“Dəli Kür”ün Allahyarı

0
222

Yəqin ki, yazıçı İsmayıl Şıxlının “Dəli Kür” romanının motivləri əsasında Hüseyn Seyidzadənin lentə aldığı eyniadlı filmə baxmısınız. İnsanlarda azadlıq qürurunun formalaşmasından bəhs edən bu filmdə Məhəmməd Bürcəliyev Allahyar obrazındadır. O, mənfi xarakterli tipaj kimi təqdim olunsa da, əlindən alınmış xanımını geri qaytarmağa, ləkələnmiş namusunu təmizləməyə çalışan insan olduğuna görə, qınaq obyektinə çevrilmir. Allahyarın bütün bu sarsıntılarını Məhəmməd Bürcəliyev (yeri gəlmişkən, həmin rolu Sadıq Hüseynov səsləndirir) fərdi yaradıcılıq improvizələri ilə tamaşaçıya dəqiq çatdırır. Bu gün Xalq artisti Məhəmməd İsmayıl oğlu Bürcəliyevin (1914 – 25.11. 1994) anadan olmasından 103 il ötür. Şəki, Gəncə teatrlarında çalışmış bu sənətkar “Mən ki gözəl deyildim” (əsgər), “Gözlə məni” (Bəy), “Köhnə bərə” (İbrahim), “Qəm pəncərəsi” (Rəşid bəy), “O dünyadan salam” (Baxşəli) və s. filmlərdə də çəkilib. Bir məsələni də vurğulamaq yerinə düşərdi. Kinoşünasların verdikləri məlumata görə, Məhəmməd Bürcəliyevin kinoda yaratdığı sonuncu və öz səsi ilə səsləndirdiyi yeganə obraz “O dünyadan salam” filmindəki Hacı Baxşəli roludur.

Şəkidə doğulmuş Bakıda Karl Libknext adına fabrik-zavod məktəbində fəaliyyət göstərən dram dərnəyində görkəmli şairlər Mikayıl Müşfiq və Süleyman Rüstəmdən dərs almış Məhəmməd İsmayıl oğlu Bürcəliyevin bir aktyor kimi yetişməsində yazıçı-dramaturq Sabit Rəhmanın böyük rolu olub. Məhz Sabit Rəhman onu bir aktyor kimi Şəki Dövlət Dram Teatrına dəvət edib.1935-ci ildən ömrünün sonunadək isə Gəncə Dövlət Dram Teatrında əvvəlcə aktyor (Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən çox maraqlı obrazlar qaleriyası yaradıb), sonra isə direktor kimi çalışıb.

Bədii yaradıcılğa da önəm verən Məhəmməd Bürcəliyev həm də rejissor kimi fəaliyyət göstərib. O həm də Fikrət Əmirov ilə birgə Gəncə Dövlət Filarmoniyasını ərsəyə gətirib. Məhəmməd Bürcəliyevin həyat yoldaşı həmkarı, Xalq artisti Sədayə Mustafayeva (1926-2004) olub.

Allah rəhmət eləsin, ruhları şad olsun!

Qvami