“Bizdə vaxtında başlayan tamaşa görməmişəm”

0
369

Teatrşünas Vidadi Qafarov bu günlərdə Qazaxıstanda – Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunmuş “Teatr baharı” adlı festivaldan qayıdıb. Festivalla bağlı fikirlərini bölüşən Vidadi Qafarov deyib ki, Qazaxıstanda teatr sistemi bizdəki kimi sovetdənqalma sistemdir, orada da repertuar teatrı dominantdır. Bu gün ölkədə 52 dövlət teatrı, 10-dan çox müstəqil teatr fəaliyyət göstərir. Müstəqillik dövründə Qazaxıstanda 18 yeni teatr açılıb”. “Bu mənada Qazaxıstanda teatra dövlət qayğısı var”, – sözləri ilə söhbətini davam etdirən Vidadi müəllimin sözlərinə görə, bizdə dövlət teatrlarında çalışanların yalnız əməkhaqqı və dövlət sifarişli tamaşaların xərci büdcədən ödənilir: “Qazaxıstanda isə teatrın bütün xərclərini dövlət ödəyir. Və ən aşağı dərəcəli aktyor təxminən 320 dollar maaş alır. Teatra tamaşaçı marağı və sevgisi də böyükdür… Orada teatra tələbat var. Bunu statistika da təsdiqləyir. 2015-ci ildə Qazaxıstanda əhalinin sayı 17 milyon 417 min, teatr tamaşaçılarının sayı 2 milyon 249 min nəfər olub. Müqayisə üçün deyim ki, bizdə həmin ildə əhalinin sayı 9 milyon 593 min, tamaşaçı sayı 752 min nəfər olub. Biz əhali sayındakı fərqə görə öz göstəricimizi ikiyə vursaq belə milyon yarım tamaşaçıdan o yana keçmir. Orada teatrın təbliğinə, reklamına çox fikir verilir, vəsait ayrılır. M.Auezov adına teatrın qarşısında böyük bir elektron lövhə qurulub və burada tamaşalardan parçalar nümayiş olunur, tamaşalar anons edilir, bu vasitə ilə küçədən keçən insanlar teatrın repertuarındakı tamaşalarla tanış olur. Teatrın mətbuat və ictimaiyyətlə əlaqələr departamenti var ki, bu struktur bizdəki kimi təkcə mətbuat katibindən ibarət deyil, 5-6 nəfər peşəkar işçidən – video-operator, fotoqraf, bir necə jurnalist, redaktor və şöbə rəhbərindən ibarətdir. Və onlar teatrın mətbuatla, ictimaiyyətlə əlaqələrini qurur, reklam çarxları hazırlayır, teatrın təbliği ilə məşğul olur, eyni zamanda teatrın bütün yaradıcılığının vizual, sənədli tarixini yaradırlar. Mən gördüm ki, teatr orada saat mexanizmi kimi işləyir. Yəni bunu özüm müşahidə edirdim, bizə göstərmək üçün deyildi. Bunu festivalın yüksək təşkilatçılıq səviyyəsində də gördüm. Bizdə vaxtında başlayan tamaşa görməmişəm, hər hansı tamaşanın ən azı 5-10 dəqiqə gec başlanması bizdə adət halını alıb. Orada isə baxdığım heç bir tamaşanın başlanmasında gecikmə halı olmadı, hamısı dəqiq vaxtında başlayırdı”.

Xatırladaq ki, Almatıda M. Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrı tərəfindən təşkil olunan ənənəvi “Teatr baharı – 2017” festivalı keçirilib. Ölkəmizi bu festivalda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov təmsil edib. Festival çərçivəsində V. Qafarov ustad dərsləri keçməklə yanaşı, “Aktyor sənəti – postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə çıxış edib.

Qvami