“Uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq”

0
264
 Yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Bu il qəbul edilən üçüncü regional inkişaf proqramına toxunan prezident İlham Əliyev qeyd edib ki,  bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir: “2003-cü ildən bu günə qədər – bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılıb ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılıb, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, – bu da çox sevindirici bir haldır, – əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.

 illllDövlət başçısı bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiyanın hazırlanmasının vacib olduğunu qeyd edib: “Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaq. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcək. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcək. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülüb, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir. Ancaq biz məşğulluq məsələlərini indi daha da ciddi nəzərə almalıyıq”.

“Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq. Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır. Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur”, – deyə dövlət başçısı qeyd edib.

Sosial məsələlərin həllinin də keçən altı ay ərzində diqqət mərkəzində olduğunu bildirən ölkə başçısı orta əməkhaqqının artdığını, hazırda 440 manat və ya 560 dollar təşkil etdiyini vurğulayıb: “Əminəm ki, daha da artacaq. Sosial infrastruktur layihələri icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. Yəni, bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir.

Əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatların aparıldığını, şəffaflığın təmin edildiyini vurğulayan prezident İlham Əliyev bunun əhali tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib: “Əminəm ki, islahatlar daha da dərinləşəcək. İslahatlar şəffaflıq nöqteyi-nəzərindən daha da dərinləşməlidir. Dünyanın aparıcı ölkələrinin bu sahədə böyük təcrübəsi vard. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız var”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here