“Bir Ana = 100 müəllim”

0
191

Çox zaman zəif, zərif məxluq hesab etdiyimiz qadın, ana əslində çox güclü, qüdrətlidir. Peyğəmbər Əfəndimiz (s.a.s.) belə bu gücü, qüdrəti “Cənnət anaların ayaqları altındadır” həqiqəti ilə təsdiqləyib.

Ana təkcə dünyaya övlad gətirən bir varlıq deyil, həm də dünyanı dəyişdirə bilən qüvvə sahibidir. Bu möhtəşəmliyə işə o, dünyaya gətirdiyi, boya-başa çatdırdığı övladı sayəsində nail olur. Tarix boyunca dünyanı bu və ya digər formada dəyişdirən, onun inkişafını istiqamətləndirən ana və onun ən qüdrətli silahı – tərbiyəsi olmuşdur. Ən iti dağ çayının suyunun səmtini dəyişən gözəgörünməz küləklər kimi, ana da böyütdüyü övladın gələcək həyat yolunun müəyyənləşməsində müstəsna rol oynayır.

Ən qüdrətli cahangirləri də, ən böyük alimləri də ana böyüdüb, tərbiyələndirmişdir.

Biz “tərbiyə hər şey deyil, lakin çox şeydir” pedaqoji həqitətinə qarşı çıxmaq fikirində deyilik. Sadəcə, ananın uşaq tərbiyəsində aparıcı qüvvə olduğuna bir daha nəzər salmaq istərdik. Amerikanın birinci presidenti Corc Vaşinqton (1732-1799) yazırdı: “Mənim anam ömrümdə gördüyüm ən gözəl qadın idi. Hər şeyə görə anama borcluyam. Həyatda qazandığım bütün uğurlarımı ondan aldığım əxlaqi, intellektual və fiziki tərbiyənin nəticəsi hesab edirəm”.

Amerikanın bu gün də ən çox sevilən, on altıncı prezidenti Abraham Linkoln da (1809-1865) doqquz yaşında itirdiyi anası haqqında təxminən eyni fikirləri söyləmişdir: “Nəyəmsə və nə ola biləcəyimə görə də mələk anama borcluyam. Anamın dualarını xatırlayıram, onlar həmişə mənimlə olub. Ömrüm boyunca onlar mənə sarılıblar”.

Allah anaya elə bir fitrət bəxş etmişdir ki, övladı dünyaya gələn kimi onun bütün ağrı-acısını duyur, yalnız ona məxsus nəfəs və nəvazişlə uşağını ovudur. Anasından ən uzaq məsafədə yaşayan övlad belə ana üçün ürəyi qədər yaxındır. Gözləri ilə görməsə də, ruhu ilə onu izləyir, hər halından hali olur. Oxuduğum bir yazıda atasından inciyib Alyaskanın əlçatmaz guşələrində yaşamaq fikrinə düşən və təbiətin sərt qanunlarına dözməyib son anlarını yaşayan oğul çəkdiyi əzabları ilə anasının yuxusuna girib kömək istəyir. Bu yuxu həqiqət olur və köməksiz oğul dünyasını dəyişir.

Anaya bəxş olunmuş ayrı bir xoşbəxtlik də övlad dünyaya gələndən sonra birinci ananı duymaq, onu tanımaq, anlamaq hissiyatının olmasıdır.

Uşaqların tərbiyəsində ailənin bir vahid kimi – ata, ananın yekdilliyi şəraitində rolu danılmazdır. Lakin ana anadır. Uşaq dünyasının formalşmasında ananın yeri bir başqadır. Əslində atanın övladlara təsirini gücləndirən, onu düzləndirən də anadır. Axı, uşaq ailə kimi bir yuvada boy atır. Bu yuvanın odu-ocağı, dadı-duzu, hörməti-bərəkəti ana adlı müqəddəs bir varlığa bağlıdır. Ana təkcə bu yuvanın təmizliyi, sil-süpürü ilə deyil, onun mənəvi saflığı, zənginliyi üçün də çalışır.

Arı ailəsinin şahı ana arı olduğu kimi, ailədə də hər işi yoluna qoyan, övladlarına ən incə, zərgər dəqiqliyi ilə məhəbbət bəsləyən, hamının gələcəyi üçün eyni dərəcədə narahat olan anadır. Sınaqdan çıxmış belə bir deyim var: “Kişi bina tikir, qadın isə onu ev edir”.

Qonşuluqdakı ailələrin birində çoxuşaqlı bir ana vardı. Adi bir sənət sahibi olan zəhmətkeş həyat yoldaşı ilə birlikdə neçə oğul, qız böyütmüş, onları ev-eşik sahibi eləmişdi. Ətraf bu ailənin mehribançılığına, zəhmətsevərliyinə həsəd aparırdı. Qızlar köçür, oğullar da növbə ilə evlənir, ailə getdikcə böyüyürdü. Ananın məsləhəti ilə əl-ələ verib oğulların hər biri üçün ayrıca ev tikdilər. İllər keçdi. O gözəl ana dünyasını dəyişdi. Qardaşlar arasındakı mehribançılıq da sarsılıb getdi.

***

Analar həm də uşaqların ilk müəllimləridir. Uşaqlar onlardan təkcə elmi bilikləri deyil, həm də həyat dərsi alırlar. XIX əsr ictimai reformaçısı və qadınların səsvermə hüququnun müdafiəçilərindən olan Henri Vard Biçer (Henry Ward Beecher) demişdir: “Ananın ürəyi uşağın sinif otağıdır”.

Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, ailə tərbiyəsi mükəmməl olan şagird məktəbdə təhsil aldığı illər ərzində heç bir problemlə üzləşmir, müəllimləri öz valideynləri, sinif və məktəb yoldaşlarını da ailə üzvləri kimi qəbul edərək təlim-tərbiyəsini uğurla başa vurur, həyatda layiqli yer tuta bilir. Mənəvi zənginliyi çox zaman libasından bəlli olmayan insanlar kimi, milli mənəvi dəyərlərimizin mahiyyəti də adi deyimlərdə yaşamaq hüququ qazanmışdır. “Ot kökü üstündə bitər”, “Arşınına bax, bezini al, anasına bax qızını” kimi mənası dərin atalar sözləri bütün dövrlərin vətəndaşıdır.

Becərdiyimiz ağacın bar verməsini həsrətlə gözləyir, ona qulluq etməkdən zövq alırıq. Üstəlik, bar-bəhərinə ziyan verə biləcək qol-budağını da budayırıq. Ağac da durmadan boy atır, gözəlləşir. Ailələrimizdə böyüyən uşaqların tərbiyəsini də özbaşına buraxa bilmərik. Onların məktəbə, müəllimə, qohum-əqrabaya, qonum-qonşuya, böyüklərə, kiçiklərə, ətraf mühitə və. s. münasibətlərinə müntəzəm olaraq nəzarət etməli, gənc nəsli əsl vətəndaşlar, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər kimi yetişdirməyi bir nömrəli borcumuz bilməliyik. Heç kəs naşı sürücünün maşınına sərnişin olmaq istəməz. Gələcəyimizin sükanını kamil insanlara etbar edib rahat yaşamaq nə qədər gözəldir. Elə deyilmi?

Yazının başlığını da Uels mənşəli İngilis şairi Corc Herbertin (1593 -1633) yüz illər əvvəl dediyi, lakin hələ də müasir səslənən “Bir yaxşı ana yüz müəllimə bərabərdir” deyimindən götürdüm. Uşaq həm də “ailənin güzgüsüdür”. Bu güzgünün qırılması bir yana, üzərinə bir ləkə belə düşməsinə imkan verməyək. Bu, həm bugünümüz, həm də gələcəyimizin xoşbəxtliyi deməkdir.

Rahib Alpanlı