla qarşılanıb, tamaşalar bir qayda olaraq, anşlaqla keçib. Bu opera necə ərsəyə gəlib? Bu və ya digər suallarla musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, dahi Azərbaycan bəstəkarı, dünya şöhrətli sənətkar Üzeyir Hacıbəylinin yorulmaz və cəfakeş tədqiqatçısı, tanınmış üzeyirbəyşünas Səadət xanım Qarabağlıya müraciət etdik.

– Səadət xanım, bu əsərin ərsəyə gəlməsi ilə bağlı nə deyə bilərsiniz?

– Təbii ki, xalq yaradıcılığına, folklorumuza dərindən bələd olan, onu qiymətləndirməyi bacaran Üzeyir bəy Hacıbəyli Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, İranda dastanlaşmış Koroğlu haqqında çox eşitmiş, çox oxumuşdu. Koroğlunun şücaəti ilə hər zaman qürur duymuşdu. Zənnimcə, elə bu səbəbdən o, bununla bağlı bir əsər yazmaq qərarına gəlmişdir. Özü də yazacağı əsər barədə uzun illər düşünmüşdür. Yeri gəlmişkən, onu da deyim ki, bu operanın yaranmasında bir hadisə də önəmli rol oynamışdır. Belə ki, 1919-cu ildə 34 yaşlı Üzeyir bəy Hacıbəyli ailəsi ilə bərabər Gürcüstanın Qacar yaylağında istirahət edərkən, orada Koroğlu qalasını görür. O, hər gün bu qalanın yanına gələr, onun əzəmətinə tamaşa edərdi. Növbəti dəfə bu qalanın yanında olarkən yaşlı bir aşığın “Koroğlu” dastanını əzbərdən söylədiyinin şahidi olur. Üzeyir bəy ona yaxınlaşır və diqqətlə qulaq asır. Aşığın oxuması Üzeyir bəyin çox xoşuna gəlir. Elə oradaca “Koroğlu” dastanını musiqi dili ilə də əbədiləşdirməyi qət edir.

– Amma bu görüşdən dərhal sonra o, “Koroğlu”nu yazmağa başlamır…

– Bəli, aradan 13 il keçəndən sonra altı opera, üç operetta və müxtəlif əsərlər müəllifi olan Üzeyir bəy Hacıbəyli “Koroğlu” operası üzərində işə başlayır və 1936-cı ildə isə beş pərdədən ibarət olan bu əsəri tamamlayır. Görünür, bu, dahi bəstəkarın yazacağı əsəri yüz ölçüb bir biçməsindən irəli gəlib.

– Səhv etmirəmsə, “Koroğlu” operasının librettosu Heydər İsmayılova, şerləri isə Məmməd Səid Ordubadiyə məxsusdur.

– Elədir. Amma Üzeyir bəy özü librettonun yazılmasında yaxından iştirak edib və mətndə, şerlərdə çoxlu kəm-kəsirləri aradan qaldırıb. Bu yerdə bir məqamı da vurğulamaq istərdim: Məmməd Səid Ordubadi öz xatirələrində yazırdı: “Bir gün Üzeyir bəy mənim yanıma gəldi. Nədənsə o, çox tərəddüdlü görünürdü. Nəhayət, o, öz qəlbini açıb dedi:

– Koroğlu dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz kimi qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mübarizə apardığını səhnədə görməlidir.

Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:

– Demək ki, biz bunu qərara alırıq! – dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub: – Bəli, qərarlaşdıq, – deyə cavab verdim”.

– Operada Azərbaycan musiqi folklorunun əsasında qurulduğu tam duyulur.

– Bu məsələyə dahi bəstəkar 1937-ci ildə “Koroğlu”nun musiqi dili haqqında yazdığı fikirlə aydınlıq gətirmək istərdim. O yazırdı: “Mən “Koroğlu” üzərində işlərkən qarşıma müasir musiqi mədəniyyəti nailiyyətindən istifadə edərək, formaca milli opera yaratmaq vəzifəsini qoymuşdum. “Koroğlu”da opera əsərinə məxsus bütün elementlər – ariyalar, duetlər, ansambllar, reçitativlər və s. vardır. Lakin bunların hamısı Azərbaycan musiqi folklorunun əsasında qurulmuşdur. Mən xalqdan hazır nəğmələr almamışam. Yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm. “Koroğlu”nu aşıqlar tərənnüm edib və edir. Ona görə də operada üstün gələn stil aşıq stilidir”. Üzeyir bəy Hacıbəylinin ən böyük nailiyyətlərindən biri də o idi ki, novator bəstəkar simfonik orkestrdə Qərb və Şərq musiqi alətlərinin sintezini yaratdı. O, “Koroğlu” operasının partiturasına milli musiqi alətlərindən – tar, kamança, zurna, balaban daxil etmişdir.

– Bir də, Səadət xanım, Koroğlunun səhnəyə gəlişi ilə bağlı fikirlərinizi də bölüşmənizi xahiş edirik.

– “Koroğlu” operası tamamlandıqdan sonra tamaşaya hazırlanması, səhnələşdirilməsi üçün ciddi işlərə başlanmışdır. Əsərin quruluşçu rejissoru İsmayıl Hidayətzadə, rəssamı Rüstəm Mustafayev, bədii rəhbəri Şəmsi Bədəlbəyli olmuşdur. İlk tamaşaya Üzeyir bəy dirijorluq etmişdir. Sonrakı tamaşaları isə Üzeyir bəyin də sənətinə yüksək dəyər verdiyi dirijor Əşrəf Həsənov idarə etmişdir. 600 nəfərin iştirakı ilə ərsəyə gəlmiş operada əsas rollarda Bülbül ( Koroğlu), Gülarə İsgəndərova – Bülbülün birinci həyat yoldaşı (Nigar), Əli Zülalov (Əhsən Paşa), Məmməd Tağı Bağırov (Həsən Paşa), Böyükağa Mustafayev (İbrahim Xan), Əjdər Sultanov (Alı kişi), Məhbubə Paşayeva (xanəndə qız), Qəmər Almaszadə (rəqqasə), Q. Hüseynov (Həmzə Bəy), Əlövsət Sadıqov (Eyvaz), Q. İsgəndərov (Təlxək) oynamışdılar. Onu da deyim ki, “Koroğlu” operasının ilk tamaşası misli görünməmiş uğur qazanmış, mətbuatda çoxlu resenziyalar, məqalələr dərc edilmiş, Üzeyir bəy Hacıbəylinin qeyri-adi sənətkarlığından bəhs olunmuş, əsərə və quruluşa yüksək qiymət verilmişdir. Məsələn, böyük şair və dramaturq Hüseyn Cavid operanın premyerasından sonra “Yeni yol” qəzetində yazmışdır: “Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə, bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır”. Görkəmli şairimiz Səməd Vurğun isə belə demişdir:” Koroğlu” operası musiqi və opera sənətimizin mükəmməl bir abidəsidir ki, nəsillər boyu yaşayacaqdır”.

– Bəs “Koroğlu”nun Moskva səfəri barədə nə deyə bilərsiniz?

– 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan İncəsənəti ongünlüyü bu şah əsərlə açılmışdır. “Koroğlu” operası Moskvada o qədər böyük müvəffəqiyyət qazanmışdır ki, onu Böyük Teatrın səhnəsində tamaşaya qoymaq haqqında qərar qəbul edilmişdir. Lakin Üzeyir bəy şəxsiyyətinə və onun ölməz yaradıcılığına hər zaman qısqanclıqla yanaşan qara qüvvələr, bu dəfə də özlərini “səfərbər” edib, “Koroğlu”nun Böyük Teatrın səhnəsində tamaşaya qoyulmasına mane oldular. Beləliklə də əsərin Moskva Böyük Teatrında səhnələşdirilməsi gerçəkləşməmiş qaldı. Bütün bunlara baxmayaraq, 15 mart 1941-ci ildə “Koroğlu” operası SSRİ-nin ən ali ödülünə – Stalin mükafatına layiq görülmüşdür. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Koroğlu”ya qədər əməkdar incəsənət xadimi fəxri adını daşıyan Üzeyir bəyə 1937-ci ildə Azərbaycan xalq artisti fəxri adı verilmişdir. 1938-ci il dekadasından sonra isə dahi bəstəkarımız bütün sovet bəstəkarları arasında birinci olaraq SSRİ xalq artisti adına layiq görülmüş, Lenin ordeni ilə təltif edilmiş, M-1 avtomobili ilə mükafatlandırılmışdır.

– Adətən, belə tamaşaların sayı ilə bağlı rəqəmlər də söylənilir. Bu mənada “Koroğlu” indiyədək neçə dəfə nümayiş etdirilib?

– Arxiv sənədlərinə görə, 30 aprel 1962-ci ildə “Koroğlu” operasının 500-cü tamaşası göstərilmişdir. Lakin sonradan bu operanın neçə dəfə ifa olunması ilə bağlı rəsmi hesablama aparılmamışdır.

Qvami Məhəbbətoğlu