İclasda problemlər də dinlənildi və müvafiq qərarlar qəbul edildi

0
394

“Mingəçevir şəhərində 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə  həsr edilmiş iclas keçirilib. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açıq elan edərək bildirib ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də abadlıq-quruculuq işləri böyük vüsətlə aparılır. Bu günkü tədbirin keçirilməsində əsas məqsəd görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələrin müəyyənləşdirməkdir.

Şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış edən  Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib ki, 2017-ci ilin birinci rübünün Mingəçevir üzrə təhlili göstərir ki, son illər aparılan geniş abadlıq və quruculuq işləri cari ilin ilk üç ayında da uğurla davam edib: “Bu ilin yanvar-mart aylarında şəhərin sənaye müəssisələrində 87,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 35,9 milyon manat və ya 69,2 faiz artım deməkdir. İstehsal olunmuş məhsulun 85,1 milyon manatlığı dövlət müəssisələrinin, 2,8 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür”.

Görülən və görüləcək işlərlə bağlı idarə müəssisə və təşkilat rəhbərlərini dinləyən icra başçısı deyib: “2017- ci ilin I rübündə şəhərdə görülən işlər, qarşıda duran vəzifələr barədə müzakirələr aparıldı. Eləcə də problemlər, həllini gözləyən məsələlərə də toxunuldu. Bütün bunlar öz yerində. Eyni zamanda ölkə prezidentinin yekun nitqində söylənilən sahibkarlığın inkişafı, süni qiymət artımı, büdcə xərclərinin icrası, torpaqlardan istifadə, infrastruktur layihələrinin icrası, əhalinin tibbi müayinədən keçmə layihəsi, məşğulluğun artırılması, xarici sərmayənin cəlb edilməsi kimi mühüm tapşırıqlar fəaliyyətimizin əsas xəttini təşkil etməlidir. Hesab edirəm ki, bu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvəmizi səfərbər etməliyik, ilin sonuna qədər onların icrasına nail olmalıyıq”.

Sonda icra başçısı zala müraciət edərək əlavə çıxış etmək istəyənlərə söz verib. “Mingəçevir işıqları”qəzetinin baş redaktoru Fərman Nəbiyev Mingəçevir sakinlərini daha çox maraqlandıran sualla müraciət edib. Bildirib ki, Mingəçevirdə insanlar işıq kartlarına işıq yükləmək üçün böyük vaxt itkisi sərf edirlər. Şəhərdə digər kommunal xərclər onlayn sistemlə həyata keçirilir. Bəs işıq kartları nə vaxt onlayn sisteminə keçiriləcək? Bu sualı Mərkəzi Aran RETSİ-nin rəisi Saleh Abdullayev cavablandıraraq bildib ki, hazırda bu istiqamətdə işlər görülür: “Hesab edirəm ki, yaxın iki ayda bu problem öz həllini tapacaq”.

Daha sonra Böyük Vətən Müharibəsi Veteranları Mingəçevir təşkilatının sədri Ələm Məmmədov qeyd edib ki, vaxitlə Mingəçevirdə 80 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var idi. İndi onlardan cəmi 8 nəfəri qalıb. Onların da hamsının yaşı 90-dan yuxarıdır. Xəstəxanada yeni tətbiq edilən icrabi tibbi sığortanın qayda-qanunlarına görə onlar həkimə müraciət etmək üçün xəstəxanada saatlarla növbədə durmalı olurlar. Bu da onların səhhətinə imkan vermir.

Bu məsələyə aydınlıq gətirən Mingəçevir Mərkəzi Xəstəxanasının Publik hüquqi şəxsin direktoru Könül Ələkbərova bildirib ki, biz bu gündən sizi öz evlərinizdə müayinədən keçirməyi qərara alırıq.

Onu da bildirək ki, tədbirdə Niyazi Bayramovun icra başçısı kimi 5 illik fəaliyyəti yüksək dəyərləndirilib.

Esmira Hidayətova, Mingəçevir.