“Facebook”a hədsiz aludəçilik adamı avaragor qoya bilər”

0
274

Təxmini rəqəmlərə görə, Azərbaycanda “Facebook”dan ən çox istifadə edənlər ölkənin böyük şəhərlərində yaşayanlardır. Belə ki, Bakıda 1 milyon 35 min nəfər, Sumqayıtda 110 min nəfər, Gəncədə 52 min “facebook” istifadəçisi var. Bütün sosial şəbəkələr içərisində ən çox istifadə edilən “Facebook”un xeyirli tərəfi olduğu kimi, zərərli tərəfləri də ola bilər.

Bir neçə gün öncə millət vəkili Araz Əlizadə “facebook” istifadəçilərini “avara” adlandırıb. Qələm adamlarından və jurnalistlərdən “Facebook”dan əyləncə, yoxsa inkişaf məqsədi ilə istifadə etdiklərini soruşduq.

Əsəd Cahangir (ədəbi tənqidçi): “Hərə özünə uyğun dost seçir. Dostluğumda olmayanların mənə nə aidiyyəti var ki…? Öz dostlarımdan razıyam. Razı olmadıqlarımı da bir-bir blok edirəm. Hardasa 100 nəfəri blok etmişəm. Xüsusən də saxta profil altında yava sözlər yazanları. “Facebook” bu gün çox aktualdır. Hər şey kimi “Facebook”un da, iki tərəfi var – xeyir və şər. Məsələn, onun gündəlik ünsiyyətdə əhəmiyyəti misilsizdir. Qlobal sosial-informativ layihədir. Bu onun xeyirli tərəfidir. Amma “Facebook”u yaradan qüvvələr bununla insanların diqqətini gerçək aləmdən ayırmaq, virtual aləmə yönəltmək məqsədi güdürlər. O bir növ narkotika kimidir. Bir fərqi var. Narkoman ancaq öz virtual dünyasına girir, “Facebook” isə həm də başqalarının virtual dünyasına. Beləliklə, “Facebook” milyardlarla adamın bir yerdə narkotika qəbul etməsinə bənzəyir. Bu isə onun şər tərəfidir. Bütün bunlarla yanaşı, onu həyatımızdan silib atmaq mümkün deyil. Proses geridönməzdir. Müəyyən məhdudiyyətlər qoymaq olar. Tutaq ki, əxlaqsız paylaşımlara, təhqiramiz status və rəylərə görə cəzalar tətbiq olunmalıdır. Bunlar olmadığından indiyə qədər çox kriminal olaylar baş verib, çox ailələr dağılıb, qətllər baş verib”.

İradə İsak (jurnalist, aparıcı): “Heç biri – nə inkişaf, nə əyləncə məqsədi üçün istifadə etmirəm. Sadəcə, mənim üçün ünsiyyət və informasiya məqsədi daşıyır”.

İlham Tumas (jurnalist, aparıcı): “Facebook”da olanların hamısını avara hesab eləmirəm, ancaq təbii ki, bütün yerlərdə olduğu kimi burda da avaralar da var”.

Mübariz Örən (yazar): “Facebook” həyatımızın ayrılmaz bir hisssəsinə çevrilib. Kim həyatda necədirsə, “facebook”da da elədir. Avarası var, ciddi işlərlə məşğul olanı var. Hamını bir sıraya düzmək doğru deyil. Bir şey də var ki, hər yerdə olduğu kimi, “Facebook”a hədsiz aludəçilik adamı avaragor qoya bilər. Avaragor hələ avara deyil”.

Məmməd Gülməmmədov (jurnalist): “Sosial şəbəkələrdə insanların çox vaxt keçirməsi heç kimə sirr deyil. Burada keçirilən vaxtı daha səmərəli şəkildə istifadə etmək olar. Lakin, buna görə kimisə avara adlandırmaq da düzgün deyil. Mən düşünürəm ki, hörmətli deputatımız müsahibə verərkən “əsasən” sözünü deməyi unudub. Bu hamının başına gələ bilər. Buna görə onu “daş-qalaq” etməyin də tərəfdarı deyiləm. Düşünürəm ki, reaksiya müsahibin sözlərindən daha aqressivdir. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bir çox insanın işi məhz sosial şəbəkələrdən asılıdır. SMM adlandırılan yeni sahə yaranıb və bu sahənin mütəxəssisləri xüsusi kreativlikləri ilə seçilirlər. Onlara avara demək olarmı? Ancaq deputatın həmin sözünün önünə “əsasən” əlavə etsək, mən də bu fikrə qatılardım”.

Ayaz Mirzəyev (jurnalist): “Facebook” ilk növbədə online mediada çalışan şəxslər üçün əvəzolunmaz bir vasitədir. İndi hər hansı online media orqanını “Facebook” olmadan inkişaf etdiyini düşünmək mümkünsüzdür. Demək olar ki, hər bir media orqanının özünün rəsmi səhifəsi var. Onlar öz oxucuları ilə daha rahat məhz belə əlaqə saxlayırlar. Oxunuş sayı bir çox halda məhz “Facebook” üzərindən paylaşımlardan asılıdır. Ümumilikdə desək, elə bir media nümayəndəsi tapmaq çətindir ki, gün ərzində ən azı bir dəfə “Facebook” hesabına daxil olmasın. Onda belə çıxır ki, bu işlə məşğul olanlar “avara”dır. Məncə, bu qeyri-ciddi açıqlamadır. Sosial şəbəkə indi bir çox peşələr üçün həm də əvəzolunmaz iş yerinə çevrilib. Bu səbəbdən açıqlamanı uğursuz sayıram”.

Ruzbeh Məmməd